“Vaşinqton Tayms”ın Mehriban xanım haqda bu ifadəsi...
Övlad – təkcə fiziki, bioloji olaraq davamçın deyil, həm də ruhunun, düşüncənin, dünyagörüşünün, mənəviyyatının davamı, ifadəsi və bu dünyadakı missiyanın səndən sonrakı daşıyıcısıdır.
Hər kəsin obrazı onun böyütdüyü övladın cəmiyyətə münasibəti ilə tamamlanır.
Əlbəttə, heç kəs övladına “sən cəmiyyət üçün bunu etməlisən”, “sən Vətənə bu cür övlad olmalısan” demir və bu sözlərlə övlad böyütmür. Övlad ilk növbədə ailədə görüb-götürür: o, insanlara sevgini də, cəmiyyətə dəyəri də, Vətənə xidməti də ilk gördüklərindən – ata-anasından öyrənir...
Amma bunlar görüb-götürməklə tamamlanmaz ki! Bu hisslər, düşüncələr, sözlə ifadə olunmayan incəliklər, zərrələr valideynlərdən övladlarına həm də genetik kodlarla, fikrən, ruhən, fitrətən ötürülür.
Bu Kainatın ən ümdə qaydası, dəyişməyən qanunudur: sevgi ötürməsən, sevgi ala bilməzsən...
Öyrətməklə Sevgi olmaz, doğulmaz...
Bu söhbətlərin dəfələrlə şahidi olmuşam; Prezidentin qızı Leyla Əliyevanın insanlara münasibətdə sadəliyi, humanistliyi və mehribanlığı insanları nə qədər düşündürür. İnsanlar onun sosial şəbəkələrdə paylaşılan fotoşəkillərini necə təəccüb, heyrət və maraqla izləyirlər, müzakirə edirlər. Tamamilə fərqli bir mühitdə, fərqli müstəvidə, təminatlı ailədə böyümüş, yüksək təhsil görmüş, fərqli bir dünyagörüşü mənimsəmiş bir qız eyni zamanda necə bu dərəcədə milliliyi, vətənpərvərliyi, insanpərvərliyi əxz edə, öz qəlbinə sığdıra bilib?
Bu mehribanlıq, bu istilik, bu doğmalıq heç vaxt ola bilməzdi; əgər içəridə - Ürəkdə o yanğı, o sevgi, o istək olmasaydı...
Leyla Əliyeva uşaq evlərindəki kimsəsiz, qayğıya, şəfqətə ehtiyacı olan o körpələri o cür bağrına basa bilməzdi.
Hələ xəstə uşaqlar... Daun sindromlu, talassemiyalı, əqli inkişafdan geri qalmış, xərçəngin məngənəsində nəfəsi daralan o solğun bənizli, gözləri ilə nicat arayan uşaqlar... Leyla Əliyeva onların yatağının kənarında dizlərini yerə qoyaraq onlara ana kimi, doğma kimi, öz ciyərparası kimi sevgi, nəvaziş göstərir...
Uşaq evlərində xadimələri, qocalar evlərindəki kimsəsiz ahılları, ağbirçək anaları elə şəfqətlə, məhəbbətlə qucaqlamaq, onlara sevildiklərini, yalqız və köməksiz olmadıqlarını hiss etdirmək, özgüvən, arxayınlıq duyğusu yaşatmaq... Heyrətamiz və bənzərsizdir Leyla Əliyeva - sevgiylə dolu qəlbiylə!
Şübhəsiz, onun ictimai-siyasi fəaliyyətindən, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi gördüyü işlərdən günlərlə danışmaq olar. Amma məncə, bu yazıda yalnız onun gözəl ürəyini, ətrafa saçdığı işığı xatırlatmaq yetər.
İşıq varsa, Sevgi varsa, hər şey var demək!
Prezidentin digər qızı – Arzu Əliyevanı nə qədər tanıyırıq? Məncə, az. Yəni Leyla xanımdan daha az! Çünki ailə üzvləri onun diqqət mərkəzində olmağı o qədər də sevmədiyini deyiblər.
Amma biz onu da qəlbindən tanıyırıq - milli adət-ənənələrimizlə bağlı bacısı ilə birgə çəkildiyi klipdən...
CNN-də yayınlanan o klipdə Əliyeva bacıları Azərbaycanın qədimliyi ilə müasirliyinin vəhdətini məxsusi bir istiliklə təqdim etmişdilər soyuq Avropaya.
Daha sonra biz onu filmlərindən tanıdıq. “Hədəf Bakıdır. Hitler neft uğrunda savaşı necə uduzdu” və “Əbədi ezamiyyət” filmləri ilə Arzu Əliyeva əslində tariximizin və ağrılarımızın rəsmini çəkməklə kifayətlənməmişdi, həm də keçmişimizə və itkilərimizə necə içdən-qəlbdən bağlı olduğunu nümayiş etdirmişdi.
“Əbədi ezamiyyət”də o, yalnız müəllif deyildi, filmə qatdığı möcüzəvi enerjisiylə bir Cümhuriyyətçi, bir Azərbaycan sevdalısıydı...
Kiçik Heydər Əliyevi də az tanıyırıq. Bir dəfə tələbə olarkən jurnalistlərin suallarını cavablandırmışdı. O da, bacıları kimi, heyrətləndirmişdi: həddən ziyadə sadəliyi və təvazökarlığı ilə, Prezident oğlu olduğunu qətiyyən hiss etdirmədən. O zaman onun da sevgi ilə böyüdüyünü, mənəvi zənginliyini, hədsiz səmimiyyətini gördük.
Danışığı, duruşu, özünüifadəsi ilə o, yalan, riya olmayan bir mühitin yetirməsi olduğunu, səmimiyyət və məhəbbət içində formalaşdığını ortaya qoydu: nə özünəvurğunluq vardı, nə savadıyla qürrələnmə, nə də ata-anasının nüfuz və mövqeyindən istifadə...
Ali təhsilini bitirən kimi də hərbi xidmətə yollandı: Birinci Ailənin oğlu kimi nümunə olmağı üstün tutdu.
Prezidentin övladları niyə təəccübləndirirlər?
Fərqli düşüncədə olan, adı qalmaqallarda hallanan nə qədər məmur, oliqarx övladı, nəvəsi var... Bəziləri “ayaq açan kimi” ölkəni tərk edib, bəziləri bu ölkəni Vətən deyil, atasının, babasının obyekti sayıb...
Bu ölkənin vətəndaşı olmaq, bu ölkənin dərdlərinə həmdərd olmaq Könül istəyir. Bunun üçün sevgiylə döyünən böyük ürək gəzdirməlisən sinəndə.
Biz o ürəyi, o yanğını, o enerjini Leyla Əliyevada da, Arzu Əliyevada da, Heydər Əliyevdə də görürük. Və qürurlanırıq, ürəklənirik...
Dedik axı, insanları tanımaq üçün, daha yaxından, daha dərindən bələd olmaq üçün mütləq övladlarına baxmaq lazımdır. Və təbii ki, daha çox Anaya istinadla. Atalar əlbəttə, əvəzolunmazdır, amma məncə, Anaların rolu daha böyükdür. Çünki Analar yaradıcıdır, əzabkeşdir, kirpikləri ilə od götürəndir, həm də balalarına Od ötürəndir...
Bu baxımdan bu gün – doğum günündə Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanımı Mehriban Əliyeva ilə bağlı yazmaq istərkən onun bir dövlət adamı, bir ictimai-siyasi xadim olmasından daha öncə bir Ana olmasını xatırladım. Və məhz Analıq missiyasını xatırlatmaq istədim!
Mən onu Azərbaycana bəxş etdiyi 3 işıqlı övladdan tanıyıram...
Mən onu Leylanın, Arzunun, Heydərin gözlərindən tanıyıram...
Mən onu həm də Mir Cəlal ocağından tanıyıram...
O ocağın yetirməsi və yetirdikləri bu millətin dəyərləridir!
Mehriban Əliyeva Azərbaycanda bir çox ilklərə imza atmış qadındır. Ölkədə siyasi mədəniyyətin, dövlətçilik ənənələrinin, dövlət ərkanının formalaşmasında misilsiz xidmətləri xüsusi qeyd edilməlidir. “Birinci Xanım” institutu məhz onun adıyla bağlıdır. Ölkənin ilk Birinci vitse-prezidentidir. Heydər Əliyevin Fondunun rəhbəri kimi ölkənin ictimai-siyasi həyatında böyük rol oynayır, mədəniyyət, idman, elm, təhsil və səhiyyə sahələrində ölkədə və beynəlxalq miqyasda mühüm işlər həyata keçirir. İSESKO və UNESKO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətinə nəzər salanda bir xanımın həm xalqın, həm də dövlətin həyatında bu qədər ağır, məsuliyyətli, eyni zamanda böyük əhəmiyyətli işləri öz zərif çiyinlərində necə daşıması xüsusi maraq kəsb edir. Dəfələrlə yazmışıq, o, sadəcə, Prezident İlham Əliyevin həyat yoldaşı – ölkənin Birinci Xanımı olmaqla, rəsmi tədbirlərdə protokol qaydalarına uyğun olaraq, ömür-gün yoldaşını müşayiət etməklə də kifayətlənə, vaxtını daha çox öz uşaqlarına, ailəsinə, şəxsi həyatına sərf edə bilərdi. Amma tamamilə bunun əksini – bir qadının, bir ananın, bir vətəndaşın əzmini və fədakarlığını görürük.
O, bütün bunlara necə nail ola bilir, necə bacarır, heç bir təmənna ummadan, minnətdarlıq gözləmədən insanların sosial rifahından fərdi xoşbəxtliyinə qədər bütün problemlərin, qayğıların, çətinliklərin həlli üçün necə çalışır?! Bütün bunların hamısını necə çatdırır? Bir qadın üçün böyük yük, böyük əzmkarlıq deyilmi?!.
Avropa ölkələrində son illər məşhurlaşan bir sosial nümunə yadıma düşür. İşə qəbul üçün müsabiqəyə gələn insanlara deyilir: “Siz aşpazlıqdan tutmuş mühasibatlığa, hətta həkimliyə qədər hər şeyi bacarmalısınız. Hər gün – hətta bütün bayramlarda və istirahət günlərində belə işləməlisiniz və bunun qarşılığında sizə heç bir ödəniş edilməyəcək”.
İnsanlar haqlı olaraq bu işləri görə bilən kimlərinsə olduğunu soruşanda aldıqları cavab belə olur: “Analar”.
Həqiqətən də heç bir qarşılığını gözləmədən, hətta bunu ağlından keçirmədən, yorulmadan, usanmadan işləmək, çalışmaq, çaba göstərmək dünyada yalnız Analara məxsus xüsusiyyətdir.
Əslində Mehriban Əliyevanın xalqı və dövləti üçün öz övladlarının sağlamlığının, rifahının və xoşbəxtliyinin keşiyində dayanan bir Ana kimi çalışması məhz o müqəddəs missiyadan qaynaqlanır.
Qayğıkeş, mərhəmətli, ideal Ana. Mehriban Əliyeva Azərbaycanı da, onun insanlarını da öz övladları qədər sevən, qayğıkeşliklə, mərhəmətlə, səbirlə, sevgi ilə çalışan anadır və bu, müqəddəs missiyanı ailədə olduğu kimi, ictimai-siyasi həyatda da eyni fədakarlıqla yerinə yetirir.
O, Azərbaycan uşaqlarını da məhz Ana kimi sevir.
O, Analara öz Anası kimi qayğı göstərir.
O, mədəniyyətimizin yükünü müdrikliklə çəkir.
O, şəhid ailələrini milli abidələrimiz kimi qoruyur, şəhidlərimizin adını, qəhrəmanlığını Qarabağın bir parçası, bir zərrəsi kimi əbədiləşdirir, Qarabağın xilası üçün həm dövlət adamı, həm də Ana kimi çağırışlar edir, ölkəmizi dünyada ləyaqətlə təmsil edir...
Və ən önəmlisi, təhsili bu ölkənin və insanlarımızın gələcəyi kimi inkişaf etdirir.
O, böyük mənada Azərbaycan ailəsində hamımız üçün Ana simvoludur, örnəkdir, nümunədir.
“Vaşinqton Tayms” nəşri bir vaxt doğru yazmışdı: “Mehriban Əliyeva müsəlman qadınlar üçün ən yaxşı nümunədir”.
Amma təkcə müsəlman qadınlar üçün deyil: məncə, O, bütün xanımlar üçün nümunədir!
O, bütün zamanlarda adını fəxrlə çəkə biləcəyimiz Azərbaycanlıdır!
Bu gün bu Ananın ad günüdür.
Vətən də Anadan başlayır.
Onun timsalında Ana Vətəni təbrik edirik!
Şəffaflıq.az
Facebook-da paylaş