Sabir - 159: Bu gün böyük şairin anadan olduğu gündür

 Sabir - 159: Bu gün böyük şairin anadan olduğu gündür

MİRZƏ ƏLƏKBƏR SABİRİN XƏSTƏLƏNMƏSİNƏ VƏ ÖLÜMÜNƏ SƏBƏB OLAN MƏŞUM HADİSƏ... BU BARƏDƏ AZ DANIŞILIR... 1908-ci ildə qohumlarından biri şairə tapançayla hücum etmişdi!
"Yaşıl yarpaqlar" kitabı, 1922.
Hadisəni böyük satirik şairin "ən yavuq əhbablarından (dostlarından) biri" kimi özünü təqdim eləmiş və "Sabir əfəndinin sərgüzəştindən bir parça" adlı xatirə yazmış Məmmədəli Veysov nəql edib. 
1908-ci ildə "Molla Nəsrəddin" jurnalında Şamaxı qazısı Hacı Məcid Əfəndinin xanımlarıyla necə rəftar eləməsinə həsr olunmuş bir satirik şəkil çıxır. Avam camaat bu məsələdə Sabiri günahlandırır. Guya şair jurnala həm də rəsm çəkib göndərirmiş. Ancaq şairi Hacı Məcid Əfəndinin özü təmizə çıxarır...
MƏMMƏDƏLİ VEYSOVUN XATİRƏSİNDƏ DEYİLİR:
"...Avam camaat Sabirin bilkülliyə rəssamlıqdan xəbəri olmadığını nəzərə almayıb onu müttəhim tutdular. Sabir əfəndi isə həmin Hacı Məcid Əfəndinin vasitəsilə özünü camaat hüzurunda müttəhimlikdən xilas etdisə də, lakin ikinci bir rəsm (Şamaxı Yuxarı qala məscidinin həyətində dəfn olunan mərhum Hacı Seyidəli ağanın qəbri üzərində əyləşmiş bir qadın rəsmi) camaatı nəhayət dərəcədə mütəəssir etmişdi. Həmin vaxtda Sabirin damadından (kürəkən) biri, avam sinfinin ən mütəəssiblərindən (qatı dindar)  olduğuna görə əlinə tapançasını alıb şeytanının qaldıraraq Sabir əfəndinin üzərinə qəflətən atılıb düz ürəyindən vurmaq istədi. 
Sabir əfəndi qorxudan bihuş olub yerə düşdü. Huşa gəldikdən sonra neçə gün yataqda yatıb özünü düzəltdi. Bunun düzəlməyi zahirən düzəlmək oldu. 
Batində etdiyi böyük xiffətdən dolayı, özü söyləyən, bir vərəm əmələ gətirmiş, günbəgün dəruni xəstəlik çəkmiş bir insan kimi geri gedib və axırı qara ciyər naxoşluğuna giriftar olub, çox zəhmət çəkdikdən sonra xudanın rəhmətinə vasil olur..."
Mənbə: "Sabir xatirələrdə", Bakı, "Gənclik" nəşriyyatı, 1982. Tərtibçi Abbas Zamanov.
Vaxt ötdü, onillər keçdi, işıqlı insanlara tapança çəkən, onları təhdid edən əyalətçilərin "tapançası əllərindən düşdü" (dırnaqlı və dırnaqsız), böyük şair isə əbədi yaşamağa davam etdi... 
MAYIN 30-u Böyük Şairin doğum günüdü. 159 il əvvəl doğulan, 49 yaşında dünyadan köçən şair bu gün də hörmət və ehtiramla anılır, şeirləri oxunur, xatirəsi yad olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}