Rəşad Nəbiyev: "Dar boğazı" aradan qaldırmaq üçün yaradılacaq birgə müəssisə daşıma xərclərini 1,5–2 dəfə aşağı salacaq"
Azərbaycan ilə Qazaxıstanın Xəzər dənizindəki "dar boğazı" aradan qaldırmaq üçün yaradacağı birgə müəssisə daşıma xərclərini 1,5–2 dəfə aşağı salacaq. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, region ölkələri nəqliyyat marşrutlarının inkişafında investisiyaların səmərəliliyini təmin etmək üçün infrastruktur xərclərini daha sıx şəkildə əlaqələndirməlidir: "Əsas diqqəti artıq investisiyadan çəkinməyə və infrastruktur xərclərimizin daha düzgün əlaqələndirilməsinə yönəltmişik. Dünən Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə, Xəzər dənizində mövcud olan "dar boğaz" problemini həll etmək üçün Qazaxıstanla birgə müəssisə yaratmaq barədə razılığa gəldik. Bu layihə çərçivəsində super-bərə sistemləri istifadəyə veriləcək və bununla daşıma xərcləri təxminən 1,5–2 dəfə aşağı düşəcək". Onun sözlərinə görə, artıq marşrutun maliyyələşdirilməsinə yönəlmiş birgə müəssisə yaradılıb və bu təşəbbüs əsasən tariflərin tənzimlənməsi ilə bağlıdır: "Hazırda üç tərəf arasında tariflər uyğunlaşdırılıb. Bütün bu addımlar bizim tərəfdaşlarımızın və müştərilərimizin maraqlarına xidmət edir. Əminəm ki, biz bu inamı qurduqca, nəqliyyat marşrutları daha səmərəli və rəqabətqabiliyyətli olacaq". Nazir vurğulayıb ki, Orta Dəhliz layihəsinin məqsədi onu Şimal marşrutuna alternativ kimi deyil, Şərqlə Qərb arasında yüklərin daşınması üçün əsas və etibarlı seçimə çevirməkdir: "Əsas məqsədimiz Orta Dəhlizi elə formalaşdırmaqdır ki, o, Şimal marşrutuna sadəcə alternativ deyil, ilk seçim olsun. Çünki bu dəhliz region ölkələrinin bir-birindən asılılığını və qarşılıqlı maraqlarını daha aydın şəkildə göstərir. Artıq bütün tərəflər anlayıblar ki, bu, rəqabət deyil, qarşılıqlı asılılıq və əməkdaşlıq məsələsidir". R.Nəbiyev söyləyib ki, Orta Dəhlizdə marşrutların şaxələndirilməsi həm də müştərilər üçün əlavə etibar təmin edəcək: "Əgər mən Çin-dən olan müştəriyəm və yüklərimin Avropaya hər hansı bir vaxta çatmasını təmin etmək istəyirəmsə, mənim müxtəlif alternativlərim olmalıdır – məsələn, KTG, Gürcüstan Dəmir Yolları və Azərbaycan Dəmir Yolları vasitəsilə. Bu baxımdan biz artıq başa düşdük ki, bu dəhlizlər, hətta Orta Dəhliz daxilində belə, şaxələndirilməlidir, marşrutların uyğunluğu əhəmiyyətlidir və rəqabət düzgün istiqamətə yönəldilməlidir." O bildirib ki, bu prinsipə əməl edildiyi halda, qısa müddət ərzində nəticələr görünəcək və Orta Dəhliz həm etibarlı, həm də rəqabətqabiliyyətli bir tranzit marşrutuna çevriləcək. Şəffaflıq.az
Facebook-da paylaş
