AMEA Lənkəran REM-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş növbəti elmi seminar keçirilib.-FOTO


Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə növbəti elmi seminar keçirilib. Mayın 13-də AMEA Lənkəran REM-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş növbəti elmi seminar keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə əvvəlcə Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev və tədbirin qonaqları - millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Mərkəzi Gömrük Hospitalında Elmi-təcrübi və Tədris Mərkəzinin rəisi, tanınmış ürək cərrahı, Əməkdar həkim, tibb elmləri doktoru Rəşad Mahmudov və Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, AMEA Fəlsəfə İnstitutunun Sosial psixologiya şöbəsində böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, psixoloq Elnur Rüstəmov Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Daha sonra onlar Lənkəran REM-nin foyesində yeni istifadəyə verilmiş 44 günlük Vətən müharibəsində AMEA-nın şəhidi, Mərkəzin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin  xatirə guşəsinin önünə təzə qərənfillər qoyublar. Elmi seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev qonaqları təqdim etdikdən sonra bildirib ki, bu günlər müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ölkəmizin hər yerində, uzaq və yaxın dost ölkələrdə təntənə ilə qeyd olunur. Biz də AMEA Lənkəran Regional Elmi Mərkəzi olaraq silsilə tədbirlər keçirir və bununla dahi Öndərə ehtiramımızı bildirməklə yanaşı, həm də onun irsini öyrənir, hədəflərimizi müəyyənləşdiririk.

Millət vəkili Rəşad Mahmudov belə bir elm ocağında iştirakına görə məmnunluğunu ifadə edib və dəvətə görə Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib. Hazırda tariximizin ən şərəfli dövrünü yaşadığımızı vurğulayan millət vəkili Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi cahanşümul işlərdən, C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasından, sovetlər dönəmində SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətindən, doxsanıncı illərin əvvəllərində Naxçıvanda Ali Məclisin sədri işləyərkən ilk dəfə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından və s. ətraflı söz açıb.

Rəşad Mahmudov daha sonra möhtərəm Prezident cənab İlham Əliyevin   Ümummilli Liderin siyasətini uğurla davam və inkişaf etdirdiyini vurğulayaraq qeyd edib ki,  Azərbaycan dünya birliyində öz sözünü heç vaxt indiki kimi açıq, sərrast deməyib. 44 günlük Vətən müharibəsində biz milli qürurumuzu və tarixi ədalətsizliyi bərpa etdik. İndi fəxarətlə deyə bilərik ki, biz şərəfli tarix yaşamış qalib xalqın nümayəndələriyik. Millət vəkili çıxışının sonunda bildirib ki, hər bir azərbaycanlı gənc ətrafında cərəyan edən hadisələri düzgün qiymətləndirməyi bacarmalıdır. Hər birimiz hesabat verməliyik ki, bu Vətən üçün nə etmişik və nə edəcəyik?!

Psixoloq Elnur Rüstəmov çıxışında qeyd edib ki, biz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt hesab edirik. Bunun bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi  ikinci hakimiyyəti dövründə qoyulub. Həmin illərdə həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində köklü dəyişikliklər baş verdi.


Bugünkü reallıqlardan danışan psixoloq birinci və ikinci Qarabağ müharibəsində bütün ölkə vətəndaşları kimi, Cənub bölgəsinin gənclərinin həm cəbhədə, həm də həyatımızın digər sahələrində uğurlu, fədakar iştirakından, ailə, milli-mənəvi dəyərlərimizdən söz açıb, hamını cənab Prezident İham Əliyevin ətrafında sıx birləşməyə, çiçəklənən Azərbaycana töhfələr verməyə çağırıb. Lənkəran REM-nin əməkdaşı Fəranə Mikayılova sovetlər dönəmində Ulu Öndərin göndərişi ilə anası Bəsti Hüseynovanın Gəncədə ali təhsil almasından,  “Əmək rəşadətinə görə” medalını şəxsən anasına təqdim etməsindən, Heydər Əliyevin 1998-ci ildə Astaraya tarixi səfərindən, 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edib. “Lənkəran-Audit” MMC-nin direktoru Fəhrəddin Hüseynov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, möhtərəm Prezident İlham Əliyevin analoqu olmayan dövlət quruculuğu haqqında fikirlərini söyləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə yüksək önəm verməsindən, Aşura, Məhəmməd Peyğəmbərin mövlüd günlərində məscidlərə getməsindən, Təzə Pir Məscidinin yeni binasının bünövrəsini qoymasından, onun ikinci hakimiyyəti illərində Azərbaycanda çoxsaylı məscidlərin tikilməsindən, möhtərəm dövlət başçısı İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən danışıb. Elmi seminarda iştirak edən Lənkəran Tibb Kollecinin “Tibb bacısı işi” ixtisası üzrə şöbənin müdiri Solmaz Babayeva maraqlı çıxışlarına görə qonaqlara təşəkkür edib, kollecin tələbələrindən Xumarə Hüseynova, Aysel Mürsəlova və Tükəz Canıyevanın sualları cavablandırılıb. Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev millət vəkili Rəşad Mahmudov, psixoloq Elnur Rüstəmov və bütün iştirakçılara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}