Azərbaycanda görünməz qanunlarla fəaliyyət göstərən reabilitasiya mərkəzləri
Bir müddət əvvəl mediada "jurnalist Nəsimi Nəbizadə narkomaniya asılılığından azad olmaq üçün müalicə aldığı reabilitasiya mərkəzindən qaçdı" başlıqlı xəbərlər dərc olundu. Sual yaranır: insan müalicə aldığı yerdən niyə "qaçsın"? Könüllülük üzərində qurulmalı olan müalicə prosesi "qaçış" xəbərləri ilə yadda qalırsa, deməli problem təkcə pasiyentdə deyil. Bu cür hadisələr reabilitasiya anlayışının özünü sual altına alır və həmin mərkəzlərin nə dərəcədə şəffaf, hüquqa uyğun və insan yönümlü fəaliyyət göstərdiyi barədə şübhələri artırır. Ümumiyyətlə narkomaniya günümüzün əsas problemlərindən biridir. Bu problem haqqında tez-tez danışılır, statistika açıqlanır, tədbirlər keçirilir. Amma məsələ narkotikdən qurtulmaq istəyən insanın yoluna gələndə suallar başlayır. Həmin yolun üzərində dayanan reabilitasiya mərkəzləri doğrudanmı müalicə edir, yoxsa sadəcə problemin üzərindən keçib gedir? Avropa ölkələrində, Kanadada asılılıqdan müalicə könüllülük, anonimlik və insan hüquqları üzərində qurulub. Reabilitasiya mərkəzləri açıq tipli fəaliyyət göstərir, pasiyent nə ilə qarşılaşacağını bilir, prosesə müstəqil qurumlar nəzarət edir. Azərbaycanda isə reabilitasiya mərkəzlərinin bir qismi haqqında ictimaiyyət demək olar ki, heç nə bilmir. Orada hansı metodların tətbiq edildiyi, bu metodların elmi əsaslara söykənib-söykənmədiyi, pasiyentlərin hansı hüquqlara malik olduğu müəmmalıdır. Ən narahatedici suallardan biri də budur: müalicə həqiqətən könüllüdürmü, yoxsa "müalicə" adı altında başqa proseslər gedir? Bu suallar cavabsız qaldıqca, narkotik asılılığı ilə mübarizə yalnız statistika və hesabatlarda qalır. Reabilitasiya isə həqiqi mənasında insanı həyata qaytaran mexanizmə çevrilmir. Bütün bu yazılanlar "Report"un reabilitasiya mərkəzlərinin biri ilə telefon danışığında öz əksini tapıb. Mərkəzdən bildirilib ki, müəssisədə "12 addım" proqramı tətbiq edilir, psixoloq və mütəxəssislərlə birgə müalicə aparılır. Hətta ehtiyac olduqda kənardan müəssisəyə həkimlər dəvət edilir, pasiyentlərə inyeksiya və sistem formasında preparatlar tətbiq olunur: "Həkimlərimiz mərkəzimizlə mütəmadi əməkdaşlıq edən şəxslərdir. Onlar kənardan gəlir. Ehtiyac olduqda pasiyentlərə tibbi müdaxilələr edirlər. İnyeksiya və sistem formasında vitaminlərdən istifadə olunur. Bununla da bir növ pasiyent "de-toksikasiya" edilir". Bütün bunların hansı qanun çərçivəsində və icazə ilə tətbiq olunduğunu soruşduqda isə mərkəzdən belə bir cavab gəlir: "Biz 6 ildir fəaliyyət göstəririk və 300-dən çox pasiyenti aslılıqdan qurtarmışıq. Həmin dərman və iynələrin heç bir əks təsiri ola bilməz". Yenidən "Bəs hansı icazə ilə bu proseslər həyata keçirilir" sualı ünvanlandıqda isə suallar cavabsız qaldı... Anlaşılan odur ki, nə tətbiq olunan tibbi müdaxilələrin nə də "kənardan" gətirilən həkimlərin qanuni icazəsi alınmayıb. Şəffaflıq.az 
Facebook-da paylaş








