Fransa XİN: Aİ ABŞ-nin rüsumlarına cavab olaraq dövlət müqavilələrinə girişi bağlaya bilər
Avropa İttifaqı (Aİ) ABŞ-nin Qrenlandiya ilə bağlı tətbiq etdiyi ticarət rüsumlarına cavab olaraq ABŞ şirkətlərinin Aİ ölkələrindəki dövlət müqavilələrinə girişini bağlaya bilər. Şəffaflıq.az-ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Fransa Siyasi və Mənəviyyat Elmləri Akademiyasında çıxışı zamanı bildirib. "Maraqlarımıza qarşı təhlükədən qorunmaq üçün güclü vasitələrimiz var. Söhbət Avropa bazarına girişin məhdudlaşdırılması və dövlət müqavilələrinə qadağadan gedir", - nazir deyib. Onun fikrincə, heç kim heç vaxt ticarət müharibəsindən qalib çıxmır. Xatırladaq ki, Tramp cari ilin 1 fevralından ABŞ-nin Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracağını açıqlayıb. "Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", – deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Sonradan Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin qəbuledilməz olduğunu bəyan ediblər.
Facebook-da paylaş








