Şamaxıda polis Seyfi Abdullayevlə vida mərasimi keçirilir
19 Sentyabr 2023-cü il tarxdə Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşlarından biri də əslən Şamaxının Qaleybuğurd kəndindən olan 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğludur. Şəffaflıq.az xəbər verir ki, polis əməkdaşı olan Seyfi Abdullayevin nəşi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib. Məsciddə cənazə namazı qılındıqdan sonra dəfn olunması üçün Şamaxının Qaleybuğurd kəndindəki ata yurduna aparılıb. Hazırda Seyfi Abdullayevlə vida mərasimi keçirilir. Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak edirlər. Rayon sakinləri ilə vida mərasimi başa çatdıqdan sonra mərhum Seyfi Abdullayevin Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılması nəzərdə tutulur. Qeyd edək ki, ötən gün həlak olan 29 yaşlı Seyfi Fəqan oğlu Abdullayev altı ilə yaxın idi ki, polis orqanlarında çalışırdı. Yaxınlarının verdiyi məlumata görə, Seyfi Abdullayevin sentyabrın 22-də, öz doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi. Şəffaflıq.az
Facebook-da paylaş