Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
Aprelin 25-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib. Şəffaflıq.az xəbər verir ki, F.Nəcəfli qeyd edib ki, təyin edilmiş hər hansı bir dövlət məmuru öz işinin öhdəsindən gəlməli, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməlidir. Dövlət məmuru ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir. F.Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir. Ancaq, bir çox hallarda müvafiq proqrmaların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik. Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Adıçəkilən Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir. F.Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikirini diqqətə çatdıran səlahiyyətli nümayəndə onu da bildirib ki, addımlarımızı elə atmalıyıq ki, Prezident cənab İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib. Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub. Qeyd edək ki, Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, 2023-cü il martın 15-də Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.
Facebook-da paylaş