BP Sumqayıt Dövlət Universitetində yeni magistr proqramına start verib


Bu gün BP şirkəti Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramının yaradılması üçün iri bir təhsil layihəsinə başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, layihə əsasən Sumqayıt şəhərinin əmək bazarının, sənaye potensialının və xidmət sahələrinin ehtiyaclarını nəzərə alaraq düşünülüb.

Sənayenin tələblərinə uyğunlaşdırılmış yeni tədris proqramına kimyəvi proseslər, istehsal prosesləri və ekoloji dayanıqlılıq kimi sahələr daxildir. Proqramın təlim materialları xüsusi olaraq Sumqayıt şəhərinin sənaye və texnoloji müəssisə və şirkətlərinin ehtiyacları üçün hazırlanıb.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli hesab edirik ki, bu layihə mütəxəssis hazırlığının biznes və sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində növbəti uğurlu təşəbbüsdür: “Kimya mühəndisliyi ixtisasına ölkənin digər şəhərlərindən daha çox məhz Sumqayıtda ehtiyac duyulur. Azərbaycanın iri sənaye mərkəzlərindən biri kimi çoxsaylı müasir sənaye və texnoloji müəssisələrin yerləşdiyi Sumqayıtda yüksək ixtisaslı kimya mühəndislərinə böyük tələbat var. Digər tərəfdən, layihə bütövlükdə ölkə iqtisadiyyatı üçün kimya sənayesinin əhəmiyyətinin artdığı bir vaxtda həyata keçirilir. Ölkənin kimya potensialının mühüm hissəsi isə məhz Sumqayıtda yerləşir. Bu baxımdan ümid edirik ki, proqramın məzunları müasir texnoloji biliklərə, çevik qabiliyyətlərə, innovativ bacarıqlara yiyələnəcək, ən əsası isə doğma şəhərlərinin və ölkənin sənaye tendensiyalarının və iqtisadi inkişaf planlarının həyata keçməsi səylərinə böyük həvəs və enerji ilə qoşulacaqlar”.

Nəzərdə tutulur ki, yeni magistr proqramına ilkin olaraq iki ixtisas sahəsi - əsas üzvi sintezin kimyası və texnologiyası, və polimerlərin kimyəvi texnologiyası - üzrə 15 tələbə qəbul olunacaq. Gələcəkdə isə proqram genişləndirilərək əlavə dörd sahəni əhatə edəcək və növbəti beş il ərzində qəbul sayı ümumilikdə 95 nəfərə çatdırılacaq.

Layihə çərçivəsində yeni tədris proqramı və ümumilikdə yeni tədris məzmunu əsasında bilik və fənn bacarıqlarını təkmilləşdirmək məqsədilə universitetin 15-ədək müəlliminə təlim keçiləcək. Sonra bir qrup müəllim yeni məzmun əsasında təcrübə keçmək və öz fənləri üzrə ən son yenilikləri öyrənmək üçün xarici universitetlərə ezam olunacaq.

Proqramın müəllim heyəti ilə təcrübə, bilik və bacarıqlarını bölüşmək üçün aparıcı beynəlxalq təlimçilər və ekspertlər, tədris metodlarını və pedaqoji yanaşmaları genişləndirmək məqsədilə digər yerli universitetlərdən beş təcrübəli müəllim dəvət olunacaq.

Bundan başqa, layihə çərçivəsində proqramda iştirak edən tələbələr təhsil müddətinin əhəmiyyətli bir hissəsi ərzində sənaye müəssisələri tərəfindən həyata keçirilən layihələrə cəlb olunacaqlar. Bu onlara öz elmi işlərini sənayedən əldə etdikləri praktik biliklər əsasında yazmağa kömək edəcək. Həmçinin kimya mühəndisliyi və kimya laboratoriyaları və sinif otaqları müasir texnologiya və avadanlıqlarla yenilənəcək. Bunun sayəsində universitet sənaye müəssisələrinə yeni xidmət imkanları təklif etməklə onlarla sıx əlaqələr qura biləcək.

Müddəti 13 ay olan bu layihənin dəyəri 339 000 manatdan və ya 199 400 ABŞ dollarından çoxdur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}