"Tramp Ümumdünya Ticarət Təşkilatının çöküşü istiqamətində iş aparır"
Cavid Vəliyev: "Tramp administrasiyası Ümumdünya Ticarət Təşkilatında bəzi islahatların həyata keçirilməsini istəyir"
Məhəmməd Əsədullazadə: "Əgər ÜTT dağılarsa, qlobal ticarət bazarında böhran baş verə, iqtisadi nizam pozula, ticarət qaydaları, gömrük rüsumları dəyişə, balans pozula bilər"
Almaniyanın Hamburq şəhərində nəşr olunan "Der Spiegel" həftəlik qəzetinin iddiasına görə, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) bir neçə gündən sonra çökəcək. Bu barədə report.az-da yer alan informasiyada deyilir ki, ABŞ prezidenti adıçəkilən təşkilatı iflic etmək üçün əlindən gələni etdi: "Əgər bir möcüzə baş verməsə, Tramp gələn həftə məqsədinə çatacaq". Yazıda o da qeyd olunub ki, Tramp son 2 ildə Ümumdünya Ticarət Təşkilatının rəhbərliyinə yeni üzvlərin seçilməsinin qarşısını alıb. Hazırda 7 üzvdən cəmi 3-ü fəaliyyət göstərir ki, onlardan da 2-nin səlahiyyət müddəti gələn həftə başa çatacaq. Bu isə qlobal ticarət qaydalarının faktiki olaraq qüvvədən düşməsi deməkdir.
ABŞ-ın bu addımı Ümumdünya Ticarət Təşkilatını çətin durumda qoya bilər
Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, ABŞ prezidenti bir müddət əvvəl "Bloomberg" agetnliyinə müsahibəsində Ümumdünya Ticarət Təşkilatının yaxşılığa doğru dəyişməyəcəyi təqdirdə, ölkəsinin təşkilatdan çıxacağını bəyan edib. Belə ki, "Əgər onlar öz işlərini yaxşılaşdırmasalar, mən ÜTT-dən çıxacağam" deyən Trampın sözlərinə görə, ÜTT-də ABŞ ilə uzun illərdir ki, çox pis davranırlar və bu səbəbdən də təşkilat dəyişməlidir. Bundan başqa, artıq ABŞ-ın Ümumdünya Ticarət Təşkilatına ödənişləri dayandırması da gündəmdədir. Bunun baş verməsi isə ÜTT-nin işinə təhlükə yaradır. Çünki ABŞ ÜTT-nin illik büdcəsinə digər ölkələrə nisbətən daha çox pul ayırır. Məsələn, 2019-cu ildə ABŞ-ın ödəmələri təxminən, 22,8 milyon dollar təşkil edib. Ekspertlərin fikrincə, ABŞ ÜTT-ni son iyirmi ildə Çinin iqtisadi təsirinin artmasına icazə verməkdə ittiham etdiyi üçün belə bir addım ata, nəticədə Ümumdünya Ticarət Təşkilatını çətin durumda qoya bilər.
Bu arada, rəsmi Pekin isə öz növbəsində, Ümumdünya Ticarət Təşkilatı üzvlərinə çağırış edərək, ABŞ-ın təşkilatı parçalamasına mane olmalarını və Çinin əqli mülkiyyət oğurluğu etdiyi iddiaları ilə Amerikanın tətbiq etdiyi gömrük vergilərinə qarşı çıxmalarını istəyib. Belə ki, Çinin ÜTT nümayəndəsi Zhang Xiangchen bir müddət əvvəl verdiyi açıqlamada Donald Trumpın 60 milyard dollar dəyərindəki Çin malına gömrük vergisi tətbiq etməsi planının Ümumdünya Ticarət Təşkilatı qaydalarına zidd olduğunu bəyan edib: "ABŞ götürdüyü öhdəliyi belə kobud şəkildə pozaraq çox pis nümunə olur. Ümumdünya Ticarət Təşkilatı üzvləri birlikdə hərəkət etməli və canavarı yenidən təşkilatın qaydalarının qəfəsinə həbs etməlidir".
"Trampın bu qərarı önümüzdəki günlərdə Ümumdünya Ticarət Təşkilatının işini iflic edəcək"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən siyasi ekspert Cavid Vəliyev isə bu qənaətdədir ki, Donald Tramp prezident seçildiyi gündən etibarən İkinci Dünya Müharibəsindən sonra məhz ABŞ liderliyində qurulan liberal iqtisadi sistemin Amerikanın əleyhinə işlədiyini müdafiə etməyə başlayıb: "İkinci Dünya Müharibəsindən sonra məhz Ümumdünya Ticarət Təşkilatı bu liberal sistemin və qoyulan qanunları qorumaq üçün bir məhkəmə rolunu oynayırdı. Məsələn, Tramp administrasiyasının dəmir və polad idxalatına gömrük vergisini tətbiq etməsinə qarşı Avropa İttifaqı və Türkiyə ABŞ-ı Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdi. Ümumdünya Ticarət Təşkilatı da Tramp administrasiyasının bu siyasətini davam etdirməsi halında qlobal ticarətin yavaşlayacağını bildirmiş və onu daha böyük bir ticarət müharibəsinə yol açmaqda günahlandırmışdı". Məhz bu səbəbdən də Tramp hakimiyyətinin Ümumdünya Ticarət Təşkilatının fəaliyyətindən narazılığını bildirdiyini deyən siyasi ekspertin sözlərinə görə, merkantalist bir iqtisadi siyasət həyata keçirən Tramp hökuməti ilə Ümumdünya Ticarət Təşkilatının liberal ticarət anlayışı arasında ciddi ziddiyət mövcuddur: "Bu ziddiyət son günlərdə gedərək daha da artmağa başladı. Bundan başqa, Tramp administrasiyası Ümumdünya Ticarət Təşkilatında bəzi islahatların həyata keçirilməsini istəyir. Yay aylarında ABŞ-ın ticarət müşavirliyinə məktub yazaraq Ümumdünya Ticarət Təşkilatında Türkiyə və Çinin inkişaf etməkdə olan ölkə statusunda olmadığını və bu statusun dəyişdirilməsini istəmişdi. Çünki Ümumdünya Ticarət Təşkilatı inkişaf etməkdə olan ölkələrin xarici ticarət və iqtisadiyyatlarının transformasiyasına bəzi ayrıcalıqlar tətbiq edir".
Cavid Vəliyev hesab edir ki, tərəflər arasında dünya ticarətinin gələcəyi haqqında bundan başqa məsələlərdə də fikir ayrılığı mövcuddur: "Tramp onun həyata keçirdiyi ticarət siyasətinə mane olan Ümumdünya Ticarət Təşkilatında seçiləcək apelyasiya hakimlərinin səsvermə prosesinə maneə olacağını bildirmişdi. İddialara görə, bu da önümüzdəki günlərdə Ümumdünya Ticarət Təşkilatının işləməsini iflic edəcək. Hazırda digər inkişaf etmiş ölkələr bu məsələnin həlli yollarını axtarır. Amma digər tərəfdən də hər cür ssenariyə qarşı hazırlıqlarını görürlər".
"Burada əsas məqsəd ABŞ-ın beynəlxaq iqtisadiyyat və ticarətdə əsas dominantlığını təmin etməkdir"
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Donald Tramp ABŞ prezidentliyə gəlişiylə dünya iqtisadiyyatında Amerikanın maraqlarının ciddi şəkildə qorunması istiqamətində işlər apardı: "Avropa Birliyi, Çin və digər ölkələrə qarşı iqtisadi təzyiqlər etdi. Bu da Ümumdünya Ticarət Təşkilatının maraqlarına zidd addım olmaqla yanaşı, ümumi iqtisadi qanunların pozlulmasına gətirib çıxardı. Hesab edirəm ki, Tramp dünya iqtisadiyyatına ciddi təsir edir, Ümumdünya Ticarət Təşkilatının çöküşü istiqamətində iş aparır. Amma buna baxmayaraq, təşkilatın dağıdılması baş tutmayacaq. Burada əsas məqsəd ABŞ-ın beynəlxaq iqtisadiyyat və ticarətdə əsas dominantlığını təmin etməkdir. Təbii ki, əgər bu, baş verərsə, ABŞ-ın iqtisadi eksponsiyası güclənəcək, digər ölkələrə qarşı əlində ciddi təzyiqlər olacaq. Bu da növbəti seçkilərdə Trampın qələbəsinə gətirə bilər. Tramp sübut edə bilər ki, ABŞ-ın maraqları naminə böyük bir beynəlxalq təşkilatı sıradan çıxardı və Vaşinqton öz dominantlığını daha da artırdı".
Politoloqun sözlərinə görə, əgər Ümumdünya Ticarət Təşkilatı dağılarsa, o zaman qlobal ticarət bazarında böhran baş verə bilər: "İqtisadi nizam müəyyən illərə qədər pozula bilər. Göründüyü kimi, ABŞ yeni dünya nizamında Ümumdünya Ticarət Təşkilatını ləğv etməyi, özünə sərf edən bir təşkilat qurmağı planlaşdırır. Siyasi nizamlanmada ABŞ öz gesoiyasi maraqlarını təmin etmək, Rusiya və Çini sıxışdırmaq üçün bu varianta əl atır. Bu, baş verərsə, ticarət qaydaları, gömrük rüsumları dəyişə, balans pozula bilər. Bu çətin prosesdir və dünya iqtisadiyyatına mənfi təsir edəcək".
Şəffaflıq.az
Facebook-da paylaş