Ruhun varlığı və təzahürləri
Ruh incəsənətdə, dində, məişətdə və gündəlik həyatda ən çox işlədilən fəlsəfi kateqoriyalardandır. Ruhun tarixi də çox qədimdir. Çoxallahlılıq dövründə də Allahların Ruhunu çağırardılar. Tarix boyu bütün adlı-sanlı filosoflar Ruh haqda nəsə deyiblər. Ruh həmişə fəlsəfənin əsas məsələlərindən biri olub. Birinci növbədə bilmək lazımdır ki, yaddaşlardakı baza bilikləri təfəkkürün genişlənməsi prosesində mühüm rol oynayır və baza bilikləri artdıqca təfəkkür fəzası da böyüyür. Yəni, hər bir insan Ruhdan danışarkən qarşısındakının baza biliklərinin səviyyəsini-imkanlarını bilməlidir ki, anlama prosesi qənaətbəxş olsun. Texniki bilikləri olmayan, humanitar elmlər sahələrinin nümayəndələrinə müasir texnologiyaların əldə etdiyi yenilikləri elmi əsaslarla izah etmək, əlbəttə, xeyli cəsarət və hövsələ tələb edir. Qoy olsun!
Bütün elmlər son nəticədə insanlığı mütləq gerçəkliyə yaxınlaşdırmağa xidmət edir. Bu mənada müxtəlif ölçülü həcmlərdə baş verən hadisələri mükəmməl dərk etmək üçün təfəkkür fəzasının rolu danılmazdır. Təfəkkür fəzası cisimləri və ya cisimlər sistemlərinin-toplumunu bütün mahiyyətiylə dərk etməyə, onları bütöv görməyə və ya duymağa xidmət edir. Müstəvi koordinat sistemi mütləq-həqiqi gerçəklikdən ən azı bir ölçü uzaqdır. Həcmi görüntü üç ölçülü koordinat sistemində həqiqətə daha yaxındır. Yazılanlara və deyilənlərə görə, ən qədim mənbələrdə göstərilir ki, Musa peyğəmbər müqəddəs Ruhu üfürülən hava axını, sonsuz səhralarda quraqlıq və ya canlanma yaradan yel, meh, külək kimi dəyərləndirmişdir. Sonralar Ruh daha geniş mənalar kəsb etmişdir:
Bibliya tərcümə institunun 1993-cü ildə çap etdirdiyi “İncil” də Ruh haqda yazılanları olduğu kimi verirəm:
Qurani-Kərimin 17-ci, İsra surəsinin 85-ci ayəsində “(Ya Məhəmməd) Səndən Ruh (Ruhun mahiyyəti və keyfiyyəti) haqda soruşsalar De ki; Ruh Rəbbimin əmrindəndir (Allahın əmri ilə yaradılmışdır) Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir!”
İslamda Ruh toxunulmazdır. Yəni, Ruh tam Allahın səltənətinə aiddir. Lakin, Allahın ən sevimli möcüzəsi sayılan ağıl, düşüncə, zəka, təfəkkür, dərrakə Allah tərəfindən məhz insanlara verildiyindən insanlar Allahın möcüzələrini zaman-zaman anlamağa cəhd göstərirlər.
Bütün dini, səmavi kitablarda Ruh haqda verilən informasiyalardan belə bir nəticə çıxarmaq olar ki, Ruh maddi varlıq deyil. Ruh mənəvi istəkdir, hər hansı ali canlının təzahürünün, gözləntilərinin informasiya sahəsinin məcmusudur. İnformasiya sahəsi dedikdə istənilən obyekt haqda olan şifahi, yazılı və ya elektron informasiyaların cəmi başa düşülür. İnsan beynində səs və ya video informasiyalar üçün yaddaş elementləri mövcuddur. İstənilən obyekt haqda məlumatlar yaddaş bazalarına yazılır və istənilən vaxt tələbə uyğun informasiyalar idrakda canlandırılır. İllərlə əvvəl dünyasını dəyişmiş insanın səsi qulağımızda, əksi isə gözümüzdə aydınlaşır. Güclü insan və zəka sahiblərinin təfəkküründə keyfiyyətli sintez və analiz getdiyindən onların Ruhu da uzun illər saxlanılır və nəsillərdən-nəsillərə ötürülür.
Türk-İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi ən nadir simalardan, söz-təfəkkür ustadlarından biri sayılan Mövlana Cəlaləddin Rumi demişdir: “Ölümünüzdən sonra məzarınızı yerdə axtarmayın! Bizim məzarımız ariflərin qəlbindədir”. Ruh mövcudluğu arzu olunan ən cəlbedici-xəyali-irrasional istəkdir, substansiya deyil.
Ruh, bəşər övladının təfəkkür sistemində istənilən, arzu olunan obyektin canlandırılması, təsviri, sərgilənməsi və ya inikasıdır. Ruha inam, Allaha inamın davamı və ya göstəricisidir. İnsan zəkasını nurlandıran məhz Allahın Ruhudur.
Qurani-Kərimin Nur surəsinin 35-ci ayəsində deyilir: “Göylərin, yerin nurudur Allah! Onun nuru, içində çıraq olan bir qəndildir elə bil. Bir şüşənin içindədir o çıraq. Şüşə isə inci kimi parlayan bir ulduzdur elə bil. Nə şərqdə, nə qərbdə bitən mübarək zeytun yağıyla yanar bu çıraq. Od dəyməsə də bu yağa, hazırdır aləmi nurlandırmağa.
“Ruh, fəlsəfədə-psixi fəaliyyətin yüksək forması olan ideal şuür, təfəkkür, zəka anlayışlarının eyniyyəti kimi işlədilən termin; maddi, təbii başlanğıcdan fərqli olaraq qeyri- maddi başlanğıcı bildirən fəlsəfi anlayışdır. Fəlsəfənin əsas məsələsi baxımından Ruh materiyaya qarşı qoyulur. Platon və Aristotel Ruhu nizamsız materiyanı formalaşdıran xalis ideal qüvvə kimi başa düşürdülər. Orta əsr teoloqları Ruhu Allah ilə eyniləşdirir, oun maddi varlığı yaradan varlıq, şəxsiyyət hesab edirdilər. Yeni dövrdə subyektiv idealizm mövqeyindən çıxış edən filosoflar fərdin şüurunun hər hansı ünsürünü Ruhun mahiyyəti kimi qələmə verirlər. Materialistlər həmişə Ruhu materiyanın xassəsi-halı kimi başa düşürlər. F.Engels düşünən Ruhu materiyanın ən yüksək məhsulu sayırdı. Dialektik materializm Ruhu (fərdi və ictimai şüuru) maddi amillərdən törəmə hesab edərək təbiət ilə yanaşı maddi ictimai münasibətlərə də maddi amillər kimi yanaşır.
Ruh psixologiyada insanın daxili aləmini-psixikasını ifadə edən anlayışdır. Dini təsəvvürlərə və idealist psixologiyaya görə Ruh bədəndən asılı deyil, müstəqildir. Onu yalnız daxili müşahidə ilə dərk etmək mümkündür. Ruhun canlı cisim forması kimi öyrənilməsinə ilk dəfə Aristotel elmi yanaşmışdır. Aristotelə görə Ruhun üç növü: Qidalanan Ruh ( bitki Ruhu), hiss edən və ya duyan Ruh (heyvan Ruhu) və dərk edən Ruh (insan Ruhu) var. Dekart Ruhla bədənin qarşılıqlı münasibətini psixo-fiziki problem çərçivəsində həll etməyə çalışmış, Q.Leybnis Ruhun duymaq və arzulamaq xassələrini qeyd etmiş, C.Lokk Ruhi hadisələri (duymağı və ideyaları) öyrənməyi əsas götürmüşdür.
XX əsrin ortalarından eksperimental psixologiyada Ruh anlayışı tədricən psixika anlışıyla əvəz edilmişdir.” АСЕ 8-ci cild səhifə 232.
Pifaqorun eramızdan 500 il əvvəl söylədiyi iki əlamətdar fikri fəlsəfə tarixində iz buraxmışdır: I – Ruhun bir canlıdan digərinə keçməsi, II – hadisələrin və talelərin təkrarı və dövranı. Məşhur neoplatonçu Porfiriy bu barədə belə yazmışdır: “Pifaqorun fikrincə Ruh ölməzdir, dünyada baş verən bütün hadisələr fasilələrlə yenidən təkrarlanır”.
Orta məktəbin fizika kitablarında, səs və ya akustika bəhsində belə bir təcrübə təqdim olunur: İki eyni ölçülü içi boş, bir tərəfi açıq ağacdan düzəldilmiş düzbucaqlı prizmanın (həcmi rezonator) birinin üstündə kamerton, “U” şəkilli metaldan səs mənbəyi var. Çəkiclə (başı rezindən) vurduqda kamerton, qutu ilə birlikdə səs verir, uğuldayır.
Bu təcrübənin ən orijinal variantını keçən əsrin əvvəllərində məşhur İtaliya müğənnisi Enriko Karuzo nümayiş etdirirdi. O, boş şərab bakalını çırtma vurub səsləndirdikdən sonra müəyyən məsafədən həmin səsi olduğu kimi özü səsləndirir və hər iki səs rezonansa gələndə bakal parça-parça olub qəlpələnirmiş. Tamaşaçılar dəhşətə gəlirdilər.
Həcmi olan cismin müəyyən səs dalğaları ilə münasibətdə olması, içi boş rezonatorların rəqsi saxlama müddəti (rezonatorun keyfiyyətliliyi) musiqi alətlərində istifadə olunur. İnsanlar ilkin musiqi alətlərini yaradanda təkamüllə gəlib rəqs sistemlərinə çıxmışlar. Məşhur Stradivari özünün skripkalarını yaradanda fəhmlə yaradıb, duyğu ilə təkmilləşdirib. İndi isə hər bir alət bir rəqs sistemi kimi qəbul edilir. Böyük ölçülü musiqi alətləri uzun dalğalara, kiçik ölçülülər isə kiçik dalğalara cavab verir və ya kiçik dalğalarla münasibətdə olur. Orkestri təşkil edən alətlər, yaxşı olar ki, bütün səs diapazonunu tutsunlar. Onda çalınan simfoniya bütün əzəməti ilə səslənəcək. Duyğularımız bizi həqiqətə bir az da yaxınlaşdıracaq.
Ən böyük ölçülü simli alətlər, ən aşağı kişi səsinə uyğun Basso – aşağı səsə aid alətlərdir: Məsələn, kantrobas, ən aşağı səsə cavab verən alətdir. Simli alətlərin ən kiçiyi skripka ən yüksək tezlikli registrli alətdir. Simin altındakı həcmindən, yəni rezonatorun ölçüsündən asılı olaraq simli alətlərdə səsin tezliyi və tembri dəyişir. Bizim eşitmə orqanımız: qulaq seyvanı, orta qulaq və iç qulaq birlikdə səs rezonatoru təşkil edir. İç qulaq reseptorlar vasitəsilə beyinlə əlaqədədir. Qulaq pərdəsinin rəqsləri beynin səs rəqslərinə cavab verən hissələrinə çatanda biz eşidirik. Hər bir insanın səs mənbəyi tənəffüs sistemi, ağız və burun boşluqları və səs tellərindən ibarətdir. Səs tellərinin ölçüləri müxtəlif insanların səslərini fərqli edir. Biz tanışlarımızın səsini onların səsindəki obertonların (yüksək tezlikli toplananların) sayı ilə fərqləndiririk. İnsan beyninin həcmi, oradakı labirintlərin incə quruluşu, yaddaş elementlərinin sayı informasiyanın saxlanma müddətinə cavabdehdirlər. Fiziki elektronikada məntiq elementləri, yaddaş elementləri geniş tədqiq olunur. Süni intellektin yaradılmasında elektronikanın rolu danılmazdır. Keçən əsrin 60-70-ci illərində bu elementlərin ölçüləri xeyli böyük idi. Çünki o vaxt əsasən elektron və ion (plazma) cihazlarından istifadə olunurdu.
Ruh canlıların yaddaşında qaldığından ölməzdir. İnsanlığın yaşı sonsuzdur. Məhz elə bu səbəbdən informasiya bir canlıdan digərinə keçir, bütün hadisələr təkrarlanır və dünyada təzə heç nə baş vermir, Pifaqor demişkən.
Səmavi kitablar nazil olan zamanlarda həcmi rezonatorlardan söhbət gedə bilməzdi. Onda bütün elmlər rüşeym halında bəzi alimlərin təfəkküründə yenicə yaranırdı. Müxtəlif həcmlər, onların ölçüləri, münasibətdə olduqları dalğalar: optik, səs, hüceyrə ölçülü həcmi rezonatorların gerçək fəaliyyəti anlaşıla bilməzdi. Yaradan bilər, lakin onları insanlara çatdıra bilməzdi. Deyilənlər hamısı hökm şəklində təqdim olunurdu. Yəni, belədir, vəssalam! Başqa cür ola da bilməz!
Canlı aləmin inkişafı, hüceyrənin bölünməsi prosesinin anlanılması üçün min illər tələb olunurdu. Fiziologiyada hüceyrənin səthinin-həcminə nisbətinin (r – hüceyrənin radiusudur) nisbəti ilə təyin olunması bölünməni səciyyələndirən ən vacib parametrdir. Çünki yaşam, hüceyrənin bölünməsi ilə bağlıdır. Hüceyrələr müstəqil obyektlər kimi təsəvvür edildikdə nisbəti başa düşüləndir: yəni səth artdıqda toqquşmaların ehtimalının sayı artacaq, enerji mübadiləsi hesabına hüceyrə bölünəcək. Digər tərəfdən əgər həcm böyüyürsə hüceyrənin mütəhərrikliyi azalır.
Enriko Karuzonun dünyaya səs salmış təcrübəsində iş görən səs dalğaları və səs rəqsləri idi. Bizim eşitmə orqanımız, qulaqlarımız müəyyən diapazonda (16 Hs-dən - 2000 Hs-ə kimi) yerləşən səs rəqslərini eşidir. Görmə orqanımız, gözlərimiz isə çox dar bir zolaqda (0,4 ÷ 0,8 mkm) elektromaqnit dalğalarını görür. Elektromaqnit dalğalarının şkalası isə çox genişdir. Bizim orqanizmimizdə ən çox iş görən dalğalar boyumuz boyda və ondan kiçik ölçülü dalğalardır. Mobil telefonlarımız isə 0.1mm -1m diapazonunda olan dalğalarla işləyir. EM dalğaları vasitəsilə qızdırmaq, yandırmaq, kəsmək və s. mümkündür. Səs dalğalarının yayılması üçün mühit tələb olunur. Vakuumda səs dalğaları yayılmır. Demək, kainatda səs dalğalarının yayılmasından söz gedə bilməz. EM dalğaları isə elektrik və maqnit toplananları bir-birinə perpendikulyar olmaqla istənilən yerdə yayıla bilir. Bu dalğaların ən güclü mənbəyi günəşdir. Biz kosmik fəzadakı sonsuz sayda obyektləri onların şüalandırdığı və ya əks etdirdikləri EM dalğaları (işıq) rəqsləri vasitəsilə görürük. Bütün növ EM dalğaları informasiya daşıyıcılarıdır. Canlı orqanizmlərdə gedən proseslərin hamısı EM dalğalarının iştirakı ilə baş verir. Müxtəlif dini cərəyanların ayrı-ayrı möcüzələri vahid qüvvəyə bağlamaları da məhz EM dalğalarının sonsuz əməllərinin nəticəsidir. İnformasiya daşıyarkən modullaşan da, interferensiya edən də, dispersiyaya uğrayan da elə hər yerə nüfuz edən də EM dalğalarıdır.
Uzun illərdir Kraniologiya (kranion – kəllə (qafa), qafa tası deməkdir). Antropologiyada müxtəlif millətlərin və irqlərin kranioskopik cihazlar vasitəsilə qafa tasının ayrı-ayrı hissələrinin ölçüləri və formalarının variasiyalarını tədqiq edən elm sahəsi kimi fəaliyyət göstərir. Bir tərəfdən qafa tasının müxtəlif variasiyalarının olması Yer kürəsinin müxtəlif dövrlərdə müxtəlif tərkibli EM – dalğaları şüalanmalarına məruz qalmasının göstəricisidirsə, digər tərəfdən qavrama prosesində kəllə çanağının həcmi rezonator kimi rolunun olmasıdır. Qafa tasının həcmi rezonatorun rezonans tezliyinin qiymətinə, ayrı-ayrı hissələrin ölçülərinin variasiyası isə yüksək hormoniyaların registrinə təsir göstərməlidir.
EM dalğalarının insan orqanizmində yarada biləcəyi sirli və möcüzəli fəaliyyətini ilk dəfə dərk edən də XIX əsrin sonunda, XX əsrin əvvəllərində San- Fransiskolu həkim Albert Abrams olmuşdur. Çünki məhz həmin illərdə Nikola Tesla Dünyada ilk dəfə (1889-1891-ci illərdə) yüksək tezliklər texnikasının əsasını qoyurdu. Çox fazlı elektrik maşınları, Tesla transformatorları, yüksək tezlikli boşalmalar, enerjinin və siqnalların məsafəyə naqilsiz ötürülməsi və s. həyata keçirilirdi. Abrams atasından qalan var-dövləti götürüb zəmanəsinin ən qabaqcıl texnologiyaları əsasında yaradılan tibbi istiqamətlərə yiyələnmək üçün Almaniyanın Qeytelberq şəhərinə üz tutmuşdur. Yuxarıda diqqətinizə çatdırdığım Karuzonun şərab bakalı ilə göstərdiyi foksu da elə həmin illərdə görmüş və bu hadisəni canlı orqanizmlərə tətbiq etməklə yeni müalicə üsulları yaratmaq haqda fikirləşmişdi. ABŞ-a qayıdan Abrams Stenford universitetindəki tibb mərkəzində çalışır. O, həm güclü diaqnostik, həm də mahir perkussionist (ayrı-ayrı orqanları barmaqları ilə tıqqıldadıb, sağlam və xəstə orqanların verdikləri səsin fərqinə görə diaqnoz qoymaq) imiş. Günlərin birində rentgen qurğusu qoşulu olduqda O, hiss edir ki, sanki rentgen şüalanması zamanı barmaqlardan gələn səs boğulmuş halda olur. Abrams xəstəni çevirib işini davam etdirdikdə məlum olur ki, xəstə şərq-qərb istiqamətində uzandıqda effekt təkrarlanır. Məlum olur ki, Yerin geomaqnit sahəsi ilə insanın elektromaqnit sahəsi arasında əlaqə mövcuddur. Sonralar O, söndürülmüş rentgen qurğusu ilə xərçəngi olan xəstələrdə də həmin effekti görmüşdü.
Sonralar Abrams müəyyən etdi ki, xəstə toxumanın şüalanmasını elektrik yükləri kimi naqil vasitəsilə məsafəyə də göndərmək olar. Lakin sağlam bədənin eyni yeri yalnız bir xəstəliyə deyil, müxtəlif xəstəliklərə reaksiya verə bilər.
1924-cü ildə Abrams vəfat edən kimi bütün tibb jurnalları onu şarlatanlıqda təqsirləndirirlər. Abramsın kəşfi ondan ibarət idi ki, istənilən materiyanın şüalandırdığı dalğaları məsafədən insanların refleksindən detektor (ayırıcı) kimi istifadə etməklə qəbul etmək olur. Yəni məsafədən müalicə və diaqnoz qoymaq mümkündür. Abramsın ardıcılları radio həvəskarları Çikaqo şəhərində yaşayan doktor Q.V.Viggelsvort, elektronika sahəsində mühəndis işləyən qardaşı ilə birlikdə əvvəllər Osilloklastı bəyənməyib tənqid edənlər sonradan “Abramsın qutusu”na azacıq əl gəzdirib xeyli müvəffəqiyyət qazanır və qurğuya dəyişən-tutumlu kondensator əlavə edib adını Patoklast (xəstəlik dağıdan) qoyurlar. Sonralar Patoklastdan istifadə edənlər birləşib “Patoklastlar Assosiasiyası” yaradırlar.
Keçən əsrin 30-cu illərində Patoklastın bir neçə müxtəlif təkmilləşdirilmiş variantlarını hazırlayırlar.
Oksfordlu mühəndis Corc de la Varr və həyat yoldaşı osteopat (sümük potologiyası üzrə mütəxəssis) Maryori düşüncə rezonatoru adlandırdıqları bir neçə tibbi cihazlar ixtira etmişdilər. Həmin cihazların vasitəsilə de la Varr öz laboratoriyasında (1969-cu ildə vəfat edənə qədər) canlı və cansız cisimlərin şüalandırdığı zəif sahələrin xassələrini tədqiq edirdi. Onun fikrincə bütün canlılar müntəzəm olaraq müxtəlif tezlikli EM dalğaları şüalandırırlar. Bunu sadə elementlərdən, molekullardan tutmuş həyatın ibtidai və ali formalarına da aid etmək olar.
De la Varr öz təcrübələri əsasında çox böyük kəşf etmişdi: istənilən bitkidən qoparılmış yarpağın şüalanması bitkininki ilə eynidir. Beləliklə, qanın analizi, hətta fotoşəkil insana necə bağlıdırsa eləcə də insanın şüalandırdığı dalğalar orqanizmə bağlıdır. De la Varr müəyyən etmişdi ki, böyük məsafədən fotoşəkil və ya bir damla qan vasitəsilə diaqnoz qoymaq olar. De la Varr yazırdı: “belə çıxır ki, materiyanın hər bir molekulası özünəməxsus rəqslər generasiya edib radioötürücü kimi işləyə bilir.” Beləliklə, molekullar qrupu qruplaşmış şüalanma yaradır. Demək, bitkidən və ya insandan şüalandırılan sahə məxsusidir, fərdidir. Hər bir insan və ya bitki öz dalğasında da qəbul edir.
Keçən əsrin əvvəllərində, Albert Abramsın başına gələnləri oxuduqca Sovet dövründə fakultəmizdə baş verən hadisələr yadıma düşür. 1960-1990-cı illərdə bizim Fizika fakultəmizin “Fiziki Elektronika” kafedramızda rəhmətlik, sevimli müəllimimiz, professor Əfəndiyev Qafar müəllim plazma fizikası sahəsində özünün yaratdığı elmi istiqamətdə diplomçuları, aspirantları ilə birlikdə bütün İttifaqda tanınan işlər aparırdı. Yazıq deyirdi ki, hər gün axşam növbəsinin dərsləri qurtaranda evdən gəlib (evləri BDU-ya yaxın idi) otaqlardakı şüşə qurğuları yoxlayıb gedirəm.
Oxucular deyəcəklər, bəs Sovetlərdən sonra? Sovetlərdən sonra bütün vəzifələr tanışlıqla paylandığından elmi işlər də ərşə çəkildi. Aparıcı insanlar gözdən düşdülər, küsdülər və yavaş-yavaş elmi də özləri ilə aparıb getdilər.
Altı min il tarixi olan Şərq təbabətindəki canlı obyektlərin ətrafında yaranan sahə (aura) müəyyən mənada ruha yaxınlaşmağa imkan yaradır. Şərq təbabəti biliciləri, Çin və Tibet lamaları insanların ətrafında yaranan auraya təsir edərək müəyyən müsbət nəticələr əldə edirlər. Bu istiqamətdə ən dəyərli təcrübələri 1984-cü ildə Rusiya Təbiət Elmləri və Nyu-York akademiyasının üzvü Pyotr Petroviç Qoryayev (Moskva Dövlət Universitetinin Biologiya fakultəsində) aparmışdı. O, DNT turşusunun ətrafında mövcud olan Fantom (Phantasma Yunan dilində xəyal deməkdir) adlandırdığı rəqslərin mövcudluğunu isbat etmişdi. İçərisində nümunə olan küvet (şüşə borunun) bir tərəfdən lazerin çıxışı ilə, digər tərəfdən spektroqrafın girişi ilə əlaqələndirilir. Lazer şüaları nümunədən keçib spektrometrə düşür. Nümunə sağlam dananın mədəaltı vəzindən götürülmüşdü. Şüanı təşkil edən dalğalar ölçülərinə uyğun gələn DNT turşusu hüceyrələri ilə təmasda olub çıxışda modullaşmış rəqslər yaradırlar. Günün sonunda nümunə küvetdən götürülür. Səhərisi gün nümunəsiz küvetin çıxışında yenə dünənki rəqslər müşahidə olunur.
1986-cı ildə Nobel mükafatı almış, molekulyar şüaların kəsişmə nöqtəsində gedən kimyəvi reaksiyaların sürətini tədqiq edən çinli alim Yuan Li bir az da qabağa gedib demişdi: “Mənə istədiyim cihazı verin, sizə sonuncu Tutanxamonun dəfn mərasimində (3500 il əvvəl) baş kahinin son sözlərini deyim”. Söhbət ondan gedir ki, fironları dəfn edərkən onların cənazəsi qoyulmuş Sarkofaqın ətrafında 12 kahin dualar oxuya-oxuya fırlanırlar və hər bir dövrdən sonra axırdan bir kahin sıranı tərk edir. Axıra qalan baş kahin duanın son kəlmələrini deyib Sarkofaqın qapağını örtür.
2020-ci ilin sonunda ruhun məhz müəmmalı olmasını istəyənlərin hər cürə dözülməz təpkisinə dözməyən Qoryayev 78 yaşında ürək tutmasından vəfat etdi. (bəziləri deyir, öldürüldü) Bir neçə ölkə tərəfindən elmi nəticələri Nobel mükafatına təqdim edilmiş akademik P.P.Qoryayevin əziz xatirəsi onu sevənlərin qəlbində hələ uzun müddət qalacaqdır. Ruhu şad olsun! Amin!
Oxuculara bildirirəm ki, Youtube-da Dünya səviyyəli, baxılan və sevilən Ukraynalı bloger Dmitriy Qordonun professor P.P. Qoryayevlə və St-Peterburq universitetinin dilçilik kafedrasının müdiri prof. Tatyana Vladimirovna Çerniqovskaya ilə müsahibələri var. Hər iki müsahibədə bizim fikrimizlə həmahəng olmaqla bərabər həm də çox müasir elmi səviyyədə söhbətlər gedir. Müasir Psixolinqvistika və Neyrolinqvistika sahələrinin görkəmli nümayəndəsi professor Çerniqovskaya deyir ki, indi inteqral fəaliyyəti bütöv anlanılmamış beyni tam öyrənmək üçün yeni metodologiya tələb olunur. Hər bir neyron hüceyrəsinin ətrafında Günəş sistemində olduğu kimi onlarla nano ölçülü peyklər fırlanır. Beynin yaddaşında qalan da elə peyklərin həmin andakı vəziyyətləridir. Nano texnologiyanın inkişafı gələcəkdə insan beynində baş verən, indi dərk edə bilmədiyimiz prosesləri üzə çıxaracaq. Qoryayev ruhun və ya maddənin birinciliyini özünəməxsus tərzdə həll edir: O deyir: təfəkkürdəki fikir danışıq prosesində sözə çevrilir. Söz, səs dalğalardır-maddidir, və ya yazılır. Yazı da təfəkkürdəki fikrin-düşüncənin maddiləşməsidir.
De la Varr, insan təfəkkürü ilə bitkilərə göstərilən təsiri özünün ən güclü təcrübəsi hesab edirdi. Bu o deməkdir ki, insan təfəkkürü hüceyrə qəfəsinin yaranmasına təsir göstərə bilir. O, bu fikri Britaniyanın ən görkəmli fiziklərindən birinə deyib, həm də əlavə edir ki, fikri düzgün yönəltməklə kainat enerjisinə də çıxmaq olar. Onun bu fikrinə fizik çox kəskin cavab verir: “Mən sizə inanmıram, Mister de la Varr deyir. Əgər siz düşüncənizlə bitkinin atomlarına təsir edə bilirsinizsə onda biz gərək materiya haqda biliklərimizə əl gəzdirək.” “Əlbəttə,- deyir de la Varr, - hətta müasir biliklərin hamısını silkələmək lazımdır. Həmin enerji riyazi formullara necə daxil olacaq. Enerjinin saxlanma qanunu necə ifadə olunacaq?” Doğrudan da çox çətin məsələdir.
Bəli, Albert Abramsın da, de la Varın da, P.P.Qoryayevin də çoxlu paxıllığını çəkənlər, işlərinə mane olanlar və düşmənçilik edənlər olub. Hamısı da həkimlər. Hippokrat andı içən həkimlər. Pula-paraya sitayiş edən, yarımştat Əzrailə qulluq göstərən həkimlər. Pandemiya vaxtı həkimlərin iç üzü çıxdı üzə. Milli gəlirin qeyri-bərabər bölünməsinin ən parlaq nümunələri, ayda 200 AZN-ə qulluq edən həkimlər, indi özünüzü pulun gətirəcəyi müsibətlərdən qoruyun.
Yanoş Məhərrəmov
Şəffaflıq.az
Facebook-da paylaş