Koronavirus təhqiqatçısı Rusiyanın peyvəndini sərt tənqid etdi


 

London Universitet kollecinin professoru, isverçəli məşhur alim Fransua Ballu Rusiyanın koronavirus əleyhinə peyvəndi qeydə almasına hiddətini ifadə edib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, F.Ballu bununla bağlı fikirlərini Fransanın “Liberation” qəzetində dilə gətirib. Onun sözlərinə görə, tələm-tələsik şəkildə bazara buraxılan preparatlar əhali üçün ciddi təhlükə mənbəyi sayılır.

“Bu həm axmaq, həm də təhlükəli bir qərardır. Bunu COVID-19 əleyhinə peyvəndlə silahlanma uğrunda gedən yarışın gedişində qəbul edilən siyasi qərar adlandırmaq olar”,-deyə o, Rusiya prezidenti Vladimir Putinin dünyada ilk peyvəndin qeydə alındığı barədə çıxışına münasibətini ifadə edib.

Dünyada SARS-CoV-2 koronavirusunun DNT-nin araşdırılması üzrə ən böyük mütəxəssislərdən biri sayılan Fransua Ballunun sözlərinə görə, əgər vətəndaşlar arasında yan təsirlər peyda olsa, bu bütün insanlar üçün əsl fəlakətə çevriləcək. Bütün bu proses isə səhiyyə sahəsində aparılan siyasətə, bütövlükdə hökumətlərə olan etimadın sarsılmasına gətirib çıxaracaq.

İsveçrəli ekspert Rusiyanın beynəlxalq standartlardan yayınması ilə bağlı suala da cavab verib. Onun fikrincə, rəsmi Moskva bununla amerikalılar başda olmaqla Qərb demokratyalarına kələk gəlmək istəyir. “Putin bununla yeni ittifaqlar qurmağa və ölkələri bu peyvəndlə cəlb etməyə çalışır. O, da Tramp kimi özünü xilaskar kimi göstərmək istəyir”,-deyə o söyləyib.

Fransua Ballu bununla bağlı tibb tarixində acı təcrübələrin olduğunu dilə gətirib. “1976-cı illərdə ABŞ Fort-Diks bazasında bir əməkdaşının ölməsindən sonra donuz qripinə qarşı kütləvi peyvəndləmə siyasətinə başladı. İnsanlar bundan sonra Giyen-Barre sindromuna tutuldular.

(İnsanların periferik əsəb sisteminin pozulmasına gətirib çıxaran sindrom-red.). Həmin fiasko bütün dünyada peyvənd əleyhinə əhval-ruhiyyənin yayılmasına gətirib çıxardı”, - deyə isveçrəli alim qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}