“ASAN İmzanın ASAN ailəsinə dəxli yoxdur” - OSMAN GÜNDÜZ

 

“Bu nəhənglikdə ASAN ailəsində ASAN-a dəxli olmayan yalnız bir şey var : ASAN İmza. Zamanında bu layihənin toxunulmazlığını təmin etmək üçün maraqlı şəxslər ASAN ailəsinə dəxli olmayan bu adı hələlik yeganə olan mobil imzaya “yapışdıra” biliblər”. 

 Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O. Gündüzün sözlərinə görə, “yalnız diqqətli olanlar seçə bilərdilər ki, ötən gün ASAN ailəsinin hesabatında bütün ASAN-ların uğurundan danışıldı , yalnız ASAN İmzadan başqa: “Çünki onun ASAN ailəsinə dəxli yoxdur”.

“Maraqlıdır, görəsən ASAN İmzaya görə, iki il bundan öncəki əsassız qiymət artımından sonra, hər ay 0.5 milyon manat qazanan Best Solutions bundan ASAN ailəsinə, onların hansısa bir tədbirinə və ya layihəsinə, startap ekosistemin inkişafına hansısa bir köməklik edirmi ? Bildiyim qədər belə bir hal olmayıb”,-deyə Osman Gündüz əlavə edib.

“Yazıq kirayənişin hər ay da 2.5 manat ASAN İmza üçün ödəniş etməlidir”

O. Gündüz onu da vurğulayıb ki, heç bir əsas olmadan ASAN İmzanın dairəsi məcburən genişləndirilir: “Təsəvvür edin ki, adi bir daxmada yaşayan kirayənişin də yeni elan olunan kirayə mənzillər mexanizmi layihəsinə qoşulub mənzil almaq istəsə, mütləq xeyli xərc çəkib, ASAN imza əldə etməlidir. Təbii ki, bununla bitməyəcək. Mövcud ASAN İmza sistemi, artıq onu necə deyərlər “asılı” vəziyyətə salır, yazıq kirayənişin hər ay da 2.5 manat ASAN İmza üçün ödəniş etməlidir. Bəs, nə üçün ASAN ailəsi özünə aid olmayan bu adın, həm də mənfi imic formalaşdırmaqla, hər ay xeyli mənfəət əldə edən bu brendin, dəxli olmayan bir qurumun, xarici vətəndaşa məxsus qurumun istifadəsində olmasına barışır. Düzü, özüm də bunu bilmirəm. Amma, düşünürəm və əminəm ki, bu cür davam etməsinin ASAN ailəsinə heç bir faydası olmayacaq. Həm də ASAN İmza bu vəziyyətdə mobil imza sahəsində ölkədə inhisarçı bir mühit formalaşdırmaqla, mürəkkəb mexanizim ilə ASAN-nın da cavabdeh olduğu rəqəmsal transformasiya prosesinin inkişafını da ləngidəcək”.

“ASAN özünə aid olan, daha asan və rahat bir mobil imza həlli hazırlasın”

O. Gündüz çıxış yolu olaraq təklif edib ki, ASAN həqiqətən özünə aid olan, daha asan və rahat bir mobil imza həlli hazırlasın. Düşünürəm ki, eGov Mərkəzi və İnnoland yığışıb belə bir həll təklif edə bilərlər. Bununla ASAN həm öz adını özünə qaytara bilərdi , həm də mobil imza sektorunda rəqabətli mühit formalaşdırıb qiymətləri endirə , vətəndaşlar üçün daha əlçatan və daha rahat, alternativ bir infrastruktur yarada bilərdi. Fikrimcə, təhlükəsizlik baxımından da bu, çox faydalı ola bilərdi”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}