AMEA fəlsəfə doktoru dərəcəsi almaq üçün qoyulan tələblərin bəzilərinin ləğv edilməsini istəyir
Şəffaflıq.az xəbər verir ki, bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.
Onun sözlərinə görə, müdafiə etmək üçün çoxlu sayda sənədlərin toplanması və tələb edilməsi bir çox istedadlı, lakin maddi imkanları aşağı olan gənclərin elmdən uzaqlaşaraq başqa sahələrə getməsinə gətirib çıxarır:
"İctimai elmlərdən fərqli olaraq eksperimentlərə əsaslanan təbiət elmləri sahəsində gənc doktorantın mono-məqalə çap etdirməsi kimi tələblər heç bir məntiqə uyğun gəlmir".
Akademik bildirib ki, ölkədə təbiət və texnika elmləri sahəsində çalışan istedadlı gənc kadrları elmdə saxlamaq üçün xarici ölkələrdə olduğu kimi 2 mərhələli müdafiə sistemi ləğv edilməli, fəlsəfə doktoru hazırlığı üzrə 4 illik əyani doktorantura saxlanılmalı (yüksək səviyyəli təhsil proqramları əlavə edilməklə), elmlər doktoru dərəcəsi isə AAK-ın onsuz da tələb etdiyi nüfuzlu “Web of Science”, “Scopus” bazalarına düşən jurnallarda çap olunan məqalələrə, nəşr olunan sanballı monoqrafiyalara, dəvət olunan məruzəçi qismində beynəlxalq konfrans və konqreslərdə çıxışlara, qalibi olduğu qrantlara görə, bir sözlə, çap edilmiş əsərlər külliyatına görə, dissertasiya tərtibatına və müdafiəsinə 2-3 il vaxt itirmədən və emosional gərginlik keçirmədən verilməlidir:
"Bu qayda gənc fəlsəfə doktorlarının böyük həvəslə elmi müəssisələrdə tədqiqatlarını davam etdirmək üçün çox önəmli stimul ola bilər".
Facebook-da paylaş