Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Mtsxeta-Mtianeti bölgəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçiriblər. Şəffaflıq.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Patrul Polis İdarəsinin Mtsxeta-Mtianeti Baş İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı - 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıblar. İstintaq materiallarına əsasən, saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə, saxlamaqda və satışına şərait yaratmaqda ittiham olunur. Onun şəxsi və yaşadığı evə baxış zamanı 42 bükümdə "Metadon" adlı narkotik vasitə sübut kimi götürülüb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə istintaq aparılır. Qanun bu əmələ görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Facebook-da paylaş
