13 yaşlı qız ərə getmək üçün evdən qaçıb...
Kubra Məhərrəmova yazır... Qarışıq fikirlərin içindəyəm. Düşünürəm ki, mənim 13 yaşım olanda yeganə dərdim o idi ki, öyrənmədiyim dərsə görə müəllim məni lövhəyə çağırmasın. Yoxsa bütün sinfin içində biabır olaram. Eqom da tavanla gedirdi, niyə kimsə mənə söz deməlidir? Bu gün 13 yaşlı qızları ya valideynləri təhsildən yayındırıb “başına yaylıq” atır, ya da 13 yaşlı qız özü evdən qaçır ərə getmək üçün. Əslində bu qızın valideynlərini alqışlayıram. Çünki uşağın itkin düşməsi haqqında polisə müraciət edib, “camaat nə deyər?”, “biabır olduq” fikirlərini bir tərəfə atıb övladına yiyə dururlar. Həm ataya, həm də anaya halal olsun. Övladlarını qorudular. Məsələdən xəbəri olmayanlar üçün qısa məlumat verim ki, mayın 18-də Tovuzda 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb. Əfsanənin anası Samirə Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızı sosial şəbəkədə Cəlilabad rayonunda olan bir şəxslə danışıb: “Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim, tanımırıq kimdir, onunla danışma. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, - dedi. Hər gün ancaq “WhatsApp”da danışırdılar. Atası da dedi ki, qızım, hələ uşaqsan, danışma. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın”. Bir neçə saat əvvəl də məlum oldu ki, Əfsanə tapılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib və Əfsanə ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Allaha min şükürlər olsun ki, Əfsanə sağ-salamatdır. Hadisə çox bədbəxt sonluqla da bitə bilərdi. Kim bilir nələr yaşanardı. Nərmin hadisəsi hələ də gündəmdədir. Bu məsələdə isə məni iki şey narahat edir. Birincisi, Əfsanə ailəsinə geri dönəndən sonra onun cəmiyyətdə yaşamı (elə öz qohum-qonşusu arasında) və bu hadisənin yaşanma səbəbinin müəyyənləşdirilməsi. Heç kimə sirr deyil ki, bizim millətin dilinə düşməyəsən. Bir qələt eləmisənsə, üstünə beşini də qoyub adamı intihar dərəcəsinə çatdırarlar. Əminəm ki, Əfsanə tutduğu əməldən peşmandır, çünki neçə gündür ailəsindən uzaqdır, özü də yəqin ki, bərk qorxub. Valideynlərinin nə çəkdiyini isə bir özləri, bir də Allah bilir. Yenə yaxşı ki, hadisə xoşbəxt sonluqla bitdi. Çünki insan həyatından vacib və önəmli heç nə yoxdur bu dünyada. Qaldı bundan sonrakı həyatı doğru-düzgün yaşamaq. Ümid edirəm ki, insanların da insafı olar bu uşaqdan da, ailəsindən də əl çəkərlər. Namus-qeyrət ağacı olmazlar. İkinci məsələ isə daha maraqlıdır. 13 yaşlı qız niyə ərə getmək üçün bu qədər çaba göstərsin ki? O qədər böyük çaba ki, evdən qaçmağı belə göz önünə alsın. Rayonlardan, kəndlərdən kifayət qədər istedadlı, bacarıqlı gənclər çıxır ki, dünyanın ən tanınmış universitetlərinə qəbul olurlar. Böyük həcmdə təqaüd əldə edirlər. Daha sonra elə nəhəng holdinqlərdə çalışırlar. Elə dünən İT olimpiadasında idim. İlahi, nə qədər ağıllı balalar gəlmişdi yarışa... Özü də 5 yaşdan 15 yaşa kimi, Azərbaycanın hər yerindən. Biləsuvardan gələn uşaqlar III yeri tutdular. Bir anlıq təsəvvür edin ki, bapbalaca uşaqlar kod yazmaq üzrə qalib oldular. Yəni dediyim odur ki, 13 yaşlı qızın fikri niyə ərə getməkdə olsun ki? Bəlkə ətrafında oxuyan, təhsil almaq istəyən qızlar olmayıb, onun da motivasiyası sıfıra düşüb? Bəlkə məktəbdə onu həvəsləndirən müəllim və ya dərs olmayıb? Bəlkə də, adamın hər hansı peşəyə həvəsi olmayıb, ya da olub... Bütün hallarda düşünürəm ki, regionlarla daha çox işləmək lazımdır. İstər qız uşaqları ilə, istərsə də oğlan. Məktəbdən savayı nələrsə etməliyik onlar üçün. Nəsə düşünməliyik. Onların marağına səbəb olacaq işlər görməliyik. Bilmirəm, bəlkə regionlara içi mikroskop və digər elmi ləvazimatlarla dolu avtobuslar aparmalıyıq. Qoy uşaqlar mikroskop altından dünyanı kəşf etsinlər. Ya da rəsm sərgisi keçirməliyik onlar üçün. Kimya və fizikaya aid təcrübələri göstərməliyik. Dünyanın kənddən və “TikTok”dan ibarət olmaması üçün gözlərini açmalıyıq. Düzdür, saydıqlarımın bir çoxu heç Bakı məktəblərində də yoxdur, amma yenə də... arzu edək, xəyal quraq, əl-ələ verib nəsə edək. Bir də uşaqlara bunu hiss etdirməliyik ki, bu dünyada onları ən çox sevən elə ailələridir, valideynləridir. Mən əminəm ki, Əfsanənin valideynləri onu həddindən artıq çox sevirlər. Bəzən olur ki, həyatda yaşadığımız sınaqlar, çətinliklər bizə imkan vermir sevgimizi dilə gətirməyə. Uşaqlar da başlayır o sevgini, o diqqəti, o qayğını qıraqda, kənarda axtarmağa. Və fəlakət də burada yaşanır. Uşaqların kimə rast gələcəyi isə qismət məsələsidir. İndi isə bu fəlakət bizə daha da yaxın olub. Özümüz telefonları, sosial şəbəkələri onlara vermişik ki, buyurun... Bir daha hər kəsi övladına qarşı daha diqqətli olmağı çağırıram. Uşaqlara daha çox zaman ayırmağa çağırıram. Onsuz da onlar evimizdə qonaqdırlar. Bir gün uçub gedəcəklər. Ona görə də, nə qədər zamanımız var bir yerdə daha çox vaxt keçirək. Əfsanəyə isə uğurlar arzulayıram. Ümid edirəm ki, bir gün onun uğuru barədə danışacağıq. Elə valideynləri də, biz də onunla fəxr edəcəyik. Şəffaflıq.az
Ən başlıcası isə uşaqlara ilk növbədə onların hüquq və azadlıqları barədə danışmalıyıq. Uşaq olsalar da anlamalıdırlar ki, onlar fərddirlər, onlar şəxsiyyətdirlər. Onların haqqı və hüququ nədir, hara kimidir və s.
Facebook-da paylaş