PROFESSORDAN “TACLI KABUS”A FƏRQLİ BAXIŞ - "İnsanın gələcək taleyi iki fərqli ssenari üzrə reallaşa bilər..."

 

Fuad VƏLİYEV

Bakı Ali Neft Məktəbinin professoru

“Ey İnsan! Sənə yetişən hər yaxşılıq Allahdandır,

sənə üz verən hər bir pislik isə özündəndir”.

(“Qurani-Kərim”, “Nisa” surəsi., 79)

Stratq.az-ın dərc etdiyi maraqlı bir məqaləni olduğu kimi paylaşırıq.

Bu dünyada təsadüf deyilən bir şey yoxdur – təsadüf sandığımız hər bir hadisə, əslində, dərk etmədiyimiz, anlamadığımız bir zərurətdir. Hər xəbərdən qabaq bir xəbərdarlıq gəlir. Yetər ki, onu görüb, eşidib, anlayıb vaxtında nəticə çıxara biləsən.

İndi dünyanı kabus dolaşmaqdadır – “Taclı kabus”. İnsana daha bir xəbərdarlıq, bəşər tarixinin yeni mərhələsinin anonsu…

İnsan və Kabus

Əsrimizin 20-ci ili… Artıq bu gün biz yeni bir zamanda, fərqli bir dünyada yaşayırıq. Artıq heç nə – həyat tərzimiz, davranışımız, iqtisadi-sosial imkanlarımız, dünyaya baxışlarımız, maddi-mənəvi dəyərlərimiz əvvəlki kimi olmayacaq.

Öz qüdrətli elmi, texnologiyaları, sonsuz idrak imkanları ilə öyünən, qürrələnən, özünü təbiətin ağası sayan insan daha yoxdur. Təbiət qüvvələri qarşısında, Allahın iradəsi qarşısında aciz, zavallı, şaşqın hala düşmüş bir varlıq var. Hətta nanoölçülü, gözəgörünməz bir mikrob qarşısında da zəif və çarəsiz bir varlıq…

Dünən gələcək haqqında möhtəşəm planlar quran, nəfsinə qul olaraq sonsuz, hüdudsuz arzularla, bitib-tükənməyən istəklərlə yaşayan bu varlıq indi qorxu və təlaş içində öz evinə qapanıb. Müharibələr, savaşlar səngimiş, kütləvi tədbirlər, səyahətlər dayandırılmış, sənaye-nəqliyyat tullantıları azalmış… və insanın zorakılığından azacıq qurtulmuş təbiət bir qədər rahat nəfəs almağa başlamışdır.

Deyirlər ki, son aylarda Venesiya kanallarının üfunətli, çirkab suları durulmuş, hətta balıqlar da görünməyə başlamışdır. Demək, təbiət, hələ ki, özünü bərpa edə bilər – İnsan imkan verərsə…

İnqilablar və Entropiya qanunu

İnsan – “yaranmışların əşrəfi”, bir bioloji-fiziki faktor olaraq, təbiətlə harmonik bir münasibətdə minilliklər ərzində dinc-yanaşı mövcud olmuş, təbiətin nemətlərindən, ona ciddi ziyan vurmadan, halallıqla bəhrələnmişdir. Lakin bu xoşməramlı münasibət XIX əsrdən başlayaraq pozulmağa başladı. Səbəbsə istilik maşınlarının icad edilməsi və tətbiq edilməsi ilə başlanan Sənaye İnqilabı oldu.

Daha sonralar, XX əsrdə silsilə elmi- texnoloji inqilablar baş verdi. Bu inqilablar insanı ağır əmək tələb edən işlərdən azad etdi, istehsalatda və nəqliyyatda böyük kəmiyyət və keyfiyyət sıçrayışına səbəb oldu, məişətdə, gündəlik həyatda yüksək komfort standartlarını təmin etdi. İnsan tamam başqa bir tərtibdə möhtəşəm gücə sahib oldu.

Lakin hər bir inqilab yaradıcı, proqressiv olmaqla yanaşı, eyni zamanda böyük qurbanlar tələb edir, dağıdıcı, destruktiv yeniləşmə ilə müşayət olunur. İnsan, təbiətin təməl qanunlarına əsasən, elmi-texniki nailiyyətlərin ağır bədəlini ödəmək məcburiyyətindədir.

Məlumdur ki, hər hansı sistemdə nizamsızlıq ölçüsü olaraq entropiya anlayışından istifadə olunur. Təbiətin fundamental paradiqması olan Entropiya qanununa əsasən, bütün təbii proseslərin axarı entropiyanın artması istiqamətində, nizamdan nizamsızlığa, xaosa doğrudur.

Termodinamikanın II qanunu təbiətdəki proseslərdə təzahür edən fundamental assimetriyanın ifadəsidir:

Mexaniki enerji tam şəkildə istilik enerjisinə çevrilə bilər, lakin əks proses yalnız qismən baş verə bilər – istilik təkrar olunan prosesdə istilik enerjisinin yalnız müəyyən hissəsinin mexaniki enerjiyə çevrilməsi mümkündür.

Əgər biz istilik enerjisindən mexaniki enerji əldə etmək istəyiriksə, onda bu halda müəyyən “vergi” verilməlidir. Bu “vergi”, istifadəsi artıq mümkün olmayan, çirkli, zəhərli enerji şəklində ətraf mühitə atılır.

Sənaye inqilabı və elmi-texnoloji sıçrayış nəticəsində qlobal entropiyanın artması prosesi təhlükəli dərəcədə kəskin xarakter aldı.

Dissonans

Bəşər elmi böyük nailiyyətlər qazandı, misli görünməmiş elmi-texnoloji nəticələr əldə edildi. Bu nailiyyətlər insan övladını xoşbəxt edə bilərdi… Fəqət, əfsuslar olsun ki, elmi nailiyyətlər daha çox hərbə, təbiətin məhvinə, şeytani əməllərə xidmət etmiş oldu.

İnsanın elmi artmaqdadır, lakin onun mənəviyyatı elmilə mütənasib artmır. İnsan möhtəşəm enerji mənbələrinə sahib oldu, fəqət bu mənbələri doğru-dürüst idarə və istifadə edə biləcək əxlaqa sahib ola bilmədi. Faciəvi bir dissonans yarandı – İnsan mənəvi cəhətdən hələ kifayət qədər yetkin adam olmamış alim oldu…

“Domokl qılıncı”

Ağıldan bəlaya düçar olmuş insan öz elmilə özünə qlobal problemlər yaratdı. Atom- nüvə müharibəsi təhlükəsi – keçən əsrdən etibarən, insanın başı üstündə “Domokl qılıncı” təki asılmışdır. Lakin digər problemlər – gen mühəndisliyinin fəsadları və ekoloji fəlakət hazırda bütövlükdə bəşəriyyətin varlığını təhdid edən daha böyük təhlükələrdir.
Elmi inkişafın indiki səviyyəsi elədir ki, hər hansı yeni elmi nailiyyət (fiziki, bioloji, kimyəvi) hərbi-siyasi məqsədlər üçün kütləvi qırğın silahlarının daha dağıdıcı növlərinin yaradılması, insan şüurunda kənardan manipulyasiyalar etmək, ayrı-ayrı fərdləri və ümumilikdə, cəmiyyətin zombiləşdirilməsi kimi şeytani məqsədlərə xidmət edə bilər.

Pyer Kyurininin Nobel çıxışından (1903) – “… biz özümüzə indi sual verə bilərik, bəşəriyyət təbiətin qanunlarını aşkar etməklə bir şey qazanırmı? Bəşəriyyət bu qanunlardan istifadə etmək üçün kifayət qədər yetişmişmi, bu biliklər ona ziyan gətirməyəcəkmi?”.

“Təbiətin ağası”

Son əsrdə insanın elmi-texniki, texnoloji imkanları elə bir həddə çatdı ki, artıq o,ekosistemin dominant faktoruna çevrilərək, biosferin, bütövlükdə Planetin fundamental xüsusiyyətlərini dəyişdirə biləcək qədər qüdrətə sahib oldu.

İnsan artıq təbiətin bir parçası yox, təbiətin ağası olmaq iddiasına düşdü və min illərlə sabit, dəyişməz qalmış təbiət görünməmiş amansız istismara məruz qalaraq, kəmiyyət və keyfiyyətcə kəskin dəyişikliklərə məruz qaldı. Məyusedici faktdır ki, yalnız son uki insan nəslinin yaşam dövründə vəhşi təbiətin, demək olar ki, yarısı məhv edildi. [Global Footprint Network].

Plastik Ada

Milyardlarla ton çirkli, zəhərli, toksik emissiyalar, davamlı olaraq, hər saat, hər gün ətraf mühiti zəhərləyir – çaylara, dənizlərə axıdılır, atmosferə buraxılır, torpağa atılır, Yer biosferindəki çox kövrək enerji-maddə balansı pozulur və son olaraq, planetimizdə həyatın varlığına yaranan təhlükə gündən-günə artır. Hər il atmosferə 40 milyard ton karbon qazı buraxılır və nəticə etibarilə, Yer kürəsinin orta temperaturu nəzərə çarpacaq dərəcədə artmaqdadır.

Milyon illər boyunca planetin ağ ciyərləri sayılan rütubətli tropik meşələr dayanıqlı tarazılıq halında mövcud idi. İndi bu meşələr dəqiqədə 20 hektar sürətlə məhv edilir. Sakit okeanda, zaman-zaman Amerika və Asiya arasında dreyf edən nəhəng boz ləkə görünməkdədir. Bu ləkə, təxminən, 15 milyon kvadrat kilometr bir sahədə formalaşmış milyonlarla ton, əsasən, plastik tullantılardan ibarət Böyük Sakit Okean Zibilxana Adasıdır (Great Pacific Garbage Patch). Bu ada son əlli il ərzində insanın təbiətə qarşı sayqısızlığının, təcavüzünün ifadəsi sayıla biləcək bir ittihamnamədir.

“Pirr qələbəsi”

İnsan təbiətə qarşı bir işğalçı kimi davranır, zorakılıq siyasəti yürüdür və heç şübhəsiz, bunun ağır bədəlini ödəməyə məhkumdur – təbii kataklizmlərlə, quraqlığın, torpaq erroziyasının, səhralaşmanın artması, ekstremal iqlim dəyişikliyinin baş verməsi, buzlaqların əriməsinin intensivləşməsi, təbii qida məhsullarının tükənməsi, içməli su qıtlığı və yeni-yeni xəstəliklərlə…

İnsan öz elmi ilə qürrələnərək, dünyadakı ilahi tarazılığı, təbiətdəki ali ahəngi pozdu, genetik əməliyyatlarla yeni-yeni bitki, heyvan, bakteriya növləri yaratdı, klonlaşdırma həyata keçirdi, həyatı bir anda məhv edə biləcək atom-nüvə bombaları, kimyəvi, bioloji silahlar icad etdi və Yer kürəsini möhtəşəm zibilxanaya çevirdi.

Təbiətin ilahi düzəni pozulmaqdadır. Okeanın, torpağın, atmosferin hədsiz çirklənməsi, zəhərlənməsi və nəticədə, qlobal istiləşmə, ozon yarıqları, yeni-yeni çeşidli xəstəliklər – bunlar yaxınlaşmaqda olan ekoloji kollapsın əlamətləridir. İnsan təbiət üzərində böyük “qələbələr” qazandı. Lakin təbiət üzərində qələbə, əslində, bir “Pirr qələbəsidir“ – onun bədəli çox ağırdır!

Geni dəyişdirilmiş alma

Atom-nüvə fizikası, biologiya, kimya sahəsində əldə edilmiş inqilabi elmi nailiyyətlər təbiətin bir çox sirrli qapılarını açdı, baxmayaraq ki, bu qapıların bəzilərinin üzərində“Daxil olmaq təhlükəlidir!” xəbərdarlığı yazılmışdı. Bir sıra elmi istiqamətlər, o cümlədən gen mühəndisliyi, klonlaşdırma, müəyyən bioloji-tibbi problemlərin həlli üçün prinsipcə yeni imkanlar yaratsa da, bütövlükdə, insanın gələcəyi üçün çox təhlükəli, nəticə etibarilə şərə xidmət edəcək əməliyyatlara çevrildi.

Gen mühəndisliyi üzrə alınmış nəticələr artıq elə bir həddə catmışdır ki, sanki ağıldan bəlaya düçar olmuş İnsan qorxunc bir uçurumun kənarındadır və hər hansı ehtiyatsız hərəkət, yalnış qərar və ya manyak xislətli alimin, şeytani güc mərkəzlərinin məqsədyönlü aksiyası onu bu uçuruma yuvarlada bilər.

Gen mühəndisliyi üzrə əldə edilmiş elmi uğurlar bir tərəfdən müəyyən tibbi-bioloji nailiyyətlər üçün böyük imkanlar yaratsa da, digər tərəfdən, süni mutantların kütləvi şəkildə yaranması, mutant genlərin hər-hansı səbəbdən nəzarətdən çıxması insanlığın əsas genetik kodunun fəsadlı struktur dəyişilməsinə və son olaraq, bütövlükdə insan genofondunun dağılması kimi bioloji fəlakətə, insanlığın bütövlükdə məhvinə səbəb ola bilər.

Əlbəttə, gen mühəndisliyini qadağan etmək çıxış yolu deyil. Əslində, bu, heç mümkün də deyil. Elmi tərəqqinin qarşısını kəsmək, onu müəyyən qadağalar çərçivəsinə salmağa heç zaman, heç kəs müyəssər olmamışdır. Nəticə etibarilə, çıxış yolu yalnız və yalnız elmi axtarışların bütövlükdə və xüsusi halda, gen mühəndisliyi üzrə tədqiqatların mənəvi imperativlər çərçivəsində aparılmasındadır.

Lakin bu məsələdə illüziyaya qapılmağa dəyməz. Təəsüf ki, bu gün bəşəriyyətin, elmə mənəvi nəzarəti təmin edəcək, ümumi əxlaqi kodeksi, hüquqi-etik idarə və təsir mexanizmi mövcud deyil.

“Molekulyar biologiyanın bugünki inkişaf tempi məni həm heyran edir, həm də qorxudur”. Bu sözlər DNTmolekulunun quruluşunu kəşf etmiş, Nobel mükafatı laureatıC.Uotsona (James Dewey Watson) məxsusdur. Təbiətin ilahi düzəninə insanın öz, prinsipcə məhdud elmi ilə müdaxilə etməsi, ilkin olaraq, pozitiv, arzuolunan nəticələr verə bilər. Lakin təbiət hər bir belə süni, ilahi dizaynı, qanunauyğunluqları korrektə etmək, dəyişdirmək, “modernləşdirmək” cəhdlərinə sonsuz sayda reaksiyalar verir. Birinci reaksiya dalğası müsbət olduğu halda, ikinci dalğa insan üçün zərərli, sonrakı dalğalar isə fəlakətli ola bilər.

Kənd təsərrüfatı bitkilərinin genlərinə müxtəlif heyvanların genlərini yeritməklə alınan nəticələr ilk nəzərdə müsbətdir – bitkilər tez böyüyür, ziyanvericilərə qarşı dayanıqlı olur, məhsuldarlıq artır və ümumiyyətlə, bəşəriyyətin ərzaq qıtlığı probleminin çözülməsinə kömək edir. Lakin heç kəs deyə bilməz ki, geninə əqrəb geni yeridilmiş almanı yeyən insanın özünün və nəslinin fiziki, fizioloji, bioloji, psixiki aqibəti necə olacaq…

Elektromaqnit Toru

Yer kürəsi bir neçə nəsil mobil internet sistemlərinin elektromaqnit torunda şüalanmaqdadır. İndi bütün dünya 5G beşinci nəsil mobil rabitə sisteminə keçmək üzrədir. Daha böyük sürətlə, daha intensiv informasiya ötürmə imkanlarına malik, məişətdən hərbə qədər, bir çox sahələrdə tədbiq oluna biləcək, elmi-texniki cəhətdən mükəmməl rabitə və total kontrol-nəzarət sistemi…

2018-ci ildə Amerikanın “Verizon Communications” şirkəti 5G standartında mobil şəbəkəni işə qoşdu və artıq dünya üzrə bu sistemin ötürücü antenlərinin çox sıx şəbəkəsi inşa edilməkdədir. Yer orbitinə bu şəbəkəyə xidmət edəcək minlərlə peykin buraxılması nəzərdə tutulur.

Lakin millimetrik diapozonda yüksək tezlikli dalğaların insan orqanizminə, ətraf mühitə hansı təsir göstərəcəyi elmi cəhətdən bəlli deyil. Dünyanın bir çox alimləri, ictimai xadimləri həyəcan təbili çalırlar: 5G şüalanması insana, canlı orqanizmlərə mutagen, kansorogen təsir göstərə, hüceyrə membranını, DNT molekulunu, bütövlükdə genofondu, immun sistemini zədələyə, reproduktiv, nevroloji fəsadlara səbəb ola bilər.

Bu təsirlər elmi cəhətdən öyrənilməyincə, bioloji təhlükəsizlik zəmanəti olmayınca 5G-ni tətbiq etmək olmaz… Lakin bu qlobal layihənin bəlli və gizli müəllifləri bu etirazlara etinasızdır – 5G hörümçək toru dünyanı sarmaqdadır… 5G-nin bioloji təhlükəsizlik zəmanəti yoxdur. Bəs bu şəbəkənin şeytani məqsədlər üçün istifadə olunmayacağına zəmanət varmı?

Qolem

“Taclı kabus” nədir”?, “Haradan peyda olub, məramı nədir”?, “Təbiətin qisasıdırmı?”“Laboratoriyadan çıxmış Qolemdirmi?”,
“Bakterioloji savaşın anonsudurmu?”, “Qiyamət gününün müjdəçisidirmi?” cavabsız suallar… Lakin bunu qətiyyətlə demək olar ki, bu kabus insanın özünün yaratdığı dərin mənəvi- ekoloji böhranın təzahürü, onun günahlarının təcəssümü, şeytani əməllərinin qanunauyğun nəticəsidir.

…Belə bir rəvayət var ki, orta əsrlərdə Lyov adında bir kahin Qolem adlı bir nəhəng məxluq yaradır və ona can verir. Lakin mənəviyyatla bağlı zəruri təlimatı olmayan Qolem tam sərbəstlik qazanandan sonra dağıdıcı bir məxluqa çevrilir, böyük fəsadlara səbəb olur və Lyov məcbur qalıb, onu məhv edir.

Məyusedici fakt odur ki, indiki zamanda yaradılan hər hansı Qolem artıq onu yaradan insanın ixtiyarında olmadığından, məhv edilməsi də mümkün deyil. Müasir Lyovlar bu xüsusiyyəti nəzərə alaraq, cəmiyyət, insanlıq qarşısında mənəvi məsuliyyətlərini dərindən dərk etməli, “elm xatirinə elm”“yenilik xatirinə yenilik” şüarları ilə mənəviyyatsız “Qolemlər” törədə biləcək mizantrop əməllərdən çəkinməlidirlər.

Pandora qutusu

Elmi prosesi tam şəkildə idarə etmək, onun nəticələrinin tətbiqini kontrol altında saxlamaq, tədqiqat işlərini şeytani deyil, humanistik məqsədlərə yönəltmək, elmin son yüz ildə aşkar etdiyi mötəşəm enerji mənbələrinin insanın rifahı naminə mütləq mənada istifadəsini təmin etmək mümkündürmü? Bu, insanı narahat edən imperativ və təəssüf ki, xeyli dərəcədə ritorik sualdır. Reallıq ondan ibarətdir ki, bu suala tam mənada müsbət cavab vermək mümkün deyil. Pandora qutusu açılmış və oradan çıxmış pislikləri yenidən geriyə qaytarıb qapatmaq çox çətindir…

Elm və mənəviyyat

Mənəviyyat həm sosial, həm də individual aspektlərin sintezidir və o, bir tərəfdən cəmiyyətdə formalaşmış əxlaqi normativlərlə müəyyən olunsa da, digər tərəfdən hər bir şəxsin daxili özününəzarət faktoru – vicdanı ilə müəyyənləşir.

Qlobal eko-enerji problemi, texnogen fəlakətlər, təbii kataklizmlər, yeni-yeni çeşidli kütləvi xəstəliklər, vəhşi təbiətin məhvi, iqlim dəyişikliyi, atom-nüvə, kimyəvi-bakterioloji kütləvi qırğın silahlarının yaranması və tətbiqi, canlılar üzərində genetik manipulyasiyalar, klonlaşdırma… – bunlar hamısı elmi-texniki nailiyyətlərin dini prinsiplərlə, ümumiyyətlə, mənəviyyatla təzad təşkil edən fəsadlarıdır.

Peyğəmbər (s) – “Allah bizi xeyir gətirməyən biliklərdən qorusun”.

Atom-nüvə bombasının yaradılması və onun Hirosima və Naqasakidə tətbiq edilməsi, Çernopol  Fukusima partlayışları insanın nə qədər qorxunc bir perspektiv qarşısında olduğunu əyani şəkildə göstərdi. Aşkar oldu ki, sivilizasiyanın əsrlər boyu yaratdığı maddi və mənəvi dəyərlər, əldə olunmuş nailiyyətlər insanın yaratdığı elmi-texniki vasitələrlə bir anda məhv ola bilər. Elmə münasibətdə insanın heyranlığı, məftunluğu və məmnunluğu, bir məyusluq, nigarançılıq və təlaşla əvəz olundu. Məlum oldu ki, elm xoşbəxtlik, rifah verməklə yanaşı, müəyyən mənəvi çərçivələr daxilində məhdudlaşdırılmadıqda, qlobal fəlakətə apara bilər.

Xirosimaya atılan və bir anda 200 min adamı məhv edən atom partlayışından sonra Albert Eynşteyn belə demişdi: “Bu gündən belə, insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən yox, onun mənəvi dayaqlarından asılı olacaq”.

Mənəvi təminatı olmayan Elm əyləci sıradan çıxmış, sürətlə hərəkət edən avtomobilə bənzəyir. Bu halda sürücünü – insanı kifayət qədər faciəvi aqibət gözləyir.

Əlbəttə ki, elmin inkişafını saxlamaq, cilovlamaq mümkün deyil və buna ehtiyac da yoxdur. Əksinə, bəşəriyyətin gələcəyi naminə elmin sürətli inkişafını təmin etmək lazımdır.

Lakin dayanıqlı inkişaf yalnız elm və mənəviyyatın sinergetik birliyi sayəsində mümkündür. Mənəvi prinsiplərə söykənməyən, nəzarətsiz elmi-texniki tərəqqi dünyadakı qlobal prosesləri təhlükəli məcraya yönəltməklə insanı məhvə aparmaqdadır. Möhtəşəm elmi-texniki nailiyyətlərə sahib sivilizasiya həddinə çatmış bəşəriyyət eyni zamanda çox dərin mənəvi-ekoloji böhran içərisindədir.

Bu gün insan ekoloji fəlakət astanasındadır və bunun da əsas səbəbi müasir sivilizasiyanın mənəvi böhranıdır. Dünyanın təkcə fiziki deyil, həm də mənəvi entropiyası kəskin şəkildə artmaqdadır…

İblisin andı

Ölkələr, millətlər, tayfalar, dinlər, məzhəblərarası qanlı çəkişmələr bu gün daha təhlükəli şəkildə davam etməkdədir. Hərbi arsenallardakı atom-nüvə silahları, kimyəvi, bakterioloji silahlar Yer üzündəki bütün canlı aləmi, bəşəriyyət də daxil, bir dəfə yox, yüz dəfələrlə öldürməyə qadirdir.

Adəmdən bu yana zülm, xəyanət, istibdad, haram, nadanlıq, fitnə, şər, yalan üzərində qurulmuş bütün böyük-kiçik qarşıdurmalarda İblisin dəst-xətti görünməkdədir. Bir zaman Allahın əmrinə asi olub, Adəmə baş əyməyən İblis haqlı olduğunu isbat etməyə çalışır.

“[İblis] dedi: Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver. 

[Allah] buyurdu: Sənə möhlət verildi, vaxtı məlum günə [qiyamətə] qədər. 

[İblis] dedi: Sənin izzətinə – qüdrətinə and olsun ki, onların [Adəm övladının] hamısını [haqq yolundan] azdıracam; Yalnız sənin sadiq bəndələrindən başqa!(Sad s., 79-83)”.

Nəfs

İnsanın rifahı artdıqca, onun təbii resurslara tələbatı da artır və o, nəfsə uyduqca, daha çox, daha keyfiyyətli, daha gözəl, daha ləzzətli, daha komfort şüarları ilə sonu görünməyən istəklərlə yaşamağa adət edir. Lakin rifahın artması ilə İnsan daha xoşbəxt olurmu? Arzular bitib- tükənmir. Bu arzu-istək silsiləsini həyata keçirmək ehtirası nəfsə uymuş insana nəinki xoşbəxtlik gətirmir, əksinə, yeni-yeni qlobal problemlər məngənəsində onu tədricən məhvə sürükləyir.

İnsan öz nəfsi qarşısında aciz bir varlığa çevrilmişdir…

Düşmənlə savaşdan qələbə ilə qayıtmış bir dəstə döyüşçünü qarşılayanPeyğəmbərimiz (s) onları salamlayaraq demiş: “Xoş gəldiniz, ey kiçik cihadı yerinə yetirənlər! Amma böyük cihadınız hələ qalır”. 

Soruşdular: “Ya Rəsulullah, o böyük cihad nədir?” 

Peyğəmbər (s.) cavab verir: “Nəfslə cihad!”.

Peyğəmbər (s) buyurmuş:İnsanın nəfsi onun ən qatı və təhlükəli düşmənidir. Çünki hər-hansı düşməninə yaxşılıq etsən, o, səninlə dost ola bilər, lakin nəfsə yaxşılıq edib ona istədiyini versən, onun sənə qarşı düşmənçiliyi daha da artmış olar”.

Meymun və portağal

Asiyada bəzi vəhşi qəbilələr meymun əti yeyirlər. Onlar meymunu tutmaq üçün çox effektiv bir üsul tapmışlar. Bir qutu düzəldilir və bu qutuda meymunun pəncəsi keçəcək ölçüdə bir yarıq açılır. Qutunun içərisinə meymunun sevdiyi bir meyvə, məsələn, portağal qoyulur və qutu meşədə ağaca bərkidilir. Meymun meyvənin iyini duyub gəlir, pəncəsini yarıqdan içəri salır, portağalı ovcuna alır və ovcu şişdiyindən pəncəsini geri çıxara bilmir…

O görür ki, adamlar yaxınlaşır, başa düşür ki, onu tutub öldürə bilərlər və yəqin, anlayır ki, ovcundakı portağalı buraxsa, qurtula bilər… Buraxmır! Nəfsi meymuna qalib gəlir – o, portağaldan əl çəkə bilmir və adamlar gəlib onu asanlıqla tuturlar. İndi insan ovcundakı portağalı buraxmaq istəməyən həmin o meymunun günündədir. Qurtulmaq üçün insan mütləq, nəfsinə qalib gəlib, “portağalı” buraxmalıdır…

İsrafçılıq

Son əlli il ərzində Qərbin aparıcı ölkələrində İnsanın rifah indeksi görünməmiş dərəcədə artmışdır. Lakin bu rifah yüksəlişi ekosistemin amansızcasına istismarı və nəticə etibarilə, ekoloji izin kəskin artımı, təbiətdəki ilahi tarazılığın pozulması ilə müşayət olunmuşdur. 
Dünya əhalisinin yalnız 20%-i iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yaşayır, lakin ətraf mühitə atılan sənaye tullantılarının 75%-i bu ölkələrin payına düşür. Ölkə iqtisadi cəhətdən nə qədər çox inkişaf etmiş olarsa, onun ekoloji izi bir o qədər çox olur.

ABŞ-nın əhalisi dünya əhalisinin 5%-ni təşkil etdiyi halda, dünya resurslarının 30%-ni istehlak edir.Lüksemburq əhalisi bu ölkənin ərazisinin potensial imkanlarından 10 dəfə artıq təbii resurslarlar istehlak edir. Almaniya əhalisinin adambaşına düşən ekoloji izi Mozambik əhalisinə nisbətən on dəfə çoxdur.

Neftlə zəngin bir sıra müsəlman ölkələrində harınlıq, israfçılıq həyat tərzinə çevrilmişdir. WWF-in məruzəsinə əsasən, dünyada hər bir adam Qətərin orta gəlirli sakini qədər maddi nemətlər sərf etmiş olsa, onda bəşəriyyətə mövcud Yer kürəsi azlıq edərdi – Yer kürəsi, ən azı, 7 dəfə böyük olmalı idi.

Qətərli müsəlman bəndə öz dilində oxuduğu Quran ayəsinə nədən riayət etmir?!“Yeyin, için, ancaq israf etməyin! Allah-Təala israf edənləri, əlbəttə, sevməz”. (Əraf s., 31)

Le-Şatelye Prinsipi

Həyatın varlığını təmin edən hər bir fundamental faktorun xüsusiyyətləri ilahi elm və qüdrətlə ən optimal şəkildə seçilmiş və bu faktorlardan hər hansı birinin dəyişməsı həyatın mövcudluğunun inkarı mənasına gəlir. Təbiətdəki qlobal dayanıqlığı təmin edən təməl qanunlardan biri Le-Şatelye (Le Chatelier) prinsipi ilə ifadə olunur. Bu prinsip ən ümumi, fəlsəfi mənada aşağıdakı kimi təqdim oluna bilər:

Dayanıqlı tarazılıq halında olan hər hansı sistemə (fiziki, kimyəvi, bioloji, ekoloji, sosyal) onun tarazılığını pozmağa çalışan xarici faktor təsir edərsə, bu sistemdə həmin təsirə qarşı əks-təsir yaranacaq və sistem elə bir yeni tarazlıq halına keçməyə çalışacaq ki, bu halda xarici təsir minimuma endirilsin və ya tamamilə yox edilsin.

Bu prinsipə əsasən, tarazılıqda olan sistem kimi, təbiəti, onu tarazlıqdan çıxarmağa çalışan faktor olaraq İnsanı götürsək, onda yaranmış qlobal ekoloji problemlərin qanunauyğunluğu aşkar şəkildə özünü göstərir – nəticə etibarilə, Ekosistem insanınvarlığı üçün tamamilə yarasız yeni tarazılıq halına keçə bilər.

Holosen, yoxsa Antroposen?

Təxminən, on iki min il bundan qabaq buzlaqlar Avropanın şimalından çəkilməyə başladı və temperatur mülayim bir diapozonda stabilləşdi və bu da insan sivilizasiyanın yaranması və inkişafı üçün münbit bir zəmin oldu. Beləliklə, 12 min ildir ki, insan Holosen (Holocene) adlanan bir geoloji epoxada yaşamaqdadır. Min illər ərzində Yer kürəsində bir geosistem olaraq, ciddi bir dəyişiklik baş vermədi, suyun, havanın, torpağın və ümumiyyətlə, ekosistemin əsas fiziki, kimyəvi, bioloji faktorları dəyişməz olaraq qaldı. Lakin Sənaye inqilabından başlayaraq insan, bir bioloji növ olaraq, ekosistemi ciddi şəkildə dəyişdirə biləcək qədər qüdrətli elm və texnologiyaya malik olmaqla, ekosistemin dominant faktoruna çevrildi. İndi bir sıra alimlər belə bir nəticəyə gəlmişlər ki, Holosen epoxası artıq bitmiş, yeni bir geoloji dövr, insanın təbiət üzərində dominantlığı epoxası – Antroposen (Anthropocene) epoxası başlamışdır.

Geoloji epoxalar milyon illər ərzində formalaşır və yeni epoxanın başlanma tarixi müəyyən təbii kataklizmlərin başvermə tarixilə müəyyənləşir. Lakin indiki dövrün xüsusiyyəti odur ki, cəmi yüz il ərzində insanın fəaliyyəti nəticəsində Yer üzündə elə ciddi dəyişikliklər baş vermişdir ki, bu, yeni geoloji epoxanın başlandığını deməyə əsas verir. Ekosistemə məxsus çox sayda bioloji növlərin məhv edilməsi, genetik manipulyasiyalar nəticəsində yeni heyvan, bitki , mikroorqanizm növlərinin yaradılması, Planetin plastik materiallar, beton, aliminium, atom-nüvə yanacağı, parnik qazları ilə zibillənməsi, Planetin enerji axınlarının dəyişdirilməsi, meşələrin sürətlə qırılması, Dünya okeanının turşululuğunun artması, dəniz planktonlarının məhvolma prosesi, torpağın üzvü gübrələrlə zəhərlənməsi, qlobal iqlim dəyişikliyi və i.a., bütün bu proseslər çox sürətlə, bir nəslin ömrü qədər bir vaxtda baş verməkdədir.

Bir çox model tədqiqatları onu göstərir ki, əgər təcili və ciddi tədbirlər görülməzsə, yeni geoloji epoxa tam şəkildə bərqərar olacaq və nəticə etibarilə Yer kürəsi artıq insan üçün yararsız bir məkana çevriləcək.

Exponensial Qanun

Qlobal proseslər (əhali artımı, enerji istehsalı və istehlakı, ətraf mühitin çirklənməsi, pandemiyanın yayılması və s.) riyazi olaraq eksponensial qanunla ifadə olunur. Bu qanuna tabe prosesin xüsusiyyəti ondan ibarətdir ki, vaxtında qarşısı alınmazsa, sonda o, partlayış xarakteri alır. İnsanın, təbii resursların amansızcasına istismarı ilə müşayiət olunan mövcud həyat tərzi onu kəskin ekoloji böhrana sürükləyir.

Nə qədər ki, ekoloji vəziyyət partlayış həddinə çatmayıb, İnsan dərk etməlidirlər ki, o, Yer adlı, kosmik mənada, kiçicik bir məkanın sakinidir və gələcək mümkün fəlakətdən qurtulmağın yeganə yolu, ədavətdən, kindən, dözümsüzlükdən, savaşdan əl çəkib, tövbə edib, nəfsinə hakim olan, qənaətcil, sivil bir varlıq olaraq “Ana təbiəti” qoruyub saxlamaqdan ibarətdir. İnsan ifratdan, israfdan uzaq olmaqla nəfsin hökmünə tabe olmayaraq, harınlıqdan, aşırı əyləncə və komfortdan, sivilizasiyanın ifrat nemətlərindən əl çəkməli, maddi və energetik tələbatları rasional şəkildə ödəməklə yaşamaq onun həyat imperativinə çevrilməlidir.

Ekoloji Borc Günü

İnsan bu gün sanki təbiətdən almaqda olduğu borcla yaşayır və bu borc nəinki azalmır, əksinə, ildən-ilə artmaqda davam edir. Yerin Həddiaşma Günü və ya Ekoloji Borc Günü ilin elə bir ayı və günüdür ki, həmin tarixdə Yerin bir il üçün hesablanmış “büdcəsi” – qida, xammal, enerji resursları, CO2-ni udma potensialı – artıq xərclənmiş olur.

Məyusedici faktdır ki, biz 2019-c ildə Ekoloji Borc Gününü artıq iyulun 29-da “qeyd etdik”. Bu, o deməkdir ki, ilin əvvəlindən iyulun 29-a qədər olan dövrdə, İnsan artıq bir il üçün nəzərdə tutulmuş resursları “”yeyib qurtarmış” və yerdə qalan beş ay ərzində o, növbəti ildən alınan” hesabına yaşamalı olmuşdur.

“Yer” kosmik gəmisi

Kosmosun sonsuz ənginliklərində Yer adlı kiçicik bir gəmi hərəkət etməkdədir. Gəminin sərnişinləri müxtəlif irqlərə, dinlərə, məzhəblərə, əqidəyə, mənəviyyata sahibdirlər. Onlar hamısı Adəm övladı olsalar da, bir-biriylə yola getmirlər, anlaşa bilmirlər, elə hey savaşır, vuruşur, bir-birini qətlə yetirirlər. Onlar böyük elmi nailiyyətlərə sahib olmuşlar, lakin bu nailiyyətlər ilk növbədə bir-birlərini qətlə yetirmək üçün daha mükəmməl üsulların kəşf edilməsinə, silahlanmağa xidmət etməkdədir. Gəminin atsekləri hər an partlayışa hazır kütləvi qırğın silahları ilə doludur, gəmi zəhərli tullantılarla zibillənməkdə davam edir. Su, qida, enerji ehtiyatı yetərli deyil və yaxın zamanda tükənə bilər. “Yer” kosmik gəmisi milyard illərdir ki, Günəş ətafında və Günəşlə birlikdə sonsuz kainatda nizamlı bir hərəkətdədir. Bu kosmik hərəkət sərnişinsiz də davam edə bilər…

Yolayrıcı

İnsanın gələcək taleyi iki fərqli ssenari üzrə reallaşa bilər: ya təbiətə qarşı zorakılığı davam etdirməklə, genetik fəsadlar yaratmaqla, enerji ifratçılığına, israfçılığına varmaqla, bütün həyat və rifah göstəricilərinin kəskin şəkildə aşağı düşməsi, fiziki və mənəvi müsibətlərlə, münaqişələrlə müşayiət olunan miskin bir gələcək və ya “Ana təbiət”ə zorakılıqla yox, sevgi və sayqı ilə yanaşmaqla, minimum entropiya istehsalı ilə müşayət olunan sadə, qənaətcil, mötədil, mənəvi cəhətdən zəngin həyat tərzi seçməklə, barışıq və tolerantlıq mühitində dayanıqlı, kifayət qədər rifahlı bir gələcək… İnsan yol ayrıcındadır. Seçim zamanıdır!

Qiyamət Gününün Saatı

1947-ci ildə atom bombasının yaradılması üzrə Manhetten layihəsində iştirak edən bir qrup amerikan alimlərinin təşəbbüsü ilə Qiyamət Gününün Saatı (Doomsday Clock) adı altında simvolik bir saat yaradıldı. Bu saat adi saatlar kimi işləmir, əslində o, heç işləmir də. O, yalnız bəşəriyyətin nə dərəcədə qlobal fəlakətə yaxın olduğunu simvolizə edir.

Dünyada siyasi və ekoloji gərginliyin, atom-nüvə müharibəsi təhlükəsinin təzahür dərəcəsindən asılı olaraq əqrəblərin yeri ildə iki dəfə müəyyənləşdirilir və bu barədə məlumat Çikaqo Universitetinin “Bulletin of the Atomic Scientists”jurnalında bəyan edilir. Saatın göstərişi barədə qərar jurnalın direktorlar şurasının və ekspert qrupunun birgə qərarı ilə müəyyənləşdirilir.

Qeyd etmək lazımdır ki, ekspert qrupunun iştirakçıları arasında 15-ə qədər “Nobel Mükafatı” laureatı var. Bu saatda gecə yarısı 12:00 qlobal fəlakət anını ifadə edir. 2018-ci ildə saatın əqrəbləri 11:58-də qərarlaşdırıldı. 2019-cu ildə isə dünyada gərginlik azalmadığından, saatın göstərişi dəyişdirilmədi. 2020-ci ilin yanvarında isə (pandemiyadan hələ öncə!) əqrəblər 20 saniyə də irəli çəkildi və indi saatda gecə yarısına 100 saniyə qalıb…

Bəşəriyyət heç zaman şərti apokalipsisə bu qədər yaxın olmamışdı… Bu, dünya liderlərinə, planetin əhalisinə yönəlmiş xəbərdarlıqdır – nüvə müharibəsi təhlükəsi, bakterioloji-infeksion təxribatlar, qlobal iqlim dəyişiklikləri, kəskin informasiya müharibəsi nəticəsində bəşəriyyət kritik həddə çatıb…

Təmizlənmə

Təbiət, canlı və cansız aləm, çeşid-çeşid bitkilər, növ-növ canlılar, çayları, dənizləri, dağları, meşələri, hətta səhraları belə, möhtəşəm, gözəl olan Yer kürəsi “yaranmışların əşrəfi” sayılan insana əmanət edilmişdi. İnsansa şeytanın təşviqi ilə özünü Yer üzünün hökmranı saydı və nəfsə uyaraq, ona verilmiş əmanəti məhv etməklə məşğuldur – təbii sərvətlər amansızcasına dağıdılır, meşələr qırılır, dənizdə, quruda bir çox canlıların, bitki növlərinin kökü kəsilir, genetik fəsadlar törədilir, hava, su, torpaq zəhərlənir və Okean nəhəng çirkab gölünə, zibilxanaya çevrilir…

Bu məqamda gözlənilmədən başında tac olan bir kabus zühur etdi… və İnsan təlaş içində qorxub evində gizləndi. İndi gözləyir, bu kabus, nəhayət, nə vaxt çıxıb gedəcək… Küçələr, meydanlar, şəhərlər boşalıb… Dünən özünü hökmran sayan birisi bu gün aciz, zavallı bir günə düşüb. Daha əvvəlki kimi təkəbbürlü, lovğa deyil, gələcək üçün xariqüladə planlar qurmur. Həddindən artıq əyləncələr, səyahətlər, kütləvi yarışlar, toplantılar haqqında düşünmür. Yetər ki, salamat qalsın. Daha əvvəlki kimi aqressiv də deyil, savaşlardan, qarşıdurmalardan, düşmənçilikdən çəkinir. Daha əvvəlki kimi israfçı da deyil, təvazökar və qənaətcil bir həyat tərzi seçib.

Göydə təyyarələr, yerdə avtomobillər seyrəkləşib, gəmilər, qatarlar hərəkətsiz qalıb, fabrik bacalarının tüstüsü xeyli seyrəlib. Atmosfer təmizlənir, çayların, dənizlərin suyu durulmaqdadır. Fiziki-mənəvi təmizlənmə gedir… Ağaclar çiçək açmış, torpaq cana gəlir. Havada baharın ətri duyulur. İnsanın təcavüzündən azacıq qurtulmuş təbiət, nəhayət, asudə bir nəfəs almaqdadır… Bu vaxta qədər nəfsinə uyaraq yaşadığı təngənəfəs, qaça-qaçlı həyatın gərginliyindən azad olmuş insan, “Homo sapiens” –“Şüurlu insan” kimi bir qədər dayanıb düşünmək, öz əməllərinə qiymət vermək şansı əldə edib.

“Taclı kabus” dünyada xeyli can alıb bir gün çıxıb gedəcək. Əsas sual: insan yaşamış olduğu bu bəladan, bu sonuncu xəbərdarlıqdan nəticə çıxaracaqmı?! Etiraf və tövbə olacaqmı?! İnsan katarsisə yetişəcəkmi?!…

Katarsis

Katarsis – fərdin və ya toplumun müəyyən çətinliklərdən, əzablardan, hətta, bəlalardan, fəlakətlərdən keçib, mənəviyyatca saflaşması, təmizlənməsi və nəticə etibarilə yüksəlməsi effektidir. Lakin bu effektin baş verməsi üçün bir əsas tələb var – fərdin və ya toplumun bu çətinliklərin, sarsıntıların baş verməsində öz günahlarını, səhvlərini dərk edib, etiraf etməsi… Ümid edək ki, insan bu “Taclı kabus”un bəlasından qurtulduqdan sonra öz günahlarını etiraf edib, tövbə edib, bəd əməllərindən əl çəkib, mənəvi cəhətdən saflaşacaq və nəhayət, Katarsisə yetişəcək. 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}