Qidalanmada miqdarın təsiri - FOTO
Təbiətdə yağışın yağmasını, küləyin əsməsini pis hadisə baş vermişdir kimi dəyərləndirə bilmərik. Bütün təbiət hadisələrinin yetərli miqdarı balansı qoruduğu halda, həddindən çox miqdarı təbii fəlakətə səbəb olur. Hətta günəşin yetərli miqdarı insan sağlamlığı üçün faydalı olsa belə, artıq miqdarda qəbul edilmiş günəş şüaları dəriyə zərər yetirir. Aydın şəkildə görünür ki, təbiətə və bədənimizə fayda və ya zərər verən baş vermiş hadisənin növü deyil miqdarıdır. Eynilə artıq çəki problemlərinə də səbəb olan qidanın çeşidi deyil, qidalanma və hərəkətin miqdarıdır. İnsan sabit varlıq olmadığı üçün onun qidalanması da standart olmamalıdır. Qidalanma vərdişlərimiz sabitdir, lakin hərəkət etmə yəni, enerji sərf etmə vərdişlərimiz sabit deyildir. Artıq çəkiyə səbəb olan problemlər də məhz buradan başlayır. Bədənin qidalanma üçün həqiqətən ehtiyac duyduğu enerji miqdarı hərəkətin günlük miqdarı ilə müəyyən edilməlidir. Hər bir şəxsdə isə hərəkət etmə ehtiyacı hər gün müxtəlif olur. Əgər uşaq, gənc və yaşlı şəxslər eyni miqdarda qidalanarsa problemlər meydana gəlməzmi? Və ya 190 sm boy və 110 kq çəkiyə sahib olan əzələli bir kişi ilə 160 sm boy və 50 kq çəkiyə sahib olan bir qadının qidalanması eyni olmalıdırmı? Bəs o zaman qidalanma miqdarı necə təyin edilməlidir? Ən önəmli qayda qidalanmağa bəsit düşüncələrlə yanaşmaqdır. Qidalanmanı çəki dəyişikliyi ilə əlaqələndirmək doğru deyil. Qidalanma haqqında məhdudiyyət və qadağalar olduğu halda daima çəki problemləri meydana gələcək. Yemək haqqında nə qədər bəsit düşünməyə başlasaq və diqqətimizi qadağalardan yayındırsaq qidalanma obsessiyalarımız da bitəcək. Qeyd etmək lazımdır ki, artıq çəki almaq prosesi həftələrlə, aylarla davam edir. Bir günlük hərəkətsizlik və ya qidalanma pozuntusu artıq çəkinin yaranmasına səbəb olmaz. Eynilə artıq çəkidən qurtulmaq da bir gündə baş vermir. Bədənə geyimlərlə nəzarət edilməlidir. Geyimlər dar olmağa başlayırsa, elə həmin gün hərəkətin miqdarı artırılmalıdır. Bununla da problem bir neçə gün ərzində bitəcək. Lakin həmin anda hərəkətə keçilməzsə zaman içərisində problem böyüyər və daha ağır fəsadlara səbəb ola bilər. Aparılan araşdırmalar sübut etmişdir ki, insanlar emosional aclığı da qidalanaraq dəf edir. Lakin emosional aclığımızı qidalarla dəf etməyə başladığımız halda bir müddət sonra qidalanma miqdarımız yetərsiz olacaq. Buna görə də insanlar daima əlavə qidalanma ilə emosional aclığın öhdəsindən gəlməyə çalışır. Emosional çətinliyin öhdəsindən gəlmək üçün buna səbəb olan faktoru aradan qaldırmaq lazımdır. İfrat miqdarda qidalanmanı yetərli miqdara endirmək üçün duyğularımızı idarə etməliyik. Yuxarıda qeyd edildiyi kimi qidalanmada zərər və faydaya qidalanmanın növü deyil miqdarı səbəb olur. Doğru miqdarı bədənə öyrətmək üçün qida haqqındakı inancları dəyişdirməli, duyğuların ehtiyaclarını onları yaşayaraq ödəməliyik. Qidalanma ehtiyaclarını isə bədəndən gələn mesajlarla dəyərləndirmək lazımdır. Şəffaflıq.az
Facebook-da paylaş