ABŞ Rusiyaya qarşı daha sərt addımlar atacaq

 

Müxalifət lideri Aleksey Navalnının tutulması Qərbin Rusiyanı yenə sanksiya ilə hədələməsi ilə nəticələnib. Üstəlik, ABŞ-da yeni prezident Co Baydendən Kremlə münasibətdə sərt mövqe gözləntiləri yaranıb. İndi maraqlı olan odur ki, Qərb Putinlə necə bacaracaq.


Şəffaflıq.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel fevralın 4-də Moskvaya Putinlə görüşə məhz Kremlin Qərblə konstruktiv münasibətə nə dərəcədə meylli olmasını aydınlaşdırmaq üçün gəlmişdi. İspaniyanın keçmiş xarici işlər naziri Brüsselə bir az da aşağılanmış qayıtmışdı. Onu Rusiya tərəfdən həmkarı ilə dialoqa girmək cəhdinə görə çox qınamışdılar.

Borrelin Moskvaya bir neçə günlük səfəri vacib həqiqəti ortaya qoymuşdu: Kreml həssas yanaşdığı məsələlərdə kompromisə getmək fikrində deyil. Söhbət daha çox Aleksey Navalnı məsələsindən gedir. Keçən ilin yayında onu aradan götürmək istəmişdilər. Müxalifətçinin həyatı Almaniyada xilas edilmişdi. Bundan sonra Navalnı vətənə qayıtmaq qərarı vermişdi və aeroportda tutulmuşdu. Qərb onun azadlığa buraxılmasını tələb edir. Rusiya yumşalmağı düşünmür.

Baydenin yanvarın sonlarında Putinlə telefon söhbəti yetərincə sərt alınmışdı. Məhz həmin söhbət göstərmişdi ki, Qərb-Rusiya münasibətləri soyumaqda davam edəcək.

Avropanın bəzi ölkələri, xüsusilə Almaniya və Fransa qarşılıqlı addımların tərəfdarıdır. Baltik və Şərqi Avropa ölkələri də fərqli mövqe göstərmir. ABŞ isə daha kəskin yanaşma yolunu seçib. Rusiya özünü pis aparanda Vaşinqton qarşı tərəfi qlobal düzəni pozmaqda ittiham edir. Diplomatik yol uğurlu alınmayanda ən son alət kimi sanksiyalar istifadə olunur. Son olaraq Putinə yaxın 35 nəfərin ABŞ maliyyə sisteminə çıxışını bağlamaq təklif edilmişdi. Senator Bob Menendes ümidlə demişdi ki, maliyyə cəzaları Putini Navalnını buraxmağa vadar edə bilər.

İndi məsələ ondadır ki, sanksiyalar daha Kremlin əhvalına təsir göstərmir. Moskva xüsusli milli maraqlarına toxunan məsələlərdə maliyyə cəzalarını vecinə almır. Əsas maraq da hakimiyyəti və ölkədaxili sabitliyi qorumaqdır.

Qərb nə qədər hədə-qorxu gəlsə də, Rusiya Ukraynanın şərqində çıxılmaz situasiya yaratmaqda davam edir. Kreml Suriyada Bəşər Əsədin tərəfini saxlamaqdan da geri çəkilməyib. Hətta Sergey Skripalın zəhərlənməsinə görə tətbiq olunan sanksiyalar da Rusiyanı Navalnıya qarşı eyni addımı atmaqdan çəkindirmədi. Rusiya ABŞ-ın ən çox sanksiya tətbiq etdiyi ikinci ölkə olsa da, son illər xarici siyasətində qəti dəyişikliyə yol verməyib.

Ənənəvi təsir vasitələri işə yaramır. Bayden administrasiyası nəsə təzə metod düşünməlidir. Politoloqlar ABŞ-ın yeni hakimiyyətinin reallığı yaxşı anladığını bildirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}