Azərbaycanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi etməsi ölkəmizin enerji diplomatiyasının uğurudur


Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan dövləti dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı, mehriban qonşuluq siyasətini, beynəlxalq və regional iqtisadi layihələrin həyata keçirilməsini əsas məqsədlərdən biri hesab edir. Bu gün Azərbaycan Respublikası həm beynəlxalq və regional təşkilatlarda təmsil olunur, həm təşəbbüslər, layihələr irəli sürür, həm də bir sıra təşkilatların yaradıcısı olur. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, artıq iqtisadi resursları və zəngin ehtiyatları olan Azərbaycan həm də dünya siyasi arenasında ideya, fikir, mərkəz rolu oynayır. Bu baxımdan Prezidentin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycanın ev sahibliyi etməsi də dünyada ölkəmizin bir sıra layihələrdə olduğu kimi, bu layihədə də aparıcı rol oynamasını təsdiq edir.

Bunu Şəffaflıq.az-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib. O qeyd edib ki, Azərbaycan Respublikasının apardığı enerji diplomatiyası ölkəmizin həm neft-qaz ixracı, həm də dünyada neft-qaz sahəsindəki layihələrdə iştirakı baxımdan mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanın istər XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dörd seqmentindən “Şahdəniz Mərhələ -II”, Cənub Qaz Boru Kəməri, TANAP və TAP qaz boru kəməri layihələrində iştirakı Prezident İlham Əliyevin apardığı enerji diplomatiyasının nəticəsidir ki, Avropa İttifaqının komissarları, Türkiyə, ABŞ, Böyük Britaniya, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda toplaşdılar.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinın əhəmiyyətini vurğulayaraq qeyd edib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.

S.Talıblı bildirib ki, Azərbaycanın təbii qazının 2021-ci ildə təxminən 19 milyard kubmetr, 2022-ci ildə 22, 6 milyard kubmetr olması, 2023-cü ildə isə 24,5 milyard kubmetr artırılmasının nəzərdə tutulması, Avropa Komissiyası ilə Anlaşma Memorandumunun uğurla icra olunması, bu sahədə Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstanla tərəfdaşlığımız, SOCAR-ın BP ilə strateji əlaqələri, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığımız bir daha Azərbaycan Respublikasının Prezidentinin apardığı enerji siyasətinin uğurlu, məqsədyönlü, planlı şəkildə olmasından xəbər verir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}