Ukraynadakı müharibə: Dağıdılan SES, hərbi əməliyyatlarda səbəb-nəticə əlaqəsi - TƏHLİL + FOTO


Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılmasından sonra ortaya iki sual çıxır:

- Rusiyanın Ukraynadakı hərbi kampaniyasında taktiki uğursuzluqlarının davamı gələcəkmi?

- SES-in partladılması Ukraynanın əks-hücum əməliyyatlarının qiymətləndirilməsində hansı proqnozlar çıxarmağa imkan verir?

Birinci növbədə vurğu Moskvanın üzərinə yüklənilə bilər, çünki hələ hadisədən əvvəl yayılan informasiyalarda göstərilirdi ki, Rusiya Xerson vilayətində hazırladığı müdafiə mövqelərinə və qüvvələrinə ziyan vurmaq bahasına olsa belə, Dneprin aşağı axarındakı sahilyanı əraziləri daha çox su basmasında maraqlıdır.

Deməli, bəndin dağıdılmasından sonra belə nəticəyə gəlmək olar ki, Rusiya yaranan daşqınları hərbi üstünlük fürsətinə çevirərək Ukraynanın əks-hücum cəhdlərinin qarşısını almağa və Dnepr çayı boyunca uğur qazanmağa cəhd edir.

Lakin ziddiyyətli məqamlar var, belə ki, SES-in partladılmasına görə Rusiya və Ukrayna bir-birini təqsirləndirirlər. İndi əsas məsələ hadisəni kimin etdiyi yox, bunun sonrakı döyüş əməliyyatlarına mümkün təsirlərini ölçməkdir.

Rusiya:

- Ukraynanın əks-hücum əməliyyatlarında uğursuz olduğunu iddia edərək Kiyevin təxribata getdiyini bildirir;

Ukrayna: 

- Özünün mümkün potensial irəliləyişlərindən və əks-hücumlarından Rusiyanın narahat olduğunu bildirərək Moskvanın provokasiya törətdiyini qeyd edir.

Bəzi kadrlarda Rusiya qüvvələrinin su basmış mövqelərdən geri çəkildiyi görünür, hərçənd, ehtimallar var ki, Ukraynadan genişmiqyaslı hücum əməliyyatlarını proqnozlaşdıran Rusiya SES-in partladılmasından sonra müdafiə mövqelərini yaxşılaşdıracaq.

Ancaq Ukrayna SES-in dağıdılmasının əks-hücum əməliyyatlarına təsir edəcəyini gözləmir, hadisənin qüvvələrin yerləşdiyi regionlarda ərazi relyefinə və qoşunların mövqeyinə hansı təsirlər etdiyini isə dəqiq təsvir etmək çətindir.

Çünki hər iki tərəf çıxardığı informasiyalar və verdiyi rəsmi açıqlamalarla bir-birinin hərbi əməliyyatlarını uğursuzluq kimi xarakterizə edir, bununla SES-in dağıdılması arasında səbəb-nəticə əlaqələri qururlar.

Rusiyanın Ukraynanın cənub cinahında irəliləmək potensialı yoxdur, o, indi daha çox müdafiəyə ehtiyac duyur, lakin bu düşüncə də hakimdir ki, NATO-nun Kiyev üçün tərtib etdiyi əks-hücum əməliyyatlarının qarşısında tab gətirə bilməyəcək.

Ancaq Ukrayna da müharibə zonasının cənub köşəsindəki kimi, şərq cinahında da dirənib, Donetsk və Luqanskda həlledici ərazi nailiyyətləri Kiyevə hələ ki qismət olmayıb.

İstənilən halda, hadisənin arxasında hansısa hərbi məntiqin dayandığı daha çox ağlabatandır, çünki Kaxovka SES təkcə elektrik stansiyası deyil, həm də Dnepr çayı üzərindən körpüdür.

Qərbdə isə geniş miqyasda hadisəni Rusiyanın törətdiyini qeyd edənlər çoxluqdadır, ABŞ isə bir qədər ehtiyatlı davranır. Məsələn, Ağ Evin rəsmisi Con Kirbi deyir ki, Vaşinqton bəndin dağıdılmasına nəyin səbəb olduğunu bilmir, lakin partlayışın Rusiya tərəfindən təşkil edildiyi barədəki xəbərləri dəyərləndirir.

Ağ Ev birbaşa ittihamlara keçməməklə münaqişənin mümkün genişlənməsi və xarakterinin kütləvi qırğın silahlarının tətbiqinə keçidi ssenarilərinə ehtiyatla yanaşdığını göstərir.

Ukraynanın əks-hücum əməliyyatlarının effektiv nəticə verməsi isə Qərbdən verilən silah dəstəyindən asılı olaraq qalmaqdadır.

Üstəgəl, Rusiya özünə ilhaq etdiyi ərazilərə hücum zamanı hansı silahları tətbiq edəcəyi barədə hədələr səsləndirir. Ukrayna bu hədələri təhlil edir, onun blef və real tərəflərini araşdırır. Buna görə əks-hücum əməliyyatlarının miqyası həm də gəlinən nəticələrdən asılı olacaq.

Aqşin Kərimov

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}