Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub
Türkiyədə tanınmış azərbaycanlıların irsinin araşdırılması, tədqiqi və təbliği çərçivəsində Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Türkiyədə tanınmış azərbaycanlıların izi ilə" adlı layihə çərçivəsində "Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu" kitabı türkcə nəşr edilib. Kitab Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materiallarına əsaslanıb. Nəşr azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən hazırlanıb. Kitabda ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri yer alıb. Tərtibçi Dilqəm Əhməd vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir. Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəy Ağaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaq istəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir. Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixində maarifçilik, millilik və modernləşmə ideyalarını bir araya gətirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur. O, Şərq və Qərb dəyərlərini uzlaşdırmağa çalışan, milli düşüncənin formalaşmasında mühüm rol oynamış görkəmli ziyalılardandır. Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də verilib. Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada doğulan, xalqın maariflənməsində mühüm xidmətlər göstərən Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı, Anadolu Agentliyinin ilk direktorlar şurasının sədri olmuş, Türkiyədə isə ictimai-fəlsəfi məzmunlu bir sıra əsərlərin müəllifidir. Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin 2-ci və 3-cü çağırış millət vəkili olub. O, Türkiyədə tanınmış azərbaycanlı olaraq milli dövlətçilik və modernləşmə ideyalarının inkişafına töhfələr verib, cümhuriyyətin ideya mühitinə təsir göstərən önəmli fikir adamlarından biri hesab olunur.
Facebook-da paylaş








