Azərbaycandan Ukraynaya 1 milyon dollar dəyərində növbəti humanitar yardım yola salınıb
Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Şəffaflıq.az-ın məlumatına görə, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib. Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon ABŞ dollarıdır. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.
Facebook-da paylaş








