39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb
Bu cür terror aktlarından biri də “VAN” əməliyyatı adı altında 24 sentyabr 1981-ci ildə Fransanın paytaxtı Paris şəhərində törədilib.
Həmin gin Vazgen Sislyanın rəhbərliyi ilə 4 nəfərlik erməni terrorçu qrupu Parisdəki Türkiyə konsulluğuna daxil olaraq 16 saat ərzində konsulluğun 56 əməkdaşını girov saxlayıblar.
Səhər saatlarında böyük bir ölkənin paytaxtında Vazgen Sislyan, Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyanın tapança, avtomat tüfəng və patlayıcı maddələrlə silahlanaraq heç bir maneə ilə üzləşmədən konsulluq binasını ələ keçirərək zəbt etməsi bir daha onu sübut edir ki, terror aktına əvvəlcədən ciddi hazırlıq görülüb və Parisdə terroçuların güclü dəstəyi olub.
Binanı tam nəzarətə götürdükdən sonra terrorçular öz tələblərini irəli sürüblər. Əsas tələb kimi Türkiyə həbsxanalarında cəza çəkən erməni terrorçularının və erməni “siyasi məhbuslar”ın azad olunması irəli sürülüb. Qarşı tərəf tələblərə rədd cavabı verib. Türkiyənin Fransadakı səfiri Adnan Bulak terrorçuların tələblərini belə cavblandırıb: “Türkiyədə erməni siyasi məhbuslar yoxdur və biz terrorçularla heç bir danışıqlara getmirik. Türkiyənin sizə rəsmi bəyanatı belədir…”
İstədiklərinə nail ola bilməyən terroçular konsulluq işçilərini ölümlə hədələyəndə mühafizə xidmətinin əməkdaşı Cəmal Özən müqavimət göstərib və erməni silahlıları tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, aldığı yaradan onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin konsul Kaya İnalı da ağır güllə yarası alıb.
Fransa xüsusi xidmət orqanları “VAN” əməliyyatına qarşı xüsusi əməliyyat hazırlayıb. Danışıqlar zamanı terrorçular yalnız bir halda konsulluğun binasını tərk edəcəklərini bildiriblər, onlar Fransa hökumətindən siyasi sığınıcaq və həbs olunacaqları təqdirdə siyasi məhbus statusu tələb ediblər. Terroçular zərərsizləşdirilən zaman qrupun başçısı Vazgen Sislyan və Akop Culfayan yaralanıblar. Onlar bir həftə xəstəxanada xüsusi nəzarət altında müalicə aldıqdan sonra “Fren” həbsxanasına saxlanılıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başlayıb. Cinayət materialları məhkəməyə veriləndə Parisdə yaşayan ermənilər terrorçuların müdafiəsinə qalxaraq nümayişlər keçiriblər, bəziləri isə məhkəmə prosesində iştirak etməyə də nail olublar.
Təəcüblü məqam odur ki, cinayət (terror aktı) ağırlaşdırcı maddə olaraq qrup şəklində törədildiyi, hadisə zamanı bir nəfərin öldürüldüyü və bir nəfərin yaralandığı, qanunsuz silahın gəzdirildiyi, 56 nəfər konsulluq əməkdaşının 16 saat qorxu içində saxlanıldığı, konsulluq binasına maddi ziyan vurulduğu faktları təsdiq olunmasına baxmayaraq, məhkəmə terroçuları cəmi 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib və məhkəmə hökmündə terrorçular siyasi məhbus kimi qeyd olunub.
Terrorçular cəzalarını “Flori Merojes” həbsxanasında çəkiblər. 6 avqust 1986-cı ildə onlar azadlığa buraxılaraq Livana göndəriliblər. Aram Basmacyan cəzasının ilk ilində intihar edib. Terorçu qrupun başçısı Vazgen Sislyan 1988-ci ildə Ermənistana gedib. Terrorçu hava limanında baş nazir səviyyəsində qarşılanıb. O, İrəvanda mənzil və işlə təmin olunub. 1988-1994-cü illərdə Qarabağda separatçı rejimin ordusunda ən fəal döyüşçülərdən biri olub.
Vazgen Sislyan Ermənistan rəhbərliyindən həmişə maddi və mənəvi dəstək alıb və İrəvanda Ermənistan dövlətinin büdcəsi hesabına terrorçulardan ibarət təşkilat saxlayıb və bu gün də həmin təşkilat fəaliyyət göstərir.
2016-cı ilin aprel hadisələrində də Vazgen Sislyan terrorçu dəstəsi ilə Qarabağda olub. Amma Azərbaycan ordusunun gücünü gördükdən sonra, meydanın ona məxsus olmadığını anlayan Sislyan Ermənistana qayıdıb. Son illərdə tez-tez Ermənistannın kütləvi informasiya vasitələrinə müsahibələr verən terorçunun çıxışlarında onun siyasi proseslərə müdaxiləsi açıq-aydın hiss olunur. Həm əvvəllər Ermənistanın rəhbərliyində olan Qarabağ klanını, həm də mövcud hakimiyyəti sətiraltı tənqid edən Vazgen Sislyan bəlkə də bununla yeni terror planlarını hazırlayır. Yəqin ki, onun bu dəfəki hədəfi elə ermənilərin özü olacaq. Qarışıq Ermənistanda bu prosesin gerçəkləşməsi təbii və labüddür.
Qeyd edək ki, Vazgen Sislyan 1956-cı ildə Beyrutda anadan olub. 1979-cu ildən, 23 yaşından erməni terror hərəkatına qoşulub. 25 yaşından “ASALA”-nın terrorçu qruplarından birinə başçılıq edib./musavat.com/
Facebook-da paylaş