Paşinyan Əsədə dəstək göndərdi, ABŞ-dan reaksiya gəldi: “RUSİYANIN VASSALI...”
Ötən ilin dekabr ayında keçirilən parlament seçkilərindən sonra Ermənistanın yeni rəhbərliyinin Rusiyaya reveransları göz görəsi artıb. Yeni hökumətin parlamentdə təsdiqlənmə ərəfəsində olan 5 illik proqramında nələrin yer aldığı barədə ötən sayımızda yazmışıq. Həmin sənəddə ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi əks olunur.
“Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” - sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.
Dünən isə məlum olub ki, Ermənistan Rusiyaya xoş gəlmək üçün daha bir jest edib: baş nazir Nikol Paşinyan Suriyaya - Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərib. Məlumata görə, fevralın 8-də minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən yazıb. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçiriləcək. Bu faktın özü də özünü qərbyönlü sayan Ermənistanın yeni rəhbərliyinin Rusiyaya növbəti reveransıdır. Eyni zamanda, İrəvanın Suriya məsələsində Moskvanın siyasətini bütünlüklə dəstəkləməsi deməkdir. Ən əsası, belə bir gediş işğalçı ölkənin Rusiya orbitindən çıxmaq istəmədiyinin, İrəvanın Kremlə sədaqətinin növbəti nümayişidir. Hansı reveranslar ki, Qərbin aparıcı paytaxtlarında yəqin ki, ciddiyə alınacaq. Qeyd edək ki, Suriyadakı Bəşər Əsəd rejim də Moskvaya sədaqəti ilə seçilir. O dərəcədə ki, ötən il Kremlin şübhə doğurmayan birbaşa diktəsi ilə Suriya Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Suriya müsəlman ölkələri arasında ilk ölkə, Rusiyadan sonra ikinci ciddi ölkədir ki, bu addıma gedib. Nəticədə Tiflis Dəməşqlə bütün siyasi-diplomatik əlaqələri kəsib. Yeri gəlmişkən, məhz bu ərəfədə - Nikol Paşinyanın Bəşər Əsədə dəstək qrupu göndərdiyi vaxtda ABŞ Konqresinə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Suriya tərəfindən tanınmasını sərt şəkildə qınayan qətnamə layihəsi daxil olub.
“Yeni Müsavat”ın gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə konqresmen Frensis Runi dünən Vaşinqtonda olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşündə bildirib. Məlumata görə, qətnamə bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində ABŞ-ın qəti mövqeyini ifadə edir, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir.
“Gürcüstan - Avrasiya regionunda sülhün və demokratiyanın yayılmasında Birləşmiş Ştatların etibarlı tərəfdaşıdır. Biz Rusiya Federasiyasının vassal dövləti (”client state") - Suriya Ərəb Respublikası tərəfindən Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınmasını məhkum edirik", - deyə sənəddə vurğulanır. ABŞ Konqresinin sözügedən sənədi qəbul ediləcəyi heç bir şübhə doğurmur. Azərbaycan kontekstində önəmlisi odur ki, onun “küləyi” Kremlin başqa bir vassalına - Bəşər Əsəd rejiminə kömək göndərən Ermənistana da dəyə bilər. Başqa sözlə, bunu ABŞ-dan İrəvana və Dəməşqə ortaq xəbərdarlıq mesajı da hesab eləmək mümkündür.
Xatırladaq ki, ötən ilin oktyabrında regionda, o cümlədən Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Paşinyanla görüşdə Ermənistana Rusiya orbitindən uzaqlaşmaq və Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün konkret addımlar atmağa çağırmışdı. Bundan ötrü ilk növbədə Dağlıq Qarabağ məsələsində İrəvanın konstruktiv mövqe tutması tələb olunur - hansı məqam ki, həm Boltonun İrəvan bəyanatında, həm də bu yaxınlarda prezident Donald Trampın Nikol Paşinyana təzədən baş nazir seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda əskini tapıb. Tramp hətta bu məsələni Ermənistanın öz qonşuları ilə sülh şəraitində yaşaması və inkişafının əsas şərti və həyati məsələ kimi vurğulamışdı.
Nəhayət, ona da şübhə qalmır ki, İrəvan istər Rusiya ilə münasibətlərdə, istərsə də Dalıq Qarabağ məsələsində sələflərinin siyasətini davam etdirəcəyi və indiki status-kvonu saxlayacağı təqdirdə nə Amerikanın, nə də bütövlükdə Qərbin mühüm maliyyə dəstəyini ala bilməyəcək. Demək, indilikdə Moskvanın etibarlını qazanmağın yollarını axtaran Paşinyanın öz xalqına vəd elədiyi islahatlar da vəd olaraq qalacaq. İqtisadi inkişaf əvəzinə isə, Ermənistan böyük müharibə riskinə tuş gələcək.../musavat.com/
Facebook-da paylaş