Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, "Culfa" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "don halda bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib. Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş








