Naxçıvanda təhsil müəssisələrinin istilik sistemləri binadan kənara çıxarılır
Naxçıvan Muxtar Respublikasının (İMR) sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramının icrası çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində istilik sistemlərinin binadan kənara çıxarılmasına başlanılıb. Şəffaflıq.az-ın məlumatına görə, layihə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilir və məqsəd təhsil müəssisələrində istilik təhlükəsizliyinin artırılması, həmçinin müasir standartlara uyğun şəraitin yaradılmasıdır. Ölkədə mövcud olan analoji təcrübə araşdırılıb və divar tipli qazanxanaların quraşdırılması daha məqsədəuyğun hesab edilib. Bu məqsədlə müvafiq şirkətlə müqavilə bağlanıb və artıq işlərə start verilib. Layihənin ilkin mərhələsində nisbətən kiçik ölçülü təhsil müəssisələri, eyni zamanda ucqar kəndlərdə yerləşən məktəblər seçilib. Hazırda quraşdırma işləri mərhələli şəkildə həyata keçirilir. Cari tədris ili ərzində ümumilikdə 30-a yaxın təhsil müəssisəsində qazanxanaların binadan kənara çıxarılması nəzərdə tutulur. Artıq 14 təhsil müəssisəsində montaj-quraşdırma işləri tamamlanıb. Digər müəssisələrdə isə işlərin yanvar ayının sonunadək yekunlaşdırılması planlaşdırılır.
Facebook-da paylaş








