Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə əməkdaşlığı müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Komitədən bildirilib. Görüşdə dini-mənəvi sahədə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti, inkişaf perspektivləri və dini təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir dövrün çağırışları fonunda islamofobiya və dini ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizədə qlobal əməkdaşlığın, eləcə də birgə səylərin vacibliyi vurğulanıb. Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın mədəni müxtəlifliyin qorunması və dinlərarası sülhün təşviqi sahəsində həyata keçirdiyi konseptual yanaşmanın əsas xüsusiyyətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasi kursa uyğun olaraq, ölkəmiz tolerantlığın və multikultural dəyərlərin dövlət səviyyəsində dəstəkləndiyi məkan kimi beynəlxalq mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Dəmir Muxetdinov Prezident İlham Əliyevin İslam həmrəyliyinin və konfessiyalararası harmoniyanın davamlılığının təmin edilməsi istiqamətindəki fəaliyyətinin müstəsna əhəmiyyətini qeyd edib. Rusiyanın mənəvi-dini müstəvidə Azərbaycanla sıx əməkdaşlıq etdiyini vurğulayan qonaq, bu əlaqələrin strateji xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.
Facebook-da paylaş








