ABŞ məhkəməsi jurnalistlər və tələbələr üçün viza məhdudiyyətlərini dayandırıb
ABŞ-nin Massaçusets ştatının federal dairə məhkəməsi Tramp administrasiyası tərəfindən əcnəbi tələbələr, mübadilə proqramları iştirakçıları və jurnalistlər üçün ölkədə qalma müddətini məhdudlaşdıran yeni qaydaların tətbiqini bloklayıb. Şəffaflıq.az-ın məlumatına görə, hakim Daxili Təhlükəsizlik Nazirliyinin əsaslandırmasını son dərəcə zəif hesab edib. Onun fikrincə, qurum əcnəbi tələbələrin hüquqi statusları müddətində ABŞ-də qalmasına icazə verilən təxminən 5 onillik sistemin dəyişdirilməsi zərurətini kifayət qədər əsaslandıra bilməyib. Qərarda göstərilir ki, hazırda ABŞ-də təxminən 1,6 milyon F tələbə vizası sahibi və daha 500 000 J vizası sahibi var. Hakim qeyd edib ki, yeni məhdudiyyətlər Massaçusets Texnologiya İnstitutu və Harvard Universiteti də daxil olmaqla, əsas tədqiqat universitetlərinin fəaliyyətinə mənfi təsir göstərə bilər. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən iyulda qəbul edilən qaydalara əsasən, xarici tələbələr üçün F vizaları, mədəni və təhsil mübadilə proqramlarının iştirakçıları üçün J vizaları dörd ilə məhdudlaşdırılmalı idi. I vizası olan xarici jurnalistlərin ölkədə qalma müddəti 240 günlə məhdudlaşdırılmalı idi. Yeni qaydalar məhkəmə prosesi başa çatana qədər dayandırılıb.
Facebook-da paylaş








