Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lissabonda Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) təşkilatçılığı ilə “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda keçiriləcək Qlobal Dialoq Forumunda iştirak edir. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, iki gün davam edəcək Qlobal Dialoq Forumunun məqsədi BMT-nin 2030-cu il Gündəliyində təsbit edilən ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir. Tədbirdə sabiq hökumət başçıları, nüfuzlu beynəlxalq dini və siyasi təşkilatların, QHT, dini mərkəz və elmi institutların nümayəndələri iştirak edəcəklər. 7 panel sessiyanı əhatə edəcək Forumda dialoq və etimadın yaradılması, münaqişə və müharibənin əsas səbəblərinin aradan qaldırılması, davamlı sülhün yaradılması prosesi, o cümlədən təbii resursların mühafizəsi və iqlim dəyişikliyi problemlərinin həllində dini və dünyəvi tərəfdaşlığın rolu barədə müzakirələr aparılacaq. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də qlobal foruma qatılıb. Şəffaflıq.az
Facebook-da paylaş