Azərbaycan XİN başçısının müavini AŞ ölkələrinin illik nazirlər sessiyasında iştirak edəcək
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Avropa Şurasına (AŞ) üzv ölkələrin xarici işlər nazirlərinin illik sessiyasında iştirak edəcək. Bu barədə Şəffaflıq.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Builki illik sessiya mayın 17-də Strasburqda baş tutacaq. Gündəlikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Avropa Şurasının görməyə davam etdiyi tədbirlər, dövlət və hökumət başçılarının 2023-cü il sammitində qəbul edilmiş Reykyavik Bəyannaməsinin həyata keçirilməsi və süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə Çərçivə Konvensiyasının qəbulu məsələləri yer alacaq. Nazirlər təşkilatın insan hüquqları, o cümlədən sosial hüquqlar və uşaq hüquqları, təhsil və mədəniyyət, vətəndaş cəmiyyəti və gənclərin iştirakı, rəqəmsal texnologiyalar dövründə insan hüquqları, miqrasiya və insan alveri, gender bərabərliyi və ətraf mühit və s. kimi sahələrdə fəaliyyətini nəzərdən keçirəcəklər. Nazirlərin iclasından sonra Lixtenşteyn Nazirlər Komitəsinə sədrliyi Litvaya verəcək.
Facebook-da paylaş