Prezident İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Şəffaflıq.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib.
- Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür.
Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına təsir göstərir. Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.
Sonrakı illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər.
Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyub və qoruyur.
Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki, təhsilin səviyyəsi müəllimlərim peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.
Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur - müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi.
Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə, təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır.
Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır.
Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir.
Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə, bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər.
Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.
Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız.
Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz.
Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.
Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər diskussiyalar, müzakirələr, keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər.
Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır.
Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir.
Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir.
Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram.
Nazir Emin Əmrullayev dedi:
Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddır. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir.
Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir.
Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur.
Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək.
Sizə, bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.
Facebook-da paylaş