Bakı Mühəndislik Universiteti İT ixtisasları üzrə fakültə açmağı planlaşdırır
Azərbaycanda yaxın bir-iki il ərzində informasiya texnologiyaları, xüsusən də kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin hazırlanmasında ciddi dönüşün şahidi olacağıq. Şəffaflıq.az xəbər verir ki, bunu Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev bu ali məktəbdə kibertəhlükəsizlik üzrə yeni laboratoriyanın açılmasına həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, bu ildən universitet informasiya texnologiyaları (İT) ixtisaslarını təhsilin əsas baza istiqamətinə çevirməyi və müvafiq fakültənin yaradılmasını planlaşdırır: “Əminəm ki, BP-nin dəstəyi ilə yaradılan kibertəhlükəsizlik laboratoriyası hər il İT sahəsinə 400 tələbə qəbul edəcək universitetimizdə təhsilin və təlimin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək”. Y.Piriyev bunun informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində aparıcı mütəxəssislərin hazırlanması üçün yerli təhsil potensialının dəstəklənməsi baxımından mühüm addım olduğunu vurğulayıb: “BMU ölkədə xüsusi olaraq kibertəhlükəsizlik sahəsində təhsil verən azsaylı ali təhsil müəssisələrindən biridir. Bu baxımdan, İT sahəsində ixtisaslı kadrların hazırlanması ilə ölkənin kiberimmunitetinin gücləndirilməsində mühüm rol oynayır”.
Facebook-da paylaş