Orta Dəhlizlə bağlı problem və perspektivlər açıqlanıb
Hazırda Orta Dəhliz üç əsas problemlə üzləşir. Şəffaflıq.az xəbər verir ki, bunu "Alliance Multimodal" şirkətinin baş direktoru Natiq Cəfərov Bakıda keçirilən V "Qara dəniz-Xəzər logistika forumu 2026"da bildirib. "Dəhlizin əsas problemləri aşağıdakılardan ibarətdir: Xəzər bərələri və "Ro-Ro" tipli gəmilərin daşıma imkanları hələ də məhdud olaraq qalır, gömrük və sərhəd prosedurlarının daha da rəqəmsallaşdırılmasına və unifikasiyasına ehtiyac var, adi bazar şəraitində isə daşımaların dəyəri dəniz nəqliyyatı tariflərini üstələyə bilər. Bununla yanaşı, perspektivlər də mövcuddur", - N.Cəfərov vurğulayıb. Onun sözlərinə görə, Xəzərə yeni gəmilər gətirilir: "Hazırda altı yeni gəmi tədarük edilir, daha dörd "Ro-Ro" tipli gəmi isə yoldadır: "Yeni liman və terminallar inkişaf etdirilir. Onların arasında Zirə terminalları, Hövsan limanı var, paralel olaraq Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi üzrə işlər (gələn il buraxılış qabiliyyətinin 260 000 TEU-ya çatdırılması planlaşdırılır - red.) aparılır, həmçinin Poti və Anakliya limanları da inkişaf etdirilir. Rəqəmsallaşma prosesləri təkmilləşir, ölkə hökumətləri isə getdikcə daha əlaqələndirilmiş iş nümayiş etdirirlər. Sabit investisiyalar və daha səmərəli koordinasiya vasitəsilə Orta Dəhliz ildən-ilə güclənə bilər".
Facebook-da paylaş








