Henri Con Templ Palmerston

 
 Vikont titulu ilk dəfə Böyük Henri Templə (Henri Con Templ Palmerstonun atasının babası) Böyük Britaniyanın (1707-ci ildə yaradılmışdır) baş naziri Robert Uolpola sədaqətinə görə verilmişdir.
Henri Con Templ Palmerston 20 oktyabr 1784-cü ildə Hempşir qraflığının Brodlendz əyalətində (bəzi müəlliflərə görə Londonda) atası II vikont Henri Templ Palmerstonun və anası  Londonlu tacir Bencamin Mi nin qızı Merinin ailəsində anadan olmuşdur. Ailə irland mənşəli feodal nəslindən idi.
 Vikont titulu ilk dəfə Böyük Henri Templə (Henri Con Templ Palmerstonun atasının babası) Böyük Britaniyanın (1707-ci ildə yaradılmışdır) baş naziri Robert Uolpola sədaqətinə görə verilmişdir. Ona 1723-cü ildə Dublin qraflığının Palmerston əyalətinin vikontu titulu verilir. Vikont feodal nərdivanında barondan böyük qrafdan isə kiçik titul idi.
     Henri Con Templ dövrünün ən savadlı insanlarından olmuşdur. O, ana dili ilə bərabər fransız və italyan dillərini də mükəmməl bilirdi. Alman dilini zəif bilirdi. Edinburq Universitetində oxuduğu dövrdə Qədim  Latın və Yunan dillərini də öyrənmişdi.
      Henri Con Templ 1795-1800-cü illərdə əsası hələ 1572-ci ildə qoyulmuş Xarrou şul-da təhsil almışdır.  1800-1803-cü illərdə Edinburq Universitetində təhsil almışdır.  Henri Con Templ 1802-ci ildə atasının ölümündən sonra III vikont tituluna sahiblənmişdir. III Vikont 1803-1806-cı illərdə Kembric Müqəddəs İohan Kollecində təhsilini davam etdirmişdir. Zadəgan olaraq kolleci bitirdikdə ona magistr dərəcəsi imtahansız verilməli olduğu halda o, bu prosesin imtahanla həyata keçirilməsini xahiş etmişdir. Onun xahişi qismən təmin olunmuşdur. Belə ki, ona magistr dərəcəsi öncə verilmiş və daha sonra imtahanları verməsinə razılıq verilmişdir. O imtahanları uğurla vermiş və kollecin ən ali mükafatına layiq görülmüşdür. 1803-cü ildə Fransa ilə müharibə zamanı Palmerston könüllülərdən ibarət qoşuna üzv yazılmış və təhsil aldığı kollecin tələbələrindən ibarət dəstəyə başçılıq edən 3 zabitdən biri olmuşdur. Müharibənin gedişində ona podpolkovnik (polkovnik-leytenant) hərbi rütbəsi verilmişdir. Henri Con Templ Palmerston siyasi fəaliyyətə mühafizəkar mövqeli tori siyasi təşkilatının  üzvü kimi başlamışdır. 
     İki dəfə nümayəndələr palatasına  deputat seçilmək cəhdi uğursuz olduqdan sonra Palmerston Torilərin nümayəndəsi kimi 1807-ci ilin may ayında, sonradan çürük yerlər adlandırılmış ərazilərdən biri olan Nyuport əyalətindən deputat seçilir. Nyuport Uayt adasında yerləşirdi və ərazidə cəmi 24 seçici vardı ki, seçki zamanı da onların təqribən yarısı yaşayış yerlərində yox idi. Ərazinin sahibi olan L.Xolms adlı sahibkara müəyyən məbləğdə pul ödədikdən sonra o, seçkilərdə Palmerstonun qalib gəlməsini təmin etdi.  Elə həmin il Lord Çiçester və lord Malsberinin dəstəyi ilə 1400-cü ildən fəaliyyət göstərən və üzvləri əsasən admirallardan və qismən siyasətçilərdən ibarət olan kollegial orqan olan – Admirallıqda (yaxud Admiralitet)  kiçik lord təyin edilir. Ümumiyyətlə Palmerston tarixdə Britaniya nümayəndələr palatasında Uilyam Qladston və Uinston Çörçildə sonra  ən uzun müddət 35 il deputat  olmuşdur.
       1809-cu ildə Palmerston hərbi katib təyin olunur. Bu vəzifə ordunun əsasən maliyyələşdirilməsi məsələlərini tənzimləyirdi. Rusiyalı tədqiqatçı alim Vladilen Vinoqradov “Palmerston Avropa Diplomatiyasında” elmi məqaləsində onun heç bir hərbi birləşməyə komandanlıq etmədiyini, hərbi mundir geyinmədiyini və bu dövrdə Britaniya ordusuna əsasən təcrübəsiz insanların başçılıq etdiyini qeyd etmişdir. Lakin bu həqiqətə uyğun deyildir. Artıq qeyd etdiyimiz kimi 1803-cü ildə Palmerston qısa müddət ərzində olsa belə fransızlara qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmiş və podpolkovnik ( polkovnik leytenant)  hərbi rütbəsi almışdı. Həmin dövrdə hərbi sahədə böyük təcrübəsinin olmaması  isə bir həqiqətdir.
      Ailə həyatı qurmaqda tələsməyən Henri Con Templ 1809-cu ildən qraf Piter Kauperin arvadı Emili Lemb qrafinya Kauperlə qeyri-rəsmi münasibətlərdə olmuş və bu əlaqə uzun illər davam etmişdir. Emili birinci vikont Melbornun qızı idi. Həm Emili həm də anası Elizabet ailə dəyərlərini  ciddi qəbul etməyən və nigahdankənar əlaqələrə üstünlük verən insanlar kimi tanınırdılar. 1837-ci ildə qraf Piter Kauper vəfat etdikdən sonra 1839-cu ildə Palmerston Emili ilə rəsmi olaraq nigaha girirlər.
     Palmerston 19 il davamlı olaraq hərbi katib postunu  öz əlində saxlaya bildi. 1 aprel 1818-ci ildə ehtiyatda olan zabit leytenant Devis öz pensiyasının miqdarından narazı olduğu üçün yazmış olduğu ərizəsinə mənfi cavab aldıqdan sonra hərbi nazirliyə gəlmiş və pilləkənlərlə qalxan Palmerstona atəş açmışdı. Kürək nahiyəsindən alınmış güllə yarası elə də ağır olmur. Məhkəmədə əqli xəstə olduğu sübut edilən Devis qapalı psixiatrik xəstəxanaya yerləşdirilir.
      Palmerstonun tutduğu vəzifə Nazirlər Kabinetinin tərkibinə daxil deyildi. Yalnız 1827-ci ildə hərbi katib Nazirlər Kabinetinin üzvü olmaq hüququ alır və Palmerston ilk dəfə Nazirlər Kabinetinin üzvü olur.
      Palmerston XIX əsrin 20-ci illərinin sonuna doğru ölkənin xarici siyasət sahəsinə rəhbərlik etmək istəyirdi.  O dövrdə baş nazir olan feldmarşal hersoq Vellinqton isə hökumət təşkil etməsində ona dəstək olmuş Uilyam Haskisson və Palmerstona hökumət qurduqdan sonra soyuq münasibət göstərirdi. 1828-ci ildə Haskisson və Palmerston hökumətdən istefa verirlər.  Palmerston 19 ildən sonra ilk dəfə müxalifətə keçir.
      1830-cu ildə torilərdən ayrılan Palmerston viqlərin sıralarına keçir. Elə həmin il təşkil olunmuş hökumətdə Palmerston xarici işlər naziri ( xarici siyasət üzrə stats sekretar) təyin olunur. 1830-1834, 1835-1841, 1846-1851-ci illərdə o, bu vəzifəni icra etmişdir. Onun gözlənilməz, qəfil və kəskin diplomatik gedişlərinə görə ona “Lord süngər daşı” deyirdilər. O, Kononyorka diplomatiyasından da məharətlə istifadə edirdi. Bu hərbi-dəniz qüvvələrindən istifadə təhdidi ilə aparılan siyasət formasıdır.
      Britaniya xarici siyasət idarəsinə başçılıq etməyə başlayan Palmerston Rusiyanın Avropada artan təsir dairəsinin azaldılmasını qarşıya əsas məsələ kimi qoymuşdu. Digər məsələ isə Belçikada Niderlanddan ayrılmaq uğrunda başlanmış hərəkat idi. 1830-cu ildə Belçika məsələsinin həlli ilə bağlı London konfransı keçirilir. Konfransda Britaniya diplomatiyası qalib gəlir. Belə ki, Fransa Belçikanın öz ərazilərinə qatılmasına, bir sıra dövlətlər isə Niderlandbın tərkibində qalmasını istəyirdilər. London bu fərqli mövqelərin qarşıdurmasından istifadə edərək Belçikanın müstəqilliyinə nail olur. Belalikə sərhədləri yaxınlığındakı Fransa və Niderlandın daha da güclənməsinə mane olur.
      1829-cu ildə Rusiya Osmanlı üzərində növbəti qələbəsini qazanmışdı. İmzalanmış Ədirnə sülhünə əsasən serblər muxtariyyət, almış, Dunaysahili knyazlıqlara müəyyən hüquqlar verilmiş və nəhayət Yunanıstan müstəqil dövlət elan edilmişdi. Rusiyanın Şərqi Avropada əsas güc mərkəzinə çevrilməsi və boğazlara (Bosfor, Ədirnə) doğru irəliləməsi Böyük Britaniyanı ciddi şəkildə narahat edirdi. O dövrdə bir çox siyasətçilər tezliklə Osmanlı imperatorluğunun süqut edəcəyi və İngiltərə-Rusiya müharibəsinin qaçılmaz olduğunu düşünürdülər. Lakin bu deyilənlərin heç biri baş vermədi. 1830-cu ildən hökumət başçısı olan Çarlz Qrey Britaniyanın yaxın sərhədlərində baş verənlərə daha çox diqqət ayırırdı və daxili siyasətdə böyük kapital sahibi olan burjuaziyanın haqlı tələblərinin təmin olunması üçün lazımi işləri görürdü. Qrey sonuncu dəfə XVII əsrin əvvəllərində müəyyənləşdirilmiş seçki dairələrinin yenidən təşkil edilməsi sahəsində islahatın keçirilməsinə müvəffəq oldu və “Çürük yerlər”in böyük bir qisminin ləğv edilməsini, Mançester, Birminqem, Şeffild kimi son yüzillikdə böyük sənaye mərkəzlərinə çevrilmiş şəhərlərin də nümayəndələr palatasına deputatlar göndərmək hüquqlarını təmin etdi.
      Sultanın Misir və Sudan hakimi təyin etdiyi (1806-cı ildən) Kavalalı Məhəmməd Əli paşanın Ədirnə sülhündən sonra çətin vəziyyətə düşmüş Osmanlı dövlətindən 1827-ci ildə yunan üsyanının yatırılmasındakı xidmətlərinə  görə  Suriyanın da onun idarəçiliyinə verilməsini tələb etməsi və Suriyaya qoşun yeritməsi ilə Osmanlılar daha da çətin vəziyyətə düşdü. Məhəmməd Əli paşanın oğlu İbrahim paşanın rəhbərlik etdiyi qoşun Suriya ərazisindən keçərək Anadoluya daxil oldu və Konya yaxınlığında Osmanlı qoşununu məğlub etdi. Osmanlılar kömək üçün Britaniyaya müraciət etdilər. Palmerston Osmanlılara kömək edilməsini daha doğru addım hesab edirdi. O, hökumətin qeyd olunan müzakirəsi zamanı çıxış edərək bildirmişdi ki, Misir qoşunlarına başçılıq edən İbrahim paşa spirtli içki düşkünüdür. Misir hakimi Məhəmməd Əli də özünü vaxtilə Konyadan köçmüş türk əsilli nəslin nümayəndəsi kimi təqdim etsə də hamı onu alban mənşəli, əsilzadə olmayan sadə bir nəslin kimi qəbul edirdi. Osmanlı nəsli isə müsəlmanların xəlifəsi idi və islam dünyasında böyük nüfuza malik idilər. İslam əhalisi arsında nüfuza sahib olacaqları inandırıcı görünməyən yeni qüvvələrə üstünlük vermək, yaxud neytral qalmaq Osmanlı nəsli üzərindən müsəlman dünyasının böyük bir hissəsinə təsir qüvvəsindən məhrum olmaq demək idi. Daha sonra o, çıxışında deyirdi: “Biz həftədə yeddi gün Osmanlı dövlətinin artıq süqut etmək üzrə olan bir ölü, yaxud çürük ağac olduğunu eşidirik, bu tamamilə yalan saxtalaşdırılmış bir məlumatdır. Sadəcə insanlar onun əvvəlki vəziyyəti, tarixi barədə məlumatsızdırlar. Lakin həmin dövrdə müxtəlif ərazilərdə    (xüsusilə Hollandiya sahillərində və Portuqaliyada) yerləşən qoşun birləşmələrindən heç birini yerləşdikləri ərazidən Osmanlıların köməyinə göndərməyin mümkün olmadığını və Anadoluya yaxın ərazidə böyük qoşun birliklərinin olmaması Britaniyanı Fransaya müraciət etməyə vadar etdi. Fransızlar İbrahim paşaya sözdə mane olacaqlarını bildirsələr də əslində onun vasitəsilə Osmanlı dövlətini bitirməyi düşünürdülər. Rusiya səfiri Xristofor Livenlə söhbətində Palmerston Britaniyanın bölgədə kifayət qədər hərbi qüvvəsinin olmaması səbəbindən Osmanlı dövlətinə real kömək edə bilmədiklərini demişdi. Ədirnə sülhündən razı qalmayan ingilislərlə konflikti daha da dərinləşdirmək istəməyən ruslar məsələyə birbaşa müdaxilə etmək istəmir, yalnız ingilislərə köməklərini təklif edirdilər. Məhz bu söhbətdən sonra Osmanlılar kömək üçün Rusiyaya müraciət etdilər və Rusiya məsələyə aktiv şəkildə qarışmağa başladı. Palmerstonun Rusiyalı səfirlə görüşdə bu planın müzakirə edilməsi ilə bağlı hər hansı məlumat yoxdur. Amma məsələnin çox sürətlə və əvvəllər qətiyyən planlaşdırılmayan xətt üzrə inkişafı məhz bu görüşdən sonra baş vermişdir. Rusiya Osmanlının süquta uğradılmasını  ondan başqa hər hansı digər bir ölkə tərəfindən həyata keçirilməsinə yol vermək istəmirdi. Çünki onlar regionun tək sahibi olmaq istəyirdilər.  Hazırkı vəziyyətdə Osmanlının süqutu fransızlardan başqa heç kimə sərf etmirdi.  1833-cü ilin fevral-iyun aylarında rus qoşunları İbrahim paşanın rəhbərlik etdiyi ordunu münaqişədən əvvəlki mövqelərinə geri otuzdurdu. Bundan sonra  Rusiya və Osmanlı arasında 8 iyul 1833-cü ildə 8 il müddətinə Hünkar İskelesi adlı yerdə qarşılıqlı hərbi yardım ilə bağlı müqavilə imzalandı. Müqavilənin gizli saxlanılan şərtinə görə müharibə şəraitində boğazlar bütün dövlətlərə bağlanacaq, yalnız Rusiya üçün açıq olacaqdı.
      Palmerston məsələnin bu səviyyəyə çatmasını gözləmirdi və bu onu olduqca hiddətləndirmişdi. O, bildirirdi ki, bu müqavilə ilə Osmanlı faktiki olaraq Rusiyanın vassalına çevrilir. Parlament müxalifəti də məsələyə çox kəskin reaksiya verir və liberal mövqeli viqlər partiyasının yaratdığı hökumətin, o cümlədən Palmerstonun istefasını tələb edirdilər. Birminhemli bankir Tomas Attvud parlamentdəki çıxışında Rusiyaya qarşı dərhal müharibənin başlanılmasını tələb edir və Palmerstonun xarici siyasət idarəsinin rəhbəri kimi yarıtmaz siyasət yürütdüyünü bildirirdi. Torilərin demək olar ki, hamısı Attvudun mövqeyni dəstəkləyirdi.
       İmzalanmış müqavilə ilə əlaqədar 1833-cü ilin oktyabrında Palmerston, Fransanın xarici işlər naziri Viktor Brolyi ilə birgə imzaladıqları sənədlə Rusiyaya kəskin şəkildə öz etirazlarını bildirdilər: Əyər Rusiya Türkiyəyə (Osmanlılara)  qarşı hərbi müdaxilə edərsə Böyük Britaniya və Fransa dərhal müdaxilə edəcəkdir. Rusiyanın cavabı da gecikmədi: Rusiya dövləti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri mütləq şəkildə yerinə yetirəcəkdir. Palmerston Avstriyanın xarici işlər naziri Klemens Metternixi də bu məsələdə İngiltərə və Fransa ilə birlikdə hərəkət etməyə çağırırdı. Metternix isə cavabında ona belə kağızdan ibarət etirazlarla deyil nə isə həlledici bir vasitə ilə Rusiyaya mane olmağa çalışmaq lazım olduğunu bildirmişdi.
       Palmerstonun Avropanın nisbətən güclü dövlətlərin Rusiyaya qarşı birgə mübarizə aparmaları üçün diplomatik həmlələr etdiyi bir dövrdə,  1833-cü ildə Rusiya, Avstriya, Prussiya dövlət başçıları Çexiyada görüşərək üsyançı hərəkatlara qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə bağladılar. Beləliklə Rusiya Avropada müəyyən məsələlərdə onunla tərəfdaş olan ölkələrlə daha sıx diplomatik münasibətlərin yaradılması sahəsində real addımlar atırdı. Palmerston Avstriyalı məsləkdaşı Metternixlə danışıqlarda onların çox səhv addım atdıqlarını, imzalanmış müqavilənin faktiki olaraq Rusiyanın mənafeyinə cavab verdiyini bilirmişdi. Metternix bunu inkar etsə də Palmerston mövqeyinin doğru olduğundan əminliyini bildirirdi. Palmerston məhz həmin dövrlərdə hökumətin toplantılarından birində müəyyən insanlar tərəfindən fərqli diplomatların müəllifi olduğu bildirilən fikirlərini səsləndirmişdi: “Bizim əbədi müttəfiqlərimiz və daimi düşmənlərimiz yoxdur, daimi və əbədi maraqlarımız var və bu maraqları qorumaq bizim borcumuzdur”. Palmerston Rusiya ilə münasibətləri belə xarakterizə edirdi: “Rusiya ilə biz həmişə olduğu kimi bir-birimizə nifrət edirik. Lakin nə onlar, nə də biz bir birimizlə müharibə etmək istəmirik”.
     Osmanlı imperatorluğunun səfiri Mustafa Rəşid paşa ilə söhbətində Palmerston Məhəmməd Əlini Misir qubernatoru adlandıraraq Osmanlı dövlətinin Rusiyanın istilaçı siyasətindən qorunmalı olduğunu onlarla siyasi yaxınlaşmanın zərərli olduğunu bildirmişdi. O, Mustafa Rəşid paşanı konstitusiyalı  monarxiya idarəetmə rejiminin üstünlüklərinə inandıra bilmişdi. Osmanlı dövlətinin gələcək baş naziri və islahatçısı Mustafa Rəşid paşanın siyasi görüşlərinə Palmerstonun böyük təsiri olmuşdu.
      Osmanlı dövlətində siysi təsir uğrunda mübarizədə sonda Palmerston diplomatiyası qalib gəldi. İngiltərənin böyük iqtisadi və maliyyə resurslarına malik olması, hərbi dəniz qüdrəti və sair bu kimi amillər bunun təminatçısı idi. Palmerston 1838-ci ildə Böyük Britaniya və Osmanı imperatorluqları arasında ticarət konvensiyasının  imzalanmasına nail oldu və Dardanel bölgəsinə 11 gəmidən ibarət eskadra göndərdi. 1839-cu ildə yüksək hərbi rütbəli Britaniya dənizçiləri qrupu hərbi müşavirlər-məsləhətçilər kimi İstanbula  gəldilər.
      Palmerstonun xarici işlər naziri kimi növbəti diplomatik uğuru 1833-1834-cü illərdə İspaniya və Portuqaliyada  konstitusiyalı monarxiya rejiminin saxlanılması tərəfdarı olan hökmdarların müdafiə edilməsi oldu. Kral ailəsinin mütləqiyyət tərəfdarları olan nümayəndələri (İspaniyada don Karlos, Portuqaliyada don Miqel) İspaniyada kraliça İzabellanı, Portuqaliyada isə II Mariyanı devirərək konstitusiyalı idarəetməni ləğv etmək istəyirdilər. Palmerstonun hazırladığı Qərbi Avropa konstitusiyalı dövlətlərin ( Britaniya, Fransa, İspaniya, Portuqaliya) dördtərəfli müqaviləsi 22 aprel 1834-cü ildə imzalandı. Müqavilənin şərtləri tamam fərqli məsələlərə aid olsa da tərəflər kimi müqavilənin konstitusiyalı dövlətlər arasında imzalanması, dolayısı ilə həmin dövlətlərin konstitusion rejiminin qorunması anlamına da gəlirdi.
      Palmerston Forrin Ofisdə ( Xarici İşlər Nazirliyi yerləşən bina) rəhbər kimi fəaliyyətə başladığı dövrdə Böyük Britaniya xarici siyasət məsələlərində cənub-şərqi Avropa, Kiçik Asiya,  yaxın və orta şərqdə Rusiyaya ciddi şəkildə uduzurdu. Dinamik və zəhmətkeş bir diplomat olan Palmerston nazirliyin bütün əməkdaşlarından da intizamlı və zəhmətkeş olmalarını tələb edir və peşəkarların işə cəlb olunmasına xüsusi diqqət yetirirdi. Personalın sayı da artırılmışdı. Əgər Palmerstonadək nazirlikdə ümumilikdə cəmi 28 işçi vardıca, 1839-cu ildə onların sayı 38-ə çatmışdı.  
     Rusiyanın Osmanlı dövləti ilə münasibətlərinin pozulmasını və ingilislərin yenidən burada əsas qüvvəyə çevrilməsindən sonra Misir hakimi Məhəmməd Əli yenidən sultana qarşı qoşun yeritdi. 1839-cu ildə Nizip döyüşündə Osmanlılar məğlubiyyətə uğradılar. 1840-cı ildə Suriya tamamilə işğal edildi. Fransanın münaqişənin ilkin mərhələsindəki mövqeyini eyni ilə nümayiş etdirməsi yəni məsələyə aktiv şəkildə müdaxiləni ertələmə yönümündə siyasət aparması Palmerstonu qəzəbləndirmişdi. Palmerston məsələ ilə bağlı İngiltərə, Rusiya, Avstriya, Prussiyanın 15 iyul 1840-cı ildə London konvensiyasının imzalanmasını təşkil edə bildi. Toplantı ilə bağlı Fransaya dəvət göndərilməmişdi. London konvensiyası Məhəmməd Əlinin Osmanlı vassalı kimi yalnız Misir üzərində irsi hakimiyyətinin tanınmasını təmin edir, əvəzində qoşunların Suriya və Livandan çıxarılmasını tələb edirdi. Fransanın gizli təkidləri ilə Məhəmməd Əli şərtlərlə razılaşmadı və nəticədə İngiltərə, Avstriya və Osmanlı qoşunları tərəfindən qısa müddətli müharibə ilə darmadağın edildi. 15 sentyabr 1840-cı ildə verilmiş sultan fərmanıyla Məhəmməd Əli Misir hakimliyindən azad edildi. Fransanın vasitəçiliyi ilə Misirdə saxlanılan Osmanlı donanması sultanın hakimiyyətinə verildi, Suriya tamamilə azad edildi. Əvəzində 24 may 1841-ci ildə verilmiş fərmanla Məhəmməd Əli sultanın vassalı kimi Misir hakimi təyin edildi və ondan sonra hakimliyin böyük oğluna veriləcəyi rəsmi şəkildə bildirildi. Bununla da Misir məsələsi tam həllini tapmış oldu. Bu bölgədə Palmerstonun qurduğu siyasi xəttin tam qələbəsi idi.
      Hindistanı tamamilə öz nəzarətində saxlayan Böyük Britaniya, Çin uğrunda da mübarizəyə başlamışdı. Çin özünütəcrid siyasəti yürüdürdü və Kanton xaricində bütün şəhərlərini dünya dövlətlərinə bağlı elan etmişdi.  Britaniyanın ticarət üzrə Çindəki nümayəndəsi lord Nepyer bölgədə inqilabın baş tutması üçün çalışırdı ki, mərkəzi hakimiyyət zəifləsin və ölkənin bütün bölgələrində tiryək ticarəti mümkün olsun. Palmerston məsələnin bu şəkildə həllinin əleyhinə idi. İnqilabın baş verəcəyi təqdirdə ölkədə hakimiyyətsizlik və xaos yarana bilərdi ki, bu da əhlinin var-yoxdan çıxması ilə nəticələnərdi və onlarla ticarət isə əlbəttə ki, əlverişli ola bilməzdi. Palmerston şəhərlərə girişin açılması üçün Çin dövlətinə müraciət etdi. Rədd cavabı aldıqdan sonra 1840-cı ildə tarixdə “Birinci tiryək müharibəsi (1840-1842)” adlandırılan savaş başlandı. 1841-ci ildən Palmerston xarici işlər naziri deyildi. Lakin müharibənin ideya müəllifi o idi. 1842-ci ildə imzalanmış Nankin sülhünə görə Çin təzminat ödənilməsini təmin etdi və 5 liman şəhərini dünya dövlətlərinə açıq elan etdi.
      Palmerstonun hökumətdə təmsil olunmadığı 1841-1846-cı illərdə Fransa ilə münasibətlərdə ciddi yaxınlıq yaranmışdı. O, ABŞ ilə 1842-ci ildə imzalanmış müqavilə ilə Şimali Amerikada bir sıra sərhəd mübahisələrinin ABŞ-ın mənafelərinə cavab verən şərtlərlə həll edilməsinə çox kəskin şəkildə etirazını bildirərək hökuməti sərt tənqid etmişdi.
      Nəhayət 1846-cı ilin iyulinda Palmerston yenidən xarici işlər naziri təyin edilir. 1845-ci ildən etibarən Avropanın bir çox ölkələrində kənd təsərrüfatı bitkilərində xəstəliklər yayılmışdı. Ən böyük böhran İrlandiyada olmuşdu. 1847-ci ildə kənd təsərrüfatı sahəsində bu ərazidə demək olar ki, bir durğunluq vardı. Palmerston böhrandan çıxış yolu kimi bölgədə yaşayan əhalinin bir hissəsinin Şimali Amerikaya emiqrasiyasını maliyyələşdirmişdi. Kiçik torpaq sahibləri və icarədarlar borclarını ödəyə bilmədiyi üçün torpaqları əllərindən alınır və yaşadıqları ərazidən zorla köçürülürdülər. Böhran illərində İrlandiyada təqribən bir milyonadək insan acından ölmüş, bir o qədər də ölkədən köçürülmüş, daha doğrusu sürgün edilmişdi.
     1848-ci ildə Avropada bir çox ölkələrdə inqilabi hərəkat baş verdi. Palmerston özünü demokratik hüquqların, xalqların öz müqəddəratını təyin etmə hüququnun müdafiəçisi kimi təqdim edir, lakin qətiyyətlə İrlandiyanın müstəqilliyinə qarşı çıxırdı.
      Avropa dövlətləri arasında Palmerstonun qətiyyən rəğbət bəsləmədiyi ölkə Avstriya idi. Bir diplomat olaraq bu hislərini biruzə verməsə də o, İtaliyanın şimalının Avstriyanın işğalı altında saxlanılmasına qarşı öz fikirlərini aşkar şəkildə bildirmişdi. İnqilabdan sonra zəifləmiş Avstriya 1848-1849-cu illərdə İtaliyanın şimalı uğrunda  Sardiniyaya qarşı mübarizədə Britaniyadan sülh üçün vasitəçiliyini xahiş etmiş, lakin Palmerston etiraz etmişdi.  Macarıstanda da üsyanın yatırılmasında Britaniya heç bir köməklik göstərməmişdi. Üsyan Rusiyanın hərbi köməkliyi ilə yatırılmışdı. 1840-cı illərin sonlarına doğru Britaniyanın xarici siyasətini ölkə daxilində siyasətçilər uğurlu hesab etmirdilər. Parlamentdə bir çox deputatlar son dövrlərdə Britaniyanın yalnız siyasi müzakirələr təşkil etmək, tövsiyələr vermək və sair bu kimi addımlar atmaqla, yəni real işlər, konkret köməkliklər göstərməməklə Avropada etibarlı tərəfdaş imicini itirmək təhlükəsi yarandığını və günahkarın da Palmerston olduğunu bildirirdilər.
       1847-ci ildə Britaniya təbəəsi, Afinada yaşayan, milliyyətcə yəhudi olan Don Pasifiko Afinada antisemit dəstənin hücumuna məruz qalmışdı. Hadisə zamanı yunan polisi yaxında olsa da müdaxilə etməmişdi. Məsələ ilə bağlı Britaniya hökuməti Yunanıstana rəsmi etirazını bildirmişdi. 1850-ci ilin yanvarında don Pasifiko yunan hökumətinə qarşı hadisənin düzgün araşdırılmaması ilə bağlı öz etirazlarını bildirməsindən sonra Palmerston Yunanıstanın Pirey limanına qoşun yeridilməsini və şəhərin mühasirəyə alınmasını təşkil etdi. Yunanıstan müvafiq razılaşmalara əsasən Rusiya və Fransanın müdafiəsi altında idi. Lordlar palatasının tələbi ilə qoşunlar geri çəkildi. Lordlar palatasının 17 iyunda keçirilmiş iclasında səsvermə nəticəsinə əsasən Palmerstonun Yunanıstanın Pirey şəhərinə qoşun göndərməsi diplomatik səhv adlandırıldı və bu addım pislənildi. İclas zamanı Palmerston saatlarla davam edən çıxışında Britaniyanın xarici siyasətinin öz təbəələrinin bütün yer kürəsində müdafiəsinə xidmət etməli olduğuna inandığını və bundan sonra da fəaliyyətini bu istiqamətdə quracağını dönə dönə vurğulamışdı. Səsvermənin nəticələri onun əleyhinə olsa da, çıxışı çox uğurlu alınmış və geniş kütlə arasında rəğbətlə qarşılanmışdı.
      Palmerston 1851-ci ildə Fransada 1848-ci ildə prezident seçilmiş Lui Napaleonun dövlət çevrilişi etməklə Milli Məclisi buraxması, respublikaçıları həbs etdirməsini alqışlamış və III Napaleonu təbrik etmişdi. O, bildirirdi ki, Böyük Britaniyanın konstitusiya quruluşu tarixi köklərə malikdir. Fransa isə 1789-cu ildən ildən keçən qısa zaman kəsiyində bir neçə inqilab etmişdir. Yəni Palmerston Fransada mütləqiyyətin olmasını daha uyğun hesab etdiyini bildirirdi. Lakin Palmerston yenə hökumətin məsələyə münasibətini gözləmədən öz münasibətini bildirmişdi. Hökumət isə bu məsələ ilə bağlı neytral mövqe tutdu. Şahzadə Albert, Palmerstonun tələsik və hökumətlə razılaşdırılmadan belə bir addım atmasından narazılığını bildirdi. Palmerston günahsız olduğunu bildirdi və istefa verdi.
       Baş nazir qraf Aberdin əhali arasında böyük nüfuzu olan Palmerstonun  1852-ci ilin dekabrında daxili işlər naziri təyin edilməsini təmin edir. Diplomatın bu vəzifəyə təyinatı əksəriyyət tərəfindən səhv  addım kimi qiymətləndirilirdi. Lakin hərbi katib, xarici işlər naziri, daxili işlər naziri, deputat kimi nümayəndələr palatasının üzvlüyü Palmerstonun çoxtərəfli bir siyasətçi olmasının göstəricisidir və hökumətin ən təcrübəli üzvü kimi baş nazir postuna doğru irəliləməsini əsaslandırır.
      Daxili işlər naziri kimi də Palmerston öz vəzifəsinin öhdəsindən müvəfəqiyyətlə gəlirdi. Onun müəllifi olduğu fabriklrər haqqında qanun bu sahədə olan hüquqi boşluqları doldurdu. 1853-cü ildə vaksinasiya ilə bağlı qanun layihəsinin hökumət və parlament tərəfindən qəbul olunmasına nail oldu. Qanuna əsasən uşaqların yolxucu xəstəliklərə qarşı vaksinasiya edilməsi məcburi xarakter aldı. Ölülərin kilsələrdə (bəzi əsilzadə ailələrinin  belə  hüquqları vardı) dəfn edilməsi qadağan edilirdi.
      Palmerstaon həbsxanalarda məhbusların təkadamlı kameralarda saxlanılması müddətini 18 aydan 9 aya endirdi. 1854-cü ildə qəbul edilmiş qərara əsasən məktəbyaşlı məhbusların həbsxanalardan xüsusi islahedici məktəblərə yerləşdirilməsi təmin edilməli idi və elə həmin il belə xüsusi məktəblər yaradıldı.
      1853-cü ilin mayında Rusiya Osmanlı dövlətindən sərhəd və bir sıra digər məsələlərdə müəyyən güzəştlərə gedilməsini tələb etdi və əks təqdirdə Moldaviya və Valaxiyaya qoşun yeridəcəyini bildirdi. Palmerston xarici işlər naziri olmasa da hökumət üzvü idi və hökumətdən təcili tədbirlər görülməsini, Osmanlılara kömək üçün Dardanel boğazına donanma göndərilməsini və Rusiyaya döyüşlərə başlayacağı təqdirdə müharibə elan edilməsini tələb edirdi. Baş nazir Corc Aberdin öncə etiraz etsə də Palmerstonun və onu dəstəkləyən hökumət üzvlərinin tələbi ilə Dardanelə donanma göndərilməsinə razılıq verdi. Rusiya Moldaviya və Valaxiyaya qoşun yeritdi. Palmerstonun tələblərinə baxmayaraq Aberdin Dardaneldə olan donanmaya müharibəyə qoşulmaq barədə əmr verilməsini yubadırdı. Palmerstonun mövqeyi hökumət üzvləri, diplomatlar və sadə xalq tərəfindən daha düzgün hesab edilirdi və dəstəklənirdi. Təzyiqlər nəticəsini verdi və Fransa ilə Britaniya 1854-cü ilin martında Rusiyaya müharibə elan etdilər. Lakin müharibədə ciddi uğurlar qazanılmaması səbəbindən parlamentdə Aberdinə qarşı çıxanların sayı artırdı. 1855-ci ildə Aberdin istefa verdi. 1855-ci ilin fevralında kraliça Viktoriya hökumət təşkil edilməsini Palmerstona tapşırır.
     Baş Nazir Palmerston Krım müharibəsində çox sərt mövqe sərgiləyir. Britaniya  müttəfiqləri Fransa, Avstriya ilə birlikdə həm Qara, həm də Baltik dənizi cəbhələrində ruslara ağır zərbələr endirdilər. O, Avropada Rusiya təhlükəsini həmişəlik bitirmək istəyirdi. Lakin müttəfiqlər müharibənin tez bitməsini istəyirdilər. 1855-ci ildə başlanmış sülh danışıqları Palmerstonun tələbi ilə yarımçıq qaldı. Palmerston Fransanı sülh şərtlərinin tam qənaətbəxş olmadığına inandıra bilmişdi. O, Sevastopolun ələ keçirilməsini və sülh danışıqlarının bundan sonra aparılmasını təklif edirdi. 1855-ci ilin sentyabrında Sevastopol müttəfiq qoşunları tərəfindən tutuldu. Rusiyanın məğlubiyyətlə barışmaqdan başqa çarəsi qalmamışdı. 1856-cı ilin martında Paris sülh konfransında sülh müqaviləsi imzalandı. Krımın Osmanlılara qaytarılması baş tutmasa da, Palmerstonun digər bütün tələbləri, o cümlədən Qara dənizin hərbsizləşdirilmiş zona elan edilməsi qəbul edildi.
      Kantonda çinlilərlə ingilislər arasında baş vermiş münaqişədən istifadə edən Palmerston Çinin daha çox ərazilərini və limanlarını yer kürəsi dövlətlərinə açılması üçün 1856-cı ildə Çinə növbəti dəfə qoşun yeritdi və tarixdə II tiryək müharibəsi (1856-1860) adlandırılan müharibə başlandı.
      1857-ci ildə Palmerston ailə münasibətləri haqqında yeni qanunun qəbulunu təmin etdi. Qanuna görə nigaha dair bütün məsələlərə kilsənin qarışması qadağan edilirdi. 1857-ci ildə Britaniya müstəmləkəsi Hindistanda böyük üsyan başlandı. Palmerston Kolin Kempbelin başçılığı ilə Hindistana əlavə qoşun birləşmələri göndərdi.
      Britaniyada istehsal edilmiş partladıcı vasitə ilə Fransa imperatoruna qarşı italyan respublikaçı Feliçe Orsinini sui-qəsd təşkil etməsi fransızların ciddi narazılığına səbəb oldu. Palmerston xarici ölkədə törədilməsinə baxmayaraq Britaniya ilə hər hansı şəkildə əlaqəli olan bu kimi cinayətlərə görə ölkə daxilində də cinayət işinin başlanılmasını təklif etdiyi qanun layihəsi parlamentdə qəbul edilmədi. Palmerston 1858-ci ilin fevralında istefa verdi.
      1859-cu ilin iyununda Liberal partiyası yaradıldı və Palmerston da bu partiyanın rəhbərlərindən biri oldu. Parlamentdə təmsil olunan viqlərin demək olar ki, böyük əksəriyyəti bu partiyaya keçdilər. 12 iyunda Palmerstona bu partiyanın lideri kimi növbəti hökumətin təşkili tapşırıldı. Palmerston növbəti və sonuncu baş nazirliyi dövründə hüquq sahəsindəki boşluqların doldurulması üçün lazım olan qanunların demək olar ki, böyük əksəriyyətinin qəbulunu təmin etdi.  
      1859-cu ildə Hindistan üsyanı tamamilə yatırıldı. 1860-cı ildə isə Çin növbəti dəfə məğlubiyyət müqaviləsini bağlamağa məcbur edildi.  Palmerston 1860-cı ildə artan hərbi xərclərə daha effektiv nəzarət etmək, donanmanın və ordunun hərtərəfli və davamlı inkişafını təmin etmək  üçün ayrıca qurum-Birləşmiş krallığın müdafiə üzrə komissiyasını yaratdı.
      1861-1865-ci illərdə ABŞ-da baş vermiş vətəndaş müharibəsinin gedişində Palmerston ölkəsinin neytrallığını elan etdi. O, tərəflərdən hər hansının qələbə qazanmasından asılı olmayaraq, qalib tərəfin müharibədən sonra Kanadaya hücum edəcəyini düşünürdü və bu səbəbdən də Kanadaya əlavə qoşun birlikləri göndərdi. Palmerston gizli şəkildə cənub ştatlarının yaratdığı Konfederasiyaya köməklik edirdi. ABŞ donanmasının hərbçiləri tərəfindən Britaniyaya məxsus gəmidə Konfederasliyanın iki diplomatının Avropaya gedərkən aşkarlanması və həbs edilməsi də bu faktı təsdiq edir. Britaniyanın Birkenxed tərsanəsində Konfederasiya üçün istehsal edilən Alabama hərbi gəmisi 1862-ci ilin iyulunda okeana buraxılmış və gəmi ABŞ-a çox ciddi zərərlər vurmuşdu.
     1864-cü ildə Şlezviq-Qolşteynin Prussiya tərəfindən işğal edilməsi prosesində də Palmerston Danimarkaya kömək etmədi. Bismarkın alman torpaqlarını birləşdirmə siyasətinə ingilislər mane olmadılar. 1865-ci ildə İrlandiyada milli azadlıq hərəkatı yenidən yüksəlməyə başlamışdı. Palmerston bildirirdi ki, əlində konkret faktlar olmasa da irland millətçilərinə ABŞ-ın köməklik göstərməsinə qətiyyən şübhəsi yoxdur. O, hərəkatı yatırmağın yeganə yolunun irlandlara qarşı yeni qoşun birlikləri göndərmək olduğunu bildirirdi.
     1865-ci ilin oktyabrında Palmerston soyuqdəymə nəticəsində xəstələnir. Xəstəliyi  hər ötən gün daha da şiddətlənir. O, həkimi ilə söhbətində zarafatla demişdi, “Mənim əziz həkimim-ölmək mənim son edəcəyim iş olacaq”. Ölümü zamanı isə o, sayıqlayaraq “Bu 98-ci maddə, indi növbətiyə keçin” demişdi. Palmerston 18 oktyabr 1865-ci ildə ölmüşdür.
  Azərbayan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə tələbəsi
   

Müəllif: Ağa Ağayev.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}