Prezident Salome Zurabişvili isə Tiflisdə şam etdiyi restorandan çıxan zaman etirazçılar tərəfindən fitə basılıb.

 Xüsusi təyinatlı qüvvələri parlament önündəki aksiyanı dağıdıb, prezident restorandan çıxanda fitə basılıb;
Hikmət Hacızadə: “Gözləmirəm ki, Gürcüstan tezliklə rusun əsarətinə düşsün”
Gürcüstanın xüsusi təyinatlı qüvvələri Tiflisdə parlament binası önündəki etiraz aksiyasını dağıdıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı Rustavi-2 televiziyası yayıb.
Xüsusi təyinatlılar əvvəlcə etirazçılara çadırlarını parlamentin girişindən yığışdırmaq xəbərdarlığı ediblər.
Etirazçıların bu xəbərdarlığa məhəl qoymamasından sonra onlar aksiyanı dağıtmağa başlayıblar. Nəticədə 2 nəfər xəsarət alıb, 18 nəfər həbs edilib.
Prezident Salome Zurabişvili isə Tiflisdə şam etdiyi restorandan çıxan zaman etirazçılar tərəfindən fitə basılıb.
Restoran yaxınlığına toplanan etirazçılar buraya daxil olmağa çalışsalar da, prezident mühafizəsi onlara imkan verməyib.
Tezliklə hadisə yerinə əlavə polis dəstələri çağırılıb. Yaradılan xüsusi dəhliz sayəsində Zurabişvili restorandan çıxaraq avtomobilinə əyləşib.
Etirazçılar Zurabişvilini “yararsız prezident” adlandıraraq, hökumətin artıq heç bir üzvünə rahatlıq verilməyəcəyini vurğulayıblar.
Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili isə müxalif qüvvələrin mitinqinə dəstək verib. Marqvelaşvilinin sözlərinə görə, etiraz aksiyaları hökumətin tələbləri yerinə yetirənə qədər davam etməli və 2020-ci il parlament seçkisi proporsional sistemdə keçirilməlidir.
Marqvelaşvili hökumətin müxalifət qarşısında güzəştə getməməsini də sərt tənqid edib. Eks-prezident xalqa müqavimət göstərən siyasi qüvvənin gələcəyinin olmadığını söyləyib.
ABŞ-dan olan siyasi analitik Mark Voyqer deyib ki, gürcü xalqı NATO və Avropa Birliyi kimi Qərb institutlarına inteqrasiya olmaq istəyir:“Hökumət etirazçıların səsinə qulaq verməlidir. Vaxtilə Gürcüstanda xalq və hökumət arasında birlik vardı.
Təəssüf ki, Rusiya indi Gürcüstan elitasını “zəbt etməklə” məşğuldur. Rusiyaya suveren müttəfiqlər lazım deyil, ona vassallar və kölələr lazımdır.
Əgər Gürcüstanda kimsə inanırsa ki, Rusiya bərabərhüquqlu əməkdaş olacaq, onlar yanılırlar. Bu, “Gürcüstan arzusu” yox, ”Rusiya dəhşəti” olacaq”.
Politoloq Hikmət Hacızadə musavat.com-a təhlilində qeyd etdi ki, cəmiyyətin bir hissəsi hökumətdən narazıdır. Onun fikrincə, mövcud hakimiyyətin qeyri-professional və rus siyasəti etiraz doğurmaqdadır.
“Etirazçı qüvvə seçkini bir instrument kimi görür və erkən seçki, proprsional sistem tələb edir. İndiki qarışıq sistemdir və onun mojaritar hissəsində iqtidar adamları asanlıqla udurlar, pul keçir. Ona görə proporsional seçki tələbi var. Amma hökumət də hakimiyyətdən getmək istəmir”, - deyə H.Hacızadə dedi.
Ekspert hesab etmir ki, Qərb Gürcüstanı əlindən buraxıb: “Tam elə qiymətləndirmək olmaz. Amma Rusiyaya tərəfə gedirlər. Paralel olaraq, gürcü hökuməti Qərb proqramları ilı çıxış edir, NATO proqramlarında iştirakı var. Gözləmirəm ki, Gürcüstan tezliklə rusun əsarətinə düşsün. Çünki Qərbdən kömək gəlir. Bu dəstək həm maddi, həm hərbi, həm intellektual formadadır. Üstəlik, açıq viza verilib. Bunlardan imtina etmək mümkün deyil. Rusiya bu imtiyazları əvəz edə bilməz. Sadəcə, etirazlar da ümummili deyil, yoxsa çoxdan parlamenti tutardılar.
Ölkənin siyasi müxalifətində aktiv hissə etiraz edir və nümayişlər Tiflisdən kənara çıxmır, bütün ölkəni etirazlar bürüməyib. Yəni, bu faktora da diqqət yetirmək lazımdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib ki, keçmiş prezident Mixail Saakaşvili hakimiyyəti dövründə mühüm islahatları ilə ölkəni Rusiyadan Qərbə yönəltməyə, Gürcüstanı avropalaşdırmağa çalışırdı. Ancaq Saakaşvilinin Qərbə inteqrasiyası etirazlar səbəbi ilə natamam qaldı.
“İndiki prosesə baxsaq, görərik ki, Gürcüstan xaricdən “Avropa tipli” ölkə kimi görünsə də, hakimiyyətlə xalqın arasındakı münasibətlər hələ tam formalaşmayıb. Bu isə ölkədə marağı olan xarici qüvvələrin öz maraqlarını asanlıqla həyata keçirməsinə, kütləni rahat ayaqlandırmasına səbəb olur”.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}