Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq sənədi imzalanıb
Bakıda Azərbaycan Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Şəffaflıq.az xəbər verir ki, imzalanma mərasimi Auditorlar Palatasının fəaliyyətinin 30 illiyinə həsr olunan tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutub. Memorandumu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti Samiullah Məhəmməd Siddiqi imzalayıblar. Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti imzalanmadan sonra etdiyi çıxışda təmsil etdiyi qurumun keyfiyyətin təmin edilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və digər bir sıra istiqamətlər üzrə Azərbaycan Auditorlar Palatası ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb. "Bu sənədin imzalanması sadəcə bir kağız parçasının imzalanması deyil, bu, öhdəliyin qəbul edilməsidir. Bundan sonra biz qarşılıqlı maraq kəsb edən çoxsaylı sahələrdə birgə fəaliyyət göstərəcək, kadr mübadiləsi aparacaq və hər iki institut, həmçinin hər iki ölkəmiz arasında doğru mütəxəssisləri və bilikləri bir araya gətirəcəyik",- deyə o bildırib.
Facebook-da paylaş








