Dövlət müəssisələrindən köçürülmüş bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilənlərə cəza istənilib
Fəaliyyətsiz şirkətlərə dövlət müəssisələrindən satınalma təyinatı ilə köçürülmüş bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədova cəza istənilib. Şəffaflıq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib. Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub. Prosesdə dövlət ittihamçısı çıxış edib. O, Mehman Alməmmədovun əvvəl məhkum olunduğu cinayət işi üzrə təyin olunmuş cəzasının çəkilməyən hissəsini toplamaqla 13 il, İlahim Mehralıyevin də əvvəlki cəzası birləşdirilməklə 16 il müddətə azadlıqdan məhrum edilməsini, həmçinin hər iki təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin olunub. İttihama görə, İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədov 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri 299 fəaliyyətsiz şirkətə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pulu mənimsəyiblər. Həmçinin, onlar sözügedən pulları leqallaşdırmaqda da təqsirli biliniblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Facebook-da paylaş








