Şamaxıda "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim" adlı videokonfrans keçirilib.

 7 may 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Türkiyə Respublikası Qars şəhəri Qafqaz universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim" adlı videokonfrans keçirilib. 
Şəffaflıq.az xəbər verir ki, Konfransda Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycanın Respublikasının Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars Qafqaz Universitetinin prorektoru professor Engin Kılıç, Qars Qafqaz Universitetinin Dil-ədəbiyyat fakültəsinin dekanı professor Gencer Elkılıç, Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Hacəli Nəcəfoğlu, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Qars Qafqaz Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümü rəhbəri dosent İlkin Qulusoy, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyev, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Qafqaz Üniversitetinin, ADPU-nun Şamaxı filialının, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, mədəniyyət və təhsil işçiləri, müəssisə və idarələrin əməkdaşları iştirak ediblər.
İlk öncə Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova konfransı açıq elan edərək qonaqları salamlamışlar. Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayan, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verərək sözü konfrans iştirakçılarına vermişdir.
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Nuru Quliyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söz açmış, Ümummilli Liderin Qars Qafqaz Universitetinin Fəxri Doktoru ünvanını aldığını və orada yaradılmış Heydər Əliyev Təhsil Mərkəzinin iki ölkə arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulamışdır.



Qars Qafqaz Universitetinin rektor müavini, professor Engin Kılıç Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu və memarı, türk millətləri içərisindən çıxmış ən cəsur və uzaqgörən dövlət xadimi olmasından bəhs etmişdir.
Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirib. Millət vəkili qey edib ki, Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Qars Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, həmyerlimiz prof. Hacəli Nəcəfoğlu çıxışında ümummilli liderin Heydər Əliyevin elm və təhsilə böyük önəm verməsindən, Qarsa gəlişindən, Qarsda da çox sevilməsindən, adına park salınması və büstünün qoyulmasından bəhs etmiş, Türkiyədə sadəcə Qafqaz Universitetində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı bölümü nəzdində açılan Heydər Əliyev Tədris Mərkəzinin qısa zamanda böyük bir araşdırma mərkəzinə çevrilməsinin lazım gəldiyini vurğulamışdır.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov isə çıxışında qeyd etmişdir ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutur.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artmasının məhz ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində baş verdiyini bildirmişdir. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.
Həmçinin çıxışlarda vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Yüzə yaxın iştirakçının qoşulduğu videokonfransın sonunda Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və Qars Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölümü rəhbəri, dosent İlkin Qulusoy Qafqaz Universiteti rəhbərliyi başqa olmaqla tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}