Onlayn qumar təşkilində təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb


Sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmələri başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə məhkəmənin baxış iclası keçirilib.

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

Prosesə ayrılan vaxt başa çatdığı üçün növbəti iclas oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər - Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.

Rəsmi məlumatda bildirilib ki, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.

Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. "Fast Loto", "CHCPlay" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.

Rəsmi məlumata görə, şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.

Məlumatda vurğulanıb ki, E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb.

Şəbəkə üzvlərinin mənzilləri, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobilləri müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktlarla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}