Almaniyalı politoloq: “Əlbəttə ki, Qərb Türkiyə ilə əməkdaşlıq edəcək”
“Əlbəttə ki, Qərb Türkiyə ilə əməkdaşlıq edəcək. Bunda hər iki tərəf maraqlıdır. Tərəflərin bir-birinə təzyiq vasitələri var, həmçinin başqa nüanslar da mövcuddur”. Bu sözləri Oxu.Az-a açıqlamasında almaniyalı politoloq, tarix elmləri doktoru, Bonn Universitetinin Rusiya və Şərqi Avropa tarixi kafedrasının müəllimi Zaur Qasımov deyib. Bir neçə il İstanbulda Alman Şərq İnstitutunda elmi işçi kimi çalışmış Zaur Qasımov xatırladıb ki, hətta təzyiq vasitələrinə dair Avropa ölkələrinin Türkiyəyə yönəlik münasibəti fərqlidir. “Məsələn, Liviyanı götürək: Fransa və Almaniyanın bu konfliktlə əlaqədar mövqeləri fərqlidir. Əgər Paris Ankaraya qarşıdırsa, Berlin Liviya məsələsində Türkiyənin mövqeyinə daha yaxındır. Hamı Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu qəbul edib. Bunu “Taxıl sazişi”ndə və əldə edilən başqa razılaşmalarda (əsirlərin mübadiləsi haqqında – red.) görmək olar”. Zaur Qasımov fikrinin davamında daha bir maraqlı məqama toxunub. Ekspert vurğulayıb ki, Avropanın Türkiyədəki müxalifətə “stavka” etdiyini iddia etmək heç də doğru olmaz: “Kemal Kılıçdaroğlunun seçki kampaniyasında baş verən bir çox hadisələr Avropa paytaxtlarının narahatlığına səbəb oldu. Məsələn, uzun illərdir ölkədə yaşayan milyonlarla suriyalı qaçqının Türkiyədən çıxarılmasının zəruriliyi ilə bağlı bəyanat. Görünür, Suriya Prezidenti Bəşər Əsədlə bu barədə hansısa razılığa gəlmək niyyətində idilər. Amma çətin ki, bu qaçqınların əhəmiyyətli bir hissəsi Suriyaya qayıdacaqdı, əksəriyyət Avropaya axışacaqdı. Müxalifətin hipotetik qərbyönümlü olması da suallar doğurdu. Bundan başqa, Kemal Kılıçdaroğlu seçkinin ikinci raundu öncəsi Azərbaycandan yan keçən, İrandan keçərək Çinə çatacaq alternativ “İpək Yolu”ndan danışmağa başladı. Görünür, Qərbdə bunu təşvişlə qarşılayıblar”. Nair Əliyev Şəffaflıq.az
Facebook-da paylaş