Şamaxıda ulu öndər Heydər Əliyevin anım gününə həsr edilən videokonfrans keçirilib
Şəffaflıq.az xəbər verir ki, videokonfransda Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək, ötən əsrin ikinci yarısından etibarən Azərbaycanın tarixi və taleyinin böyük öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı ilə fərqlənən Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Milli Məclisin deputatları Tamam Cəfərova, Vüqar İsgəndərov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili çıxışlarında bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbidir. Heydər Əliyevin hakimiyyətdə olduğu illər xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olub. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bu dahi lider hər zaman Azərbaycanın milli maraqlarını uca tutub. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə aqrar ölkə kimi tanınan ölkəmiz qısa müddətdə yüngül və ağır sənaye respublikasına çevrilib. Bir-birinin ardınca zavod və fabriklər istifadəyə verilib.
Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev hər zaman elm və təhsilə xüsusi önəm verib. Ulu Öndər 1970-1980-ci illərdə gənclərin respublikanın hüdudlarından kənarda təhsil almasına, yüksəkixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradıb. Rəhbərliyinin ikinci dövründə isə xalqı, ölkəni milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas edib. Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub.
Habelə vurğulanıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan 30 il düşmən tapdağı altında qalan torpaqlarını azad edib, işğalçı erməni ordusuna diz çökdürülüb.
Facebook-da paylaş