Milli Məclisin üzvləri Kolumbiyada parlament rəsmiləri ilə görüşüblər
Milli Məclisin Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli Kolumbiyaya səfər ediblər. Şəffaflıq.az xəbər verir ki, səfər Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun dəvəti əsasında həyata keçirilib. Səfər zamanı Milli Məclisin nümayəndə heyəti Kolumbiya Konqresinin tarixi binasını ziyarət edib, Nümayəndələr Palatası və Senatın plenar iclaslarında iştirak edib. Plenar iclaslar zamanı Azərbaycanın nümayəndə heyəti hər iki Palatanın sədrləri tərəfindən rəsmi şəkildə salamlanıb, onları Kolumbiyada görməkdən məmnunluq ifadə olunub. Səfər çərçivəsində Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun rəhbəri Pedro Suares və qrupun üzvləri ilə yanaşı, bir sıra ikitərəfli görüşlər baş tutub. Senatın baş katibi Dieqo Qonsales, Nümayəndələr Palatasının baş katibinin müavini Raul Avila, "Colombia Humana" siyasi hərəkatının sədri Qloria Flores ilə keçirilmiş görüşlərdə parlament diplomatiyasının və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında önəmli yer tutduğuna diqqət çəkilib, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsinin artırılmasının əhəmiyyətinə toxunulub. Tərəflər Azərbaycan və Kolumbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsi baxımından parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Görüşlər zamanı Kolumbiya tərəfinə ötən müddətdə Konqresin istər keçmiş münaqişə, istərsə də Xocalı soyqırımı ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın haqq səsini dəstəkləyən çoxsaylı sənədlərin qəbuluna görə bir daha minnətdarlıq bildirilib. Səfər zamanı həmçinin Kolumbiyanın səhiyyə naziri Qiyermo Xaramiyo və Kolumbiya xarici işlər naziri Ofisinin rəisi, bu ölkənin 2019-2022-ci illərdə Azərbaycanda səfiri olmuş Luis Dimate ilə görüş olub. Azərbaycanlı parlamentarilər Kolumbiya Konqresinin rəsmi televiziyası "Canal Congreso" və "El Mismo" yerli televiziya kanallarına müsahibə verərək, səfərlə bağlı təəssüratlarını bölüşüblər. Azərbaycan nümayəndə heyəti Konqresin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun rəhbəri Pedro Suaresin dəvəti ilə Boyoka departamentinə də səfər edib. Qonaqları Kolumbiyanın müstəqillik mübarizəsinin rəmzi sayılan Boyoka körpüsündə fəxri qaravul və hərbi orkestr qarşılayıb. Azərbaycanlı deputatlar P.Suareslə birlikdə "Müqəddəs Alov" abidəsinin önünə "Kolumbiya-Azərbaycan qardaşlığı" lenti bərkidilmiş əklil qoyublar. Daha sonra nümayəndə heyəti departamentin inzibati paytaxtı Tunxa və Paipa şəhərlərini ziyarət ediblər.
Facebook-da paylaş
