Azərbaycan alimləri ilk dəfə limitsiz sayda ödənişsiz məqalə dərc edə biləcəklər
İlk dəfə Azərbaycandakı bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edilib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin "Cambridge Press" nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində "Cambridge Press" tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və "gold" açıq əlyetərli (open access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib. Məlumata görə, "Web of Science" və "Scopus"da indekslənən bu jurnallarda açıq əlyetərli (open access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin bu razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universitetinin jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə "Cambridge Press" nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir. Xidmətdən istifadə etmək istəyən müəlliflər "Cambridge Core" (cambridge.org/core) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər. Şəffaflıq.az
Facebook-da paylaş
