Ramin Məmmədov Qahirədə beynəlxalq konfransda iştirak edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində yanvarın 19-20-də keçirilən "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, tədbirin açılış mərasimində İslam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində keçirilən elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və gələcəyin formalaşdırılmasında mənəvi dəyərlərin rolu müzakirə olunub. R.Məmmədov çıxışında deyib ki, Azərbaycan və Misir arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları arasında səmərəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Komitə sədri qeyd edib ki, İslam sivilizasiyasında əmək yalnız iqtisadi fəaliyyət deyil, həm də insan ləyaqətinə, sosial məsuliyyətə və ümumi rifaha xidmət edən mənəvi öhdəlik kimi dəyərləndirilir. Azərbaycan xalqı bu etik çərçivələrin formalaşmasına elmi, intellektual və mədəni irsi ilə mühüm töhfələr verir. O vurğulayıb ki, sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellektin peşə sahələrinə təsiri yeni çağırışlar yaradır. Bu prosesdə əsas məsələ texnologiyaların inkişafının etik prinsiplərlə tənzimlənməsidir. R.Məmmədov diqqətə çatdırıb ki, ölkədə dinlərarası dialoq, dini azadlıq və müxtəlifliyə hörmət tarixi ənənələrə əsaslanan dövlət siyasətidir: "Dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini icmaların hüquqları qorunur, onların mədəni və dini irsinə dövlət səviyyəsində dəstək göstərilir. Süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin peşələrini formalaşdırsa da, etik əsaslar olmadan bu proses bərabərsizliyi dərinləşdirə bilər. Ədalət, mərhəmət və insan ləyaqətini ön plana çəkən etik dəyərlər isə innovasiyanın insanlığa xidmət etməsini təmin edən əsas meyar olaraq qalır". Şəffaflıq.az
Facebook-da paylaş








