50 yaşın mübarək olsun Fuad Abdulrazaqov


50 yaşın mübarək olsun Fuad Abdulrazaqov

 

Həmyerlimiz Abdulrazaqov Fuad Rafiq oğlu 28 aprel 1974-cü ildə Şamaxıda anadan olmuşdur. Evlidir, 3 övladı vardır.

O, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika, avtomatlaşdırılmış qurğular və sistemlər” fakultəsini bitirib bakalavr dərəcəsini almışdır. Daha sonra o, 2009-2011-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyənin idarə edilməsi” fakultəsini bitirib bakalavr dərəcəsi üzrə 2-ci ali təhsilini də almışdır.

1996-2001-ci illərdə Fuad Abdulrazaqov “N” saylı hərbi hissədə Qərargah rəisi vəzifəsini icra etmişdir. O, Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır və müharibə veteranıdır. 2001-ci ildə kapitan hərbi rütbəsində ehtiyyata tərxis edilmişdir.




2002-2007-ci illərdə o, Şamaxı Rayon İcra Hakimiyyətində Mülki Müdafiə Qərargahının rəisi, şöbə müdiri kimi əmək fəaliyyətini davam etdirmişdir.

2007-2011-ci illərdə Fuad Abdulrazaqov Şamaxı Rayon İcra Hakimiyyətində İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2011-2021-ci illərdə o, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Mədrəsə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmişdir.

2021-2023-cü illərdə Fuad Abdulrazaqov Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmişdir.

2023-cü ildən indiyədək o, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi əmək fəaliyyətini davam etdirməkdədir.

Fuad Abdulrazaqov həmçinin Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının Məlhəm kənd ərazisi üzrə sədridir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli, 2131 nömrəli sərəncamı ilə Fuad Rafiq oğlu Abdulrazaqov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Fuad müəllim doğma dilimizdən başqa, rus-dilini də yüksək səviyyədə bilir. Onun kompüter texnologiyasına dair “Microsoft Office Word” və “Microsoft Office Excel” paket proqramları ilə də işləyə bilmək bacarığı vardır. 

Bu gün – 28 aprel 2024-cü il tarixdə haqqında bəhs etdiyimiz Abdulrazaqov Fuad Rafiq oğlunun 50 yaşı tamam olur. Yuxarıda qeyd etdiyimiz faktlar Fuad müəllim üçün rəsmi göstəricilərdir. Bəs insana xas olan, lakin rəsmi sənədlərlə təsvir oluna bilinməyən keyfiyyətlər nələrdir...? Bunlar insanın Ailə və Vətən qeyrəti, vətənpərvərliyi, yüksək əxlaqi keyfiyyəti, sadəliyi, yüksək mədəniyyəti, vətəndaşlarla xoş davranmaq qabiliyyətidir – hansıki bu ali keyfiyyətlərin hamısı Fuad Abdulrazaqovun şəxsində vardır.

Hər kəs, dövlət qulluqçusu kimi çalışan Fuad müəllimin qəbuluna çox asanlıqla düşüb ona öz fikrini, təklifini və problemini deyə bilir. Fuad müəllimdə insanları dinləmək qabiliyyətinin yüksək səviyyədə olması ona qarşı vətəndaş sevgisi yaratmışdır. 

Biz “Şəffaflıq” qəzetinin əməkdaşları qeyd edirik ki, Fuad Abdulrazaqov 2020-ci ildəki Vətən Müharibəsində və ondan sonrakı dövrlərdə torpaqlarımızın düşmənlərdən tamamilə azad edilməsi üçün üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir - həm də bu baxımdan doğum gününün 50-ci ildönümünü qeyd etdiyimiz Fuad Abdulrazaqovun Vətən, Xalq və Dövlətimizin Rəhbərliyi üçün xüsusi yeri vardır. Odur ki, sidq ürəklə Vətəni, Xalqı və Dövləti üçün çalışan heç kəs biz mətbuat orqanlarının diqqətindən kənarda qalmır. 

Biz “Şəffaflıq” qəzetinin kollektivi olaraq hazırda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyən Abdulrazaqov Fuad Rafiq oğlunu 50 yaşının tamam olması münasibəti ilə təbrik edirik, ona işlərində uğurlar və can sağlığı arzulayırıq. Arzu edirik ki, belə nümunəvi şəxslərlə həmişə hər yerdə fəxr edək. 


hörmətlə, "Şəffaflıq" qəzetinin kollektivi  

adından qəzetin təsisçisi və baş redaktoru

Vahid İsmayılov 

  

 

   


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}