Karqo şirkətlərinin məntəqələri niyə bağlanır? - FOTO


Azərbaycanda karqo (poçtdaşıma) fəaliyyəti göstərən şirkətlər vətəndaşların xaricdən sifariş etdikləri malları çatdırmaq üçün regionlarda açdıqları çatdırılma məntəqələrini bağlayırlar.

Buna səbəb bərbərxana, aptek, telefon və sair mağazalarının daxilində yaradılan bu tip məntəqələrin də lisenziyasının olmamasıdır.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavənin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısının 6.8-ci bəndinə əsasən, sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növüdür:

“Qanunun tələbinə əsasən, vətəndaşların xaricdən sürətli poçt operatorları üzərindən sifariş edərək gətirdikləri malların çatdırılması və gömrük ərazisindən keçərək ölkəyə daxil olması məhz bu lisenziya əsasında rəsmiləşdirilir. Həmçinin “Poçt haqqında” Qanunun 9.1-ci bəndinə əsasən, poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirməlidir.

Bu baxımdan, bu standartlar sözügedən qanuna əsasən, nəzarət orqanı tərəfindən müəyyən edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun mövcudluğundan istifadə edən şəxslər lisenziya əlavəsi almadan fəaliyyət göstərirlər ki, bu da qanun pozuntusudur. Bu cür hallar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilərək qanunvericiliyin tələbinə uyğun tədbirlər görülür”.

“Göstərilənlərlə yanaşı, ölkədə fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edən, yəni hər bir obyektə lisenziya əlavəsi alaraq fəaliyyət göstərən kifayət qədər şirkət var. Fəaliyyətini informasiya sorğunuzda göstərilən formada (ət dükanı, bərbər, telefon mağazası və s.) təşkil edən şəxslər “Poçt haqqında” Qanunun 8.0.5-ci bəndinin “Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi” tələblərini kobud şəkildə pozurlar. 26-cı maddəyə əsasən, bu qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar”, - deyə qeyd edilib.

“Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə saytımıza açıqlamasında bildirib ki, bu tipli məntəqələrin bağlanmasının tərəfdarıdır:

“Çünki karqo şirkətləri həmin məntəqələrə əməkdaş belə, təyin etmirlər. Şirkət nümayəndələri hər hansı bir aptek, bərbərxana sahibləri ilə danışırlar ki, buraya bağlama qoyacağıq və müştəri götürəcək. Bu cür xidmətdən də keyfiyyət gözləmək düzgün deyil.

Qanuna görə, hər poçt məntəqəsində əlavə lisenziya olmalıdır və bunun üçün tələblər var. Həmin obyektin kirayə müqaviləsi, qeyri-yaşayış sahəsi olmasına dair sənəd və 650 manat rüsum tələb olunur. Bunu da karqo şirkətləri etmək istəmirlər. Çünki həcm kifayət qədər deyil ki, bütün xərcləri bağlasın”.

O qeyd edib ki, bu tip məntəqələrin ləğvi karqo şirkətlərinin bağlanması ilə nəticələnmir:

“Çünki şirkətlərin bağlanmasına səbəb bazarda rəqabətin olmasıdır. Eyni zamanda, məntəqələrin bağlanması fəaliyyətin dayanması demək deyil. “Azərpoçt” MMC-nin və bizim şirkətin həmin məntəqələri əvəzləyəcək yerləri var”.

Ekspert əlavə edib ki, Azərbaycanda karqo fəaliyyətinə lisenziya almaqla bağlı tələblərin sərtləşdirilməsi yoxdur, sadəcə, bir vaxtlar buraxılan yoxlamalar indi aparılır.

İlhamə Əbülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}