“NƏ STATUS, NƏ DAĞLIQ QARABAĞ...” - "Dəqiq bilirik orada nə qədər adam yaşayır, Xankəndini də, dəhlizi də görürük" (TAM MƏTN)
"Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər...Bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib"
"Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi"
"Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək böyük qəhrəmanlıqdır"
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV) müsahibə verib. Həmin müsahibənin mətnini təqdim edirik:
-Salam, cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün Siz Azərbaycanın qərb bölgəsinə - Daşkəsən, Naftalan və Goranboya səfər edirsiniz, bir neçə obyektin açılışında iştirak edəcəksiniz. Səfərlə bağlı fikirlərinizi bilmək istərdik.
- Bu səfərlər müntəzəm olaraq həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyim tapşırıqlar yerində də yoxlanılır və son illər ərzində mənim bölgələrə yüzlərlə səfərim olubdur. Bu səfər də bu sıradan olan səfərdir. Səfər zamanı bir neçə açılışda iştirak edəcəyəm. Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir. Eyni zamanda, onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Çünki bu səfər çərçivəsində həm infrastruktur layihələrinin istismara verilməsi qeyd olunacaq, eyni zamanda, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi nəzərdə tutulur.
Qərb bölgəsinin önəmli hissəsi olan bu bölgə, əlbəttə ki, özünəməxsus inkişaf perspektivlərinə malikdir. Mənim bu bölgəyə səfərlərim bir daha demək istəyirəm, - müntəzəm xarakter daşıyır. Misal üçün bu gün biz Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsini qeyd etdik. Bu, çox önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir. Bu gün həm açılışını qeyd etdik, eyni zamanda, bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq.
Bununla paralel olaraq, Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Çünki son beş il ərzində, - verilən təqdimatda da bu, göstərilir, - təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin inkişafı bu yolla getməlidir.
Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik.
O ki qaldı, səfərlə bağlı digər obyektlərin açılışlarına, Goranboy rayonunda idman kompleksi də var. Bu, sayca 48-ci idman kompleksidir və onu göstərir ki, rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var. Naftalan şəhərində yeni sanatoriyanın açılışı olacaq. Bu da çox əlamətdar hadisədir. Çünki Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni, Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər.
Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.
Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır.
Onu da bildirməliyəm ki, kənd təsərrüfatı üçün bu bölgədə böyük işlər görülüb, xüsusilə Goranboy rayonunda. Mənim göstərişimlə Şəmkir maşın kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.
Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və deyə bilərəm ki, hər şey plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
-Cənab Prezident, ilin altı ayı artıq arxada qaldı. Bu altı ayın sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?
- Müsbət qiymətləndirirəm. Çünki altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür.
Əgər sənaye istehsalına fikir versək görərik ki, sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar.
Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz.
İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, - çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, - bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir. Yəni, bu, nəyi göstərir? Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik.
Onu da deməliyəm ki, Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.
Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax, bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.
Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək. Çünki göstəriş vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən indi, əlbəttə, Ermənistanla Azərbaycanı müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə göy qədər fərq var. Amma Ermənistan indi xarici borc içində boğulur və onların xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır.
Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Nəyin hesabına? İslahatların hesabına. Nəyin hesabına? Dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bax, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Hər hansı bir qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq.
Bax, qısaca olsa da, budur əsas iqtisadi göstəricilər. Hər bir qərəzsiz mütəxəssis bu göstəriciləri görərkən özü üçün yəqin edir ki, hər bir ölkə bizim göstəricilərlə fəxr edə bilər.
-Cənab Prezident, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır. Bu istiqamətdə hansı yeniliklər barədə danışmaq olar?
- Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir. Bir daha göstərir ki, Azərbaycan xalqı heç nəyi unutmamalıdır. Azərbaycan xalqı çox xeyirxah xalqdır, çox xoşniyyətli xalqdır. Bəzi hallarda biz bəzi tarixi məqamları tez unuduruq. Biz erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq. Ona görə minatəmizləmə məsələləri əsas məsələlərdən biridir. Bununla paralel olaraq görün nə qədər böyük işlər görülür. Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. İlin sonuna qədər planlaşdırılır ki, tam yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim kimi, yaşıl enerji layihəsi icra ediləcək. Artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mən bilirəm ki, indi dünyanın müxtəlif enerji şirkətləri öz prioriteti üçün bərpaolunan enerjini təsbit ediblər. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə xüsusi önəm daşıyır.
Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Üç aeroport tikilir. Artıq mən demişəm, bu aeroportlar nə vaxt istifadəyə veriləcək. Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.
-Cənab Prezident, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin dəvəti ilə daha bir il uzadıldı. İlk növbədə, icazə verin, bu, tarixi diplomatik qərar münasibətilə Sizi təbrik edək. Cənab Prezident, Azərbaycanın bu Hərəkata sədrliyinin daha bir il uzadılması hansı səbəblərlə bağlıdır?
- Mən hesab edirəm ki, bir neçə səbəb var. İlk növbədə, bizim sədrliyimiz dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Mən öz çıxışımda demişdim ki, biz üzv ölkələrin maraqlarını müdafiə edəcəyik, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Əlbəttə ki, bu tarixi Qələbə bütün üzv ölkələr tərəfindən bizə olan hörməti daha da artırdı. Eyni zamanda, biz sədrliyimizə çox böyük məsuliyyətlə yanaşmışıq. Mən sədrliyimizin ilk aylarında demişdim ki, biz buna formal yanaşmırıq. Çünki Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Mən bunu rəqəmlərlə dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişəm ki, zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Bu, nə dərəcədə ədalətlidir? Əlbəttə, ədalətsizlikdir. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Mən deyə bilərəm ki, dünyada ön sıralardayıq. Bu məsələ ilə bağlı bizim qədər, yəni, ölkə qismində çıxış edən, sözünü deyən ikinci ölkə yoxdur. Bəli, Ümumdünya Səhiyyə Təşkilatı deyir, BMT deyir, amma bunun təşəbbüskarı, deyə bilərəm ki, biz olmuşuq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Hesab edirəm ki, üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik. Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da artacaq. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksəkvəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edirdi, vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatını digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması bizim gündəliyimizdə duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri cənab Mişellə bu məsələni müzakirə etdim və hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri var. Bu faktorlar, bu amillər bu rolu oynadı və ilk növbədə, bizə müraciət olundu. Bizim razılığımız alındı və mən bu razılığı verdim. Ondan sonra bu yaxınlarda keçirilmiş aralıq konfransda bu məsələ gündəliyə gətirildi və bütün üzv ölkələr adından Azərbaycana minnətdarlıq bildirildi.
-Cənab Prezident, Siz qeyd etdiniz, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri oldu. Siz bu səfərin nəticələrini necə qiymətləndirirsiniz və bu səfər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hansı sahələrdə genişlənməsi üçün perspektivlər açır?
- Mən səfəri yüksək qiymətləndirirəm. Bu, Avropa İttifaqı-Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir. Onu da bildirməliyəm ki, bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Onu da bildirməliyəm ki, Məşvərət Şurasının keçirilməsi təşəbbüsünü də mən irəli sürmüşdüm. Avropa İttifaqına təklif etmişdim, onlar da müsbət qarşıladılar. Hər il Məşvərət Şurası böyük səmərə ilə keçirilir. Əgər fəal əməkdaşlıq enerji məsələlərindən başlamışdısa, indi daha geniş sahəni əhatə edir. Ona görə siyasi nöqteyi-nəzərdən bu səfərin çox böyük əhəmiyyəti var. Mən cənab Mişelə də görüş zamanı bildirdim ki, bizim 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər - ya sazişlər, ya bəyannamələr qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək, Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı strateji tərəfdaş hesab edir. Yenə də Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm. Amma başqa bir ölkə desin, görsün, belə bir əməkdaşlıq formatı var, ikitərəfli formatda yoxsa yox? O ki qaldı, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə, bütövlükdə, biz indi bildiyiniz kimi, yeni saziş üzərində çalışırıq. Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır - ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var.
Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna çox böyük önəm göstərir. Misal üçün, deyə bilərəm ki, cənab Donald Tuskun iki il əvvəl Azərbaycana çox qısa müddətli səfəri olmuşdu. Buna baxmayaraq, Ələt Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkdi. Ora getdi, vəziyyətlə tanış oldu, ona təqdimat edildi. Bu, nəyi göstərir? Marağı göstərir. Cənab Şarl Mişel Azərbaycanda olarkən - onu da bildirməliyəm ki, ilk dəfə olaraq, Avropa İttifaqının rəhbəri Azərbaycanın bölgələrinə də səfər edib - Şamaxı şəhərinə, Şamaxı Cümə məscidinə səfər edib. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, çox gözəl bir mesajdır, gözəl jestdir, xüsusilə Qurban bayramı ərəfəsində. Bunu biz yüksək qiymətləndirməliyik. Azərbaycan xalqı da bunu bilməlidir. Şamaxıda ona Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının gələcək fəaliyyəti və turizm imkanları ilə bağlı təqdimat edildi. Yəni nəqliyyat sektoru Avropada çox böyük maraq doğurur. Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Komissiyasının Genişlənmə üzrə Komissarı cənab Varhelyi də Ələt Dəniz Ticarət Limanına baş çəkdi. Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir. Ancaq, gəlin, yada salaq, biz Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki dəstəkləmədi, bunun əleyhinə çıxdı. Bunlar hamısı mənim yadımdadır. Biz o vaxt nə qədər səylər göstərdik ki, Amerika Birləşmiş Ştatları bu layihəni pozmasın. Çünki o vaxt Amerikanın Gürcüstana çox böyük təsir imkanları var idi. Mən bilirəm, Gürcüstana açıq-aydın deyilirdi ki, Gürcüstan bu layihəyə qoşulmasın. Tarixi yaxşı xatırlayıram. Nəyə görə? Ermənistana görə. Erməni lobbisi, hansı ki, bu gün də böyük ölkələrin paytaxtlarında at oynadır, o vaxt bütün gücləri səfərbər etmişdi ki, bu, baş tutmasın, çünki Ermənistan kənarda qalır. Amma Ermənistanın kənarda qalmasının səbəbi, səbəbkarı elə Ermənistandır. Mən deyirdim ki, işğala son qoy və kommunikasiyalar açılacaq, necə ki, indi bunu deyirəm və edirik də. Ona görə o vaxt biz hətta kreditlər üçün müraciət etmişdik. Amma heç kim yaxın durmadı. Biz özümüz - Azərbaycan, Türkiyə, Gürcüstan bunu etdik. Özü də siz bilirsiniz ki, nə qədər maliyyə yükünü Azərbaycan öz üzərinə götürmüşdür. Amma indi həmin Bakı-Tbilisi-Qars dəmiryolu, digər infrastruktur - liman, Azad İqtisadi Zona, perspektivdə Zəngəzur dəhlizi böyük maraq doğurur. Nə üçün? Çünki onlar üçün sərfəlidir. Mən indi bu xatirələri dilə gətirməklə heç kimi ittiham etmək istəmirəm. Olan olub, keçən keçib. Əsas odur ki, biz istəyimizə nail ola bilmişik. Amma bu tarixçə onu göstərir ki, bizim bu təşəbbüslərimiz vaxtında, düzgün atılmış təşəbbüslərdir. Əgər kimsə birinci, ilkin mərhələdə bunu anlamırsa, illər keçdikcə, bunu anlamağa başlayır. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.
- Cənab Prezident, Şarl Mişel Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətmədi. Belə görünürdü ki, o, bunu, necə deyərlər, Sizdən hansısa bir sərt sözləri eşitməmək üçün etdi. Bu, nəyə dəlalət edir? Eyni zamanda, Şarl Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi. Bu da Ermənistanda böyük məyusluğa gətirib çıxarmışdı.
- Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.
Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə, mən başa düşürəm ki, bunu dərk etmək, bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil. Şarl Mişelin statusu, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Nə üçün ondan sonra Dağlıq Qarabağ sözündən istifadə olunurdu? Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz.
Bir də bilirsiniz, gəlin belə danışaq, bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Mən sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə. Bizim ərazimizə onlar 1828-ci ildən - 12-ci, 28-ci ildən sonra köçürülməyə başlamışlar. Onların orada yaşamaları üçün tarixi əsasları yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk, deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox.
- Cənab Prezident, Şarl Mişel Ermənistanda bəyan etmişdi ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstanda isə bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana 2,3 milyard avro vəsait ayıracaq. Azərbaycana isə heç bir vəsait ayrılmır. Bu mövqe nə dərəcədə ədalətlidir?
- Əlbəttə, bu mövqe ədalətsizdir. Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür. Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik. İkinci tezis odur ki, verilən o 2,6 milyardın bir hissəsi kreditdir, bir hissəsi qrantdır. Azərbaycan elə bil ki, kreditlər götürmür. Düzdür, götürmürük, ancaq güzəştli şərtlər olsa, niyə də götürməyək, götürərik. Bir də ki, Ermənistana qrant verilir, yəni hədiyyə. Bizə isə verilmir. Amma buna daha çox bizim ehtiyacımız var. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin. Əlbəttə, biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə ən azı o qədər də bizə verilməlidir. Əgər verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam. Bütün görüşlərdə, o cümlədən cənab Mişellə çox səmimi və açıq söhbət etmişik. Çünki biz ona görə söhbət edirik ki, məsələləri həll edək, bir-birimizin mövqeyini öyrənək. Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək və Ermənistana verilən qədər eyni şərtlərlə bizə də təklif olunsun. Biz o təklifi qəbul edəcəyik, etməyəcəyik bu, başqa məsələdir.
- Cənab Prezident, iyulun 20-də Siz Rusiyada işgüzar səfərdə oldunuz və Rusiya Prezidenti Vladimir Putinlə görüşdünüz. Səfərin nəticələri barədə nə deyə bilərsiniz?
- Səfərin nəticələrini mən müsbət qiymətləndirirəm. Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı. İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu. Hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir. Dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib, halbuki müharibədən dərhal sonra buna etiraz edirdi. Mən deyirdim ki, biz onları məcbur edəcəyik, bəziləri bunu təhdid kimi qəbul edirdi. Amma mən nəzərdə tuturdum ki, biz onları o mənada inandıracağıq. Ancaq avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış Bəyannaməyə ziddir. Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır - dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz. Bu məsələ ilə bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi apardıq və hesab edirəm ki, növbəti mərhələdə İrəvandan daha ümidverici xəbərlər gələcək. Üçtərəfli işçi qrupuna Ermənistan elə bil ki, müvəqqəti olaraq son qoydu. İyunun əvvəlindən bu işçi qrup yığışmır. Rusiyanın Baş nazirinin müavini Ermənistana, Azərbaycana səfərlər edir və məsələləri ikitərəfli formatda müzakirə edir. Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.
Bir məsələyə də vətəndaşların diqqətini cəlb etmək istəyirəm. Baxın, indi Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edib, münasibətlər inkişafdadır. Rusiyaya mənim səfərim olub və müzakirə zamanı – bizim görüşümüz bir neçə saat davam etmişdir – bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb. Türkiyə ilə biz iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzaladıq, əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdıq. Digər qonşu ölkələrlə - İran və Gürcüstanla dostluq əlaqələrimiz güclənir. Qoşulmama Hərəkatı bizə növbəti mandat verib, növbəti dəstək göstərib. Azərbaycan da daxil olmaqla, bu təşkilatda 120 ölkə birləşir. İslam Əməkdaşlıq Təşkilatı daim bizi dəstəkləyir – həm işğal dövründə və həm də müharibədən sonra. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi xüsusilə bu dəstəyi ifadə etmək üçün Azərbaycana gəlmişdir. Görün, bütün aparıcı dünya gücləri ilə bizim əlaqələrimiz nə dərəcədə səmimidir, səmərəlidir və bizim məqsədlərimizə cavab verir. Səbəb nədir? Səbəb bizim düzgün siyasətimizdir, səbəb bizim dürüstlüyümüzdür, sözlə imza arasındakı vəhdətdir və səbəb bizim daxili gücümüzdədir. Çünki bizim bütün tərəfmüqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın çox güclü daxili potensialı var. Biz onu müharibə dövründə, postmüharibə dövründə göstərdik. Bilirlər ki, Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir.
-Cənab Prezident, Vətən müharibəsinin başa çatmasından artıq 8 ay ötüb. Postmünaqişə dövrünü necə qiymətləndirirsiniz?
-Müsbət. Çünki biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq.
Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addım düşünülmüş proqram üzərində olub. Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə. Amma bizim də gündəliyimizin əsasında bütün bu işlər gedir. Mən artıq bərpa işlərinin miqyasını qeyd etdim və buna bir də qayıtmaq istəmirəm. Eyni zamanda, biz şəhid ailələri üçün indi böyük sosial proqramlar icra edirik. Bu ilin sonuna qədər 3 min şəhid ailəsi və müharibə qazisi mənzillərlə təmin ediləcək, təsəvvür edin, 3 min. Artıq 1300-ü təmin olunub və bu sahə də diqqət mərkəzindədir.
Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı - bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.
-Cənab Prezident, vaxt ayırıb bu sualları cavablandırdığınız üçün minnətdarıq Sizə. Çox sağ olun.
-Sağ olun.
Facebook-da paylaş