Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı: Repressiya qurbanı olan, nakam taleli şair Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılmayıb, Puta qəsəbəsindəki gizli məzarlıqda digər repressiya qurbanları ilə birgə basdırılıb. Puta qəsəbəsində qazıntı da aparıldı. Aşkar olunan cəsəd qalıqlarının Müşfiqə aid olması ehtimalı var. Hazırda DNT analizinin nəticələri səbirsizliklə gözlənilir.
Bu barədə mətbuatda bir çox sözlər deyildi. Müxtəlif insanlardan, tarixçilərdən, ziyalılardan faktla bağlı münasibət öyrənildi.
Məlum hadisə ilə bağlı hələ də müxtəlif səpkili fikirlər səsləndirilir. Kimi məsələyə pozitiv, kimi isə neqativ yanaşır.
Moderator.az xəbər verir ki, Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, repressiya dövrünün ən məhsuldar araşdırıcılarından olan Aslan Kənan sayta açıqlamasında öz ehtimalını irəli sürüb:
“Kitabımda da qeyd etmişəm, o dövrlə maraqlananlar da yaxşı bilirlər ki, güllələnmə hökmü çıxarılandan 20 dəqiqə müddətində həyata keçirilirdi.
Arxivlərdə də göstərilir ki, Müşfiq gecə ikən, ayın 5-dən 6-na keçən gücə güllələnib.
Amma mən heç cür ağlıma sığışdıra bilmirəm ki, Müşfiqi güllələyib, ardınca da haradasa dəfn etsinlər.
O dövrün özündə Mikayıl Müşfiqi şəxsən tanıyan adamların sayı bir o qədər də çox olmayıb.
İnanmıram ki, bu qətli yerinə yetirənlərdən, ədəbi cameəyə məxsus insanlardan və azsaylı oxuculardan başqa Müşfiqi çox adam tanıya... İndiki kimi deyildi – televiziya yox, təbliğat vasitəsi yox...
Arabir məktəblərdə görüşlər olardı. Ona görə bu faktı səsləndirirəm ki, o dövrdə Müşfiqin güllələnmədən sonrakı dəfni haqqında çox az adamın bilgi alma ehtimalı ola bilər.
Yəni bu fakt da səsləndirilən ehtimalı zəiflədir.
DNT analizi məsələni gözləmə mövqeyində saxlayır. Vaxtilə alimlərimizdən biri də bu barədə ejtimal irəli sürmüşdü. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma şəxsən mənə inandırıcı görünmür”.