“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
Bu gün Başlıbel faciəsinin ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 30 il ötür. Həmin dövrdə baş verən hadisələr, ermənilərin hücumu, Birinci Qarabağ müharibəsinin başlanması və Kəlbəcərdə törədilən qırğınlar haqqında Oxu.Az-a danışan Başlıbel sakini Musa Əzizov düşmənin separatçılıq əməllərinin 1988-ci ildə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ilə aktivləşdiyini deyib. Kəlbəcər sakini Başlıbel sakinlərinin faciə ilə qarşılaşmağı ağıllarına belə, gətirmədiklərini söyləyib: “1988-ci ildə ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra ermənilər bizə qarşı zülmə başladılar. Bir neçə il sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü isə ölkəni idarə edə bilmədi. Vəziyyəti yaxşılaşdırmaq əvəzinə, bir-birləri ilə dava edib, daha da pisləşdirdilər. Ölkədə durum get-gedə çətinləşirdi. Qarabağ müdafiəsiz qalmışdı. Kəlbəcər sakinləri özünümüdafiə batalyonu yaratmışdılar, amma silah-sursatsız əllərindən bir şey gələ bilməzdi. Heç bir yerdən köməyimiz yox idi. Hərc-mərclik baş alıb gedirdi. Başlıbel sakinləri məcbur olub, kəndi tərk etməli oldular. Kəndimizin iki minə yaxın əhalisi var idi, hərə bir tərəfə qaçqın düşəndə 73 sakin evlərini vaxtında tərk edə bilməmişdi, çoxu qocalar, xəstələr, uşaqlar, köməksiz insanlar idi. O zamanlar maşın yolu cəmi bir dənə idi, onu da bağlamışdılar. Məcbur olub, piyada, dağlardan keçərək ermənilərdən can qurtarmağa çalışdıq. Kəndimizdən Murov dağına qədər piyada gəlmişdik. Yolboyu ermənilər çox adamı öldürmüşdülər, kənddən çıxanların heç də hamısı Göygölə salamat çata bilmədi. Göygöl sakinləri bizə kömək etdilər, Murovdan sonra bir az rahat Kəlbəcəri tərk etdik. Torpaqlarımızın işğal olunmasının başlıca səbəbi o dövrdə ordunun olmaması idi. Silah-sursat tapılmırdı, insanlar öz gücü hesabına nə qədər mübarizə apara bilərdilər?” Musa Əzizov deyib ki, Başlıbeldə qətl edilən təkcə onun kəndinin sakinləri deyildi: “Ətraf kəndlərdən qaçıb, bizə sığınanlar, dağ yolları ilə Laçından gələnlər də var idi. Dəqiq yadımdadır, kənddə qalan sakinlərin bir hissəsi dağlardakı kahalara çəkildi, onların arasında laçınlı doqquz nəfər və bir ata ilə iki qızı da var idi. Yaşlıların, xəstə sakinlərin bir hissəsi isə kənddə evlərdə qalmışdı, onları dağlara çıxara bilməmişdilər. Qənaət adlı qoca kişi ermənilər kəndə basqın edəndə onların üzünə tüpürüb: “Sizin yeriniz-yurdunuz yoxdur, bizim torpaqlarımızda da müvəqqətisiniz, rədd olub, gedəcəksiniz”, - demişdi. Onu işgəncə ilə öldürmüşdülər. Qonşu kənddən gələn, axsayan Seyid kişi də kəndimizdə qalmışdı. Ermənilər o xəstə qocanı da Mədəniyyət evinin yanında diri-diri yandırmışdılar. Jurnalist Zülfüqar Hüzeynzadənin nənəsi Pəri arvadı evində yandırmışdılar. Kəlbəcər azad olunandan sonra Zülfüqargil onun meyitinin qalıqlarını çox axtardılar, heç nə tapa bilmədilər. Mələkxanım adlı yaşlı qadını da evində öldürmüşdülər. Çiçək adlı birinci qrup əlil qadın isə yadımdadır, nəvəsi ilə birlikdə ermənilərdən qaçan sakinlərə qoşulub, Kəlbəcərdən çıxmaq istəyirdi. Yolda halı pisləşdi, camaat məcbur olub, onu yolda qoymalı oldu. Ermənilər tapan kimi öldürmüşdülər, meyiti belə tapılmamışdı. İyirmiyə yaxın kənd sakinini ermənilər işgəncələrlə, bəzilərini yandıraraq öldürmüşdülər, onların meyitlərini heç kim tapa bilmədi. Kahada əsirlikdə olanların da başına gəlməyən qalmamışdı. Ən dəhşətli hadisələrdən biri bacı-qardaş Aygün və Çingizin yaşadıqları olub. Sakinlər danışırdılar ki, Aygün nişanlı imiş. Kahada artıq ümidləri üzüləndə, ermənilərin yaxınlaşdığını biləndə Aygün qardaşına yalvarıb ki, məni öldür, ermənilərə əsir düşməyim. Ermənilərə insan demək olmaz, onlar canidirlər. Hamı bilirdi ki, qadınlar, qızlar onların əlinə keçəndə başına min oyun açırlar, işgəncələrlə öldürürlər. Kahaya sığınan laçınlıların bir neçə silahı olub. Həmin silahlardan birini Çingizə veriblər, içində iki gülləsi qalıbmış. Çingiz ermənilər kahaya hücum edəndə güllənin biri ilə bacısını, biri ilə də özünü öldürüb”. Ermənilərin Başlıbeldə əsir götürdükləri insanların bəzilərinin geri qaytarıldığını qeyd edən kənd sakini dəhşətli hadisələri, işgəncələri onların dilindən eşitdiyini söyləyib: “Ermənilər hər kəsə işgəncə vermişdilər. Öldürdüklərini bir güllə ilə öldürmürdülər. Zülmlə, əziyyətlə qətlə yetirirdilər. Əsirlikdən qayıdan insanlara o qədər işgəncə vermişdilər ki, onlar çox yaşaya bilmədilər, qısa müddət sonra öldülər. Erməni zülmü hələ sovet dövründən başlamışdı. O xalq bizə qarşı həmişə kin saxlayıb. Erməni həkimlər neçə azərbaycanlını sağalda bilməmək bəhanəsi ilə qəsdən öldürmüşdülər. Çox adamın adi problemlərinə “qanqrena olub” deyərək, əlini, ayağını kəsirdilər. Adi apendisitdən ölənlər, müalicəsi səhv edilib, şikəst qoyulanlar o qədər idi ki… Həmin dövrdə ermənilər sovetin göz bəbəyi idilər, onlardan heç kimə şikayət etmək mümkün deyildi. Dağlarda kahada qalanlar bir az ara sakitləşən kimi çıxıb, ölənləri dəfn edirmişlər. Onların dəfn olunduğu məzarlıq var, heç birinin başdaşı yox idi. Olan-qalan qəbirləri də ermənilər dağıtmışdılar. İndi orada abidə qoyulması, faciə qurbanlarının anılması üçün addım atılması planlaşdırılır. Kəlbəcər azad olunandan sonra kənd camaatının çoxu Başlıbelə getdi. Faciə qurbanlarının yaxınları, həyatda qalanlar şəhidlərin məzarlarını ziyarət etdilər. Onlar danışırdılar ki, Başlıbeldə ermənilər daşı daş üstündə qoymayıblar. Düşmən işğal dövründə hər şeyi yerlə bir edib, 30 ildə Başlıbel insan ayağı dəyməmiş torpaqlara çevrilib. Mən ötən il də, bu il də gedə bilmədim, xəstəyəm deyə alınmadı. Kəlbəcər çox soyuqdur, ona görə yayda gedəcəyəm. Hər birimiz işğal günlərini, xalqımızın başına gətirilən müsibətləri kədərlə xatırlayırıq. Amma Zəfərimiz, torpaqlarımıza qayıda bilməyimiz çox sevindiricidir”. Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndikləri mağaraları atəşə tutmağa başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb. Hücum nəticəsində 14 nəfər - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan doqquz nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat edib. İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən yeddisi mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib. Aysel AslanŞəffaflıq.az
Facebook-da paylaş